(Əvvəli bu linkdə:https://sia.az/az/news/literature/818038.html)

- Cənab polkovnik, hər şey əmrinizə uyğun gedir, uşaqlarda salamatdır. İnşallah düşməni bu əməliyyatla məhv edəcəyik...

Hövsələsizlik edən, polkovnik - şəxsi heyətləri, silah sursatları barədə nə öyrənə bildiniz, - deyə sual etdi.

Asif Bəşirov korpus komandirinin səbirsizliyini başa düşdüyündən onu intizarda qoymadı:

- Cənab polkovnik, Gürzalı, Xarxaput, Buzluq, Mənəş, Ruskie Borisı, Armyanskie Borisı, Başkənd və Gülüstan kəndlərində toplanmış erməni-rus birləşmələrinin ümumi sayı 2000-2500 nəfər olar. Əsgəran, Xramurd, Xanabad, Fərrux, Mənikli, Naxçıvanik kəndləri ərazisində isə hücuma hazırlıq görən təqribən 2000 nəfər şəxsi heyətləri var. Aralarında xaricdən gələn muzdlu silahlılarda gözə dəyir...

Polkovnik - güllə bu xaricdən gəlib, bu yerli ermənidir seçimini etmir, haqladı cəhənnəmə göndərir. Bu əməliyyatımızda da belə olacaq, - deyə kəşfiyyat komandirinin təlaşına son qoymağa çalışdı.

Bəşirov:

- Xaricdən gələnlər silah-sursatla davranmaqda təcrübəlidirlər. Erməni daşnaklarını da onlar öyrədir.

Polkovnik Bəşirovun sözlərinə gülə-gülə cavab verdi:

- Ermənilərə kim köməyə gəlirsə, gəlsin, hamsının axırına çıxacağıq. Bütün dünya erməniləri ABŞ-da doğulan, ASALA erməni terror təşkilatının ideoloqlarından olan və Qarabağa gəlib yüzlərlə dinc insanı qətlə yetirən Monte Melkonyanla fəxr edirdi. Ötən həftə kəşfiyyatçı İbad Hüseynov dəstəsi ilə, onu Muğanlı istiqamətində gedən döyüşdə haqlayıb, başını kəsib gətiriblər. İndi bütün Ermənistan, erməni lobbisi yasa batıb....Nə isə, de görüm, kəşfiyyat zamanı ermənilərin silah-sursatları barədə nə öyrənə bildiniz?

Bəşirov polkovnikin sərt, həm də soyuqqanlı şəkildə dediyi sözlərdən təsirləndi, oturduğu stulda hərbi görkəm alıb dedi:

- Cənab polkovnik, 5 tankları, 10-a qədər PDM-ləri, 4 artilleriya, 5 raket qurğuları, 12 təkərli və tırtıllı nəqliyyat vasitələri var. Əskəranda bir, Şaumyan kənddə də bir döyüş helikopterini gördük. Bu məlumatların dəqiqləşdirilməsində bizə, ələ keçirdiyimiz iki girov kömək etdi.

- Dinc sakinlərdir?

- Xeyr, cənab polkovnik, onlar Yerevandan zor gücünə gətirilib, döyüşə məcbur edilənlərdəndir.

- Topladığınız məlumatlar yəqin ki, dəqiqdir?

- Elədir ki, var cənab polkovnik. Yanlışlıq olmasın deyə, silahlı ermənilərin sayı, texniki təchizatları, tutduqları mövqelər tam şəkildə tərəfimizdən kamera ilə lentə alınıb.

Aldığı informasiyadan məmnun olan təcrübəli zabit qaşlarını çatıb, gözlərini otağın pəncərəsindən görünən qarlı dağlara dikdi. Sonra ayağa durub, Bəşirova yaxınlaşdı. Kəşfiyyat komandiri də ayağa durmaq istədi, ancaq polkovnik əlini nəvazişlə onun çiyninə qoyub - otur-otur, - deyib ayağa durmasına mane oldu.

Komandir otaqda qayğılı halda iki dəfə gedib, gəldikdən sonra Bəşirovun bərabərində dayanıb, dedi:

- Sağ olun, Bəşirov, bu Vətən, bu xalq sizlərin fədakarlığınızı, qəhrəmanlığınızı unutmayacaq.

- Cənab polkovnik, sağ ol üçün döyüşmürük. Bu bizim Vətən qarşısında borcumuzdur. Azərbaycanlı uşaqları, qadınları, ahıl yaşlı qocaları erməni əsirliyində görmək çox ağırdır. İşğal olunan kəndlərdə ermənilərin törətdikləri vəhşiliklər cavabsız qala bilməz.

- Cavabsız qalmayacaq. Onlara elə dərs verəcəyik ki, havadarları belə burdakı ermənilərin ağır gününə yas qurub, göz yaşı tökəcəklər.

- Cənab polkovnik, bu hücum planıı uğurla başa çatsa Şaumyankənd, Əskəran və digər yaşayış məskənləri azad ediləcək. Tərtər, Goranboy, Xanlar və Gəncə üçün erməni təhlükəsi birdəfəlik aradan qaldırılacaq.

- Yəni deyirsən bir əməliyyatla Qarabağ döyüşlərində dönüş etmək mümkün olar?

- İxtisasca tarix müəllimi olan Asif Bəşirov tarixi xatırlatma etdi:

- Cənab polkovnik, bugünki kimi 1918- 1920-ci illərdə də ermənilər Qarabağda işğal siyasəti həyta keçirmişlər. Erməni təcavüzünün qarşısını almaq məqsədilə xalq cumuhuriyyəti general-mayor Həbib bəy Səlimovun başçılıq etdiyi 20- minlik qoşunu Qarabağa göndərir. Qanlı döyüşlərdən sonra Azərbaycan Ordusu Əsgəran və Xocalını ermənilərdən təmizləyir, Şuşaya, Xankəndinə sahib çıxır, bütün Qarabağ erməni silahlı dəstələrindən azad olunur.

Polkovnik Məmməd Cavadzadə yanıqlı köks ötürüb - kaş tarix bizim zamanımızda təkrarlanaydı, gələcək nəsillərə qalmayaydı, - deyə bildirdi.

Kəşfiyyat komandri tarixin xoş məqamlarından yeni bir epizod xatırlatdı:

- Məmməd müəllim, o dövrdə Zəngəzur və Göyçənin də azad edilməsinə imkanlar yaranıbmış. Bu barədə general-mayor Həbib bəy Səlimov Hərbi Nazirliyə Zəngəzur və Göyçədə də Azərbaycanın suverenliyinin tam bərpa edilməsi üçün əmr gözlədiyini bildirir, müsbət cavab da alır. Ancaq bolşevik Rusiyası Azərbaycanı işğal etmək üçün hərbi əməliyyatlara başladığı üçün tarixi ərazilərə sahiblənmək başa çatdırılmır.

Məmməd Cavadzadə ayağa durub əsəbi formada əllərini ölcə - ölcə dedi:

- Bəşirov, bizim general-mayor Həbib bəy Səlimov kimi parlaq sərkərdələrimiz olub. O cür simaların yetirməsi, daşıyıcısı olan bizlərin ermə-ninin qarşısından geri çəkilməyə, ulularımızın qəbirlərini, yaşadığımız məskənləri qoyub getməyə haqqımız yoxdur. Qanımız və canımız baha-sınada olsa, üzərimizdəki ləkəni götürməliyik.

Bəşirov polkovnikə təskinlik verməyə çalışdı:

- Cənab polkovnik, alnımız açıqdır, döyüşən, bu torpaqların hər qarşı üçün canını verməyə hazır olan mərd oğullarımız var. Sadəcə, təkbaşına vuruşmağa üstünlük verən müxtəlif könüllü batalyonlar var ki, bu da vahid güc mərkəzinin təşkil edilməsinə problemlər yaradır. Gücümüzün birləşdirilməsi üçün Bakı iş görməli, hərəkətə keçməlidir. Bakı isə susur, əlaqə qurmaq, vəziyyəti də anlatmaq olmur...

Polkovnik ona fikrini tamamlamağa imkan vermədi:

- Bəşirov onlar siyasətçi, biz isə hərbiçiyik. Siyasətçilərin nəyin davasını apardıqlarını özləri və vicdanları bilər, bizə son nəfəsimizə qədər bu Vətən qarşısında əsgəri borcumuzu yerinə yetirmək qalır...

Qapının döyülməsi ilə kəşfiyyat-diversiya dəstəsinin, mühəndis-istehkam alayının, beş könüllü batalyonun və vzvodun komandirləri içəri daxil oldular. Zabitlər hərbi salam verib, polkovnik Məmməd Cavadzadə ilə, daha sonra baş leytenant Asif Bəşirovla əl tutub görüşdülər. Əyləşincə Məmməd Cavadzadə masanın üstünə xəritə qoyub əməliyyat planının hücum nöqtələrini göstərməyə başladı. Polkovnik danışdıqca komandirlər başlarını aşağı yuxarı edir, onunla razılaşdıqlarını bildirirdilər. Söhbət, bələdçi məsələsinə gələndə Mühəndis İstehkam Alayının komandiri Bəxtiyar Hacıyev polkovnikə etirazını bildirdi:

- Bizim əksəriyyətimiz bu ərazilərin hər dağına, düzünə, hər cığırına bələd olan insanelarıq, bələdçilərə nə ehtiyacımız var?

- Belə baxanda düz deyirsən, bizlər bu yerlərdə doğulub, boya-başa çatmış insanlarıq, amma bələdçilərin bizim dəstələrə nə ağırlığı ola bilər ki, - deyə 4-cü könüllü özünü müdafiə alayının komandiri Fərəc Ağayev suala-sualla fikir bildirdi.

Kəşfiyyat-diversiya dəstəsinin komandiri Bilal Kazımov uzun döyüş yolu keçmiş, təcrübəli hərbiçi Bəxtiyar Hacıyevin təklifinin arxasında cox böyük məna, milli maraqlara söykənən təklif dayandığını təxmin etdiyindən - bələdçilərlə bağlı, bəlkə nəsə bilirsiniz, - deyə söhbətin açıq məcrada davam etdirilməsinə çalışdı.

Kapitan Bəxtiyar Hacıyev gizlinləri dilə gətirmək üçün dedi:

- Niyə çox böyük peşəkarlıqla hazırlanmış bir neçə əməliyyatlarımız iflasa uğrayıb? Bunu araşdıran, təhlil edən olubmu?

AXC-nin Ağdam rayon təşkilatının sədri, 3-cü könüllü özünü müdafiə alayının komandiri Səbuhi Xudiyev söz atdı:

- Çünki əməliyyyatlar mərkəzlə razılaşdırılmamışdı.

Bəxtiyar Hacıyev tövrünü pozmadan dedi:

- Daşaltı əməliyyatını şəxsən müdafi naziri özü hazırlamışdı, nə oldu? Onlarla igid oğullarımızı pusquya salıb məhv etdilər. Cəmilli, Kərkicahan, Meşəli əməliyyatları da elə.

Səbuhi Xudiyev söz demək istəyərkən, Məmməd Cavadzadə mübahisə yarana biləcəyindən ehtiyat etdiyindən müdaxilə etdi:

- Hacıyev bəlkə bildiyini bizimlə bölüşəsən.

- Cənab polkovnik, düşünürəm ki, hücüm əməliyyatlarının uğursuzluğa düçar olmasında bələdçilərin satqınlığı, xəyanətləri xüsusi rol oynayıb.

Səbuhi Xudiyevin acıqlı səsi eşidildi:

- Sübutun varmı?

Bəxtiyar Hacıyev - onu mən yox, hərbi nəzarət idarəsi sübut etməlidir - deyə açıq hiss olunan əsəbi səsi ilə bildirdi. Sonrada təklifini səsləndirdi:

- Hərbi əməliyyatda bələdçilər iştirak etməsin. Bu dəqiqədən etibarən, hərbi əməliyyata cəlb olunmuş, bələdçilər müvəqqəti həbs olunsun və ya nəzarət altına alınsınlar.

Kəşfiyyat dəstəsinin komandiri Asif Bəşirov da neçə vaxtdır ki, içini didib, parçalayan şübhələrini dilə gətirməli oldu:

- Bəxtiyar Hacıyev haqlıdır, çoban Xudunun Naxçıvanik dağlarında qoyun otardığını görmüşəm. Cəbi kişinin oğlu Poladı səhərə yaxın Xramortdan gələndə bizim uşaqlar tutublar, sonrada buraxıblar. Belə misallardan çox çəkmək olar. Qısası, bələdçilərdən imtina olunmalıdır.

Hər kəsin susduğunu görən, Məmməd Cavadzadə bunu razılıq əlaməti kimi başa düşdü və əməliyyat planını sonuncu dəfə elan etdi:

- Bəxtiyar Hacıyevin dəstəsi Nəbilər kəndindən keçərək Qızılqaya hündürlüyünə qalxmalı və Daşaltıdan Sığnağa aparan yolu, Alxas Mehdiyevin dəstəsi isə Daşaltıdan Şuşakəndə aparan yolu kəsəcəklər. Yolun sağında və solunda Səbuhi Xudiyevin və Yaqub Qasımovun alayları yerləşərək mənim hücum əmrimi gözləyəcəklər. Bəxtiyar Hacıyevin dəstəsi Nəbilər kəndindən Daşaltını atəşə tutacaq. Ermənilər cavab atəşi açmağa başlayanda Səbuhi Xudiyevin və Yaqub Qasımovun alayları kəndə yaxınlaşıb ermənilərin atəş nöqtələrini müəyyənləşdirərək məhv edəcəklər. Bu dəstələrin arasında gedən Bilal Kazımovun kəşfiyyat-diversiya dəstəsi Fərəc

Ağayevin alayının yardımı ilə Daşaltıya girib, kənddəki erməni hərbi bazasını məhv etməlidir. Bütün alaylar lazım olan nöqtəyə çatdıqdan sonra Buzluq, Mənəş, Gürzalılar, Xarxaput, Ruskie Borisı, Armyanskie Borisı, Baş-kənd və Gülüstan kəndlərinə hücum ediləcək, Əsgəran, Şaumyankənd, Xramurd, Xanabad, Fərrux, Mənikli, Naxçıvanik kəndləri erməni hərbi birləşmələrindən təmizlənəcək. Əsas qüvvələrə dəstək üçün, azad olunan kəndlərin ətrafındakı yüksəkliklərdə snayperlər yerləşdiriləcək. Havadan əməliyyatlara iki qırıcı-həmləedici SU-25 təyyarəsi köməklik göstərəcək. Əməliyyat səhərə yaxın başlayacaq. Çalışın dinc əhaliyə ziyan dəyməsin.

Polkovnikin əməliyyat planı barədə qətiyyətlə, əzmlə danışması masa ətrafında oturan komandirlərdə döyüş əhval-ruhiyyəsini artırsa da son fikri narazılıq yaratdı. Yaqub Qasımov açıq şəkildə etirazını bildirdi:

- Bizdən yaşda kiçik olsan da, təcrübənə güvənirik və torpaqlarımızın yağı düşməndən azad edilməsi xatirinə sizin planlarınızı bəyənir, əmrlərinizi yerinə yetirəcəyimizə söz veririk. Amma qana-qanla cavab verəcəyik. Onlardan mən oğlumun, Səbuhi iki qardaşının, Bəxtiyar qardaşı oğlunun və digərləri də dostlarının, qohumlarının qisasını alacaqlar.

Səbuhi Xudiyev də Yaqub Qasımovla həmfikir olduğunu söylədi və ayağa qalxdı. Məmməd Cavadzadə sakit keçən əməliyyat toplantısının sonunda yaranan pərtliyi aradan qaldırmaq üçün dedi:

- Yaxşı, necə istəyirsinizsə, elə də edin.

Bəstə boy, 55-60 yaşlarında, əynində qara rəngli qısa palto olan Yaqub Qasımov yaxınlaşıb, gülərüzlə onu qucaqlayıb, öpdü və dedi:

- Sizin bu xeyirhax ürəyinizə quzu kəsim ay polkovnik, biz vəhşi deyilik, ancaq əli silahlı erməniləri necə lazımdırsa elə də mühakimə edəcəyik.

Məmməd Cavadzadə bu günə qədər hər çür silahlarla silahlanmış erməni-rus hərbi birləşmələrinin Azərbaycanın içərilərinə soxulmalarının qarşısının alınmasında böyük şücaətlər, qəhrəmanlıqlar göstərmiş, cəbhəboyu uzun döyüş yolu keçmiş bu hərbçiləri başa düşdüyündən Yaqub Qasımovun sözlərinə şərh vermədi, sadəcə gülümsədi.

Komandirlər getdikdən sonra Məmməd Cavadzadə köməkçisinə tapşırıq verdi: Hücum əməliyyatında iştirak etmələri nəzərdə tutulan 9 bələdçinin

hamısı hərbi hissəyə dəvət olunsun və əməliyyat başa çatdırılana qədər heç bir yerə buraxılmasınlar.

*** *** ***

Qışın qarlı, şaxtalı havasına baxmayaraq dənizkənarı bulvarda çoxsaylı insan vardı. Ora-bura vunuxan insanlar arasında dəniz havası alanlarla yanaşı vaxt keçirənlər və qoşa gəzən sevgililərdə gözə dəyirdi. Bayaqdan istəmədən ətrafda baş verən hadisələri müşahidə edən Alı yenidən saatına baxdı. - Bu qız deyəsən gəlməyəcək, hə gələməyəcək, -deyə öz-özünə söyləndi. Dərhal da bədbin fikirləri beynindən uzaqlaşdırmaq üçün - yox mütləq gələcək, Aysun ciddi, həm də məsuliyyətli qızdır, insanın hissləri ilə oynamaz, - deyə düşündü.

Diqqətlə, bəlkə də yüzüncü dəfə "Azadlıq" meydanı tərəfə boylandı. Aysunun gəlmədiyini görüncə, yenidən sağına-soluna baxdı. Gəmilərə diqqət kəsildi, qağayıların uçuşunu izlədi, - salam- səsini eşidincə, dənizdən gözlərini çəkib, sağına baxdı, Aysun idi. İstədi sevincindən onu qucaqlayıb bağrına bassın. Tezdə özünü ələ alıb, ciddi görkəm aldı.

- Salam Aysun, ha tərəfdən gəldin, - deyə çaşqın halda sual verdi.

Qaraqaş, qaragöz, ağ yanaqlı Aysun Alıya baxmadan - əsas odur ki, burdayam, amma tələsirəm, atam işdən gəlib məni evdə görməsə, halım, fəna olacaq, - deyə bildirdi.

Alı Aysungilin ailəsində ciddi nizam-intizam qaydalarının hökm sürdüyünü bilirdi. Dəfələrlə universitetdə hansısa tədbir və ya kiminsə ad gününü qeyd etməyə hazırlaşarkən, Aysunun iştirakı sual altında olardı. Aysunun da ad günündə iştirakını təmin etmək üçün qrupun qızlarından iki -üçü onun anası Yaqut xala ilə, görüşər və ya telefonla danışıb dil-ağız edərdilər. Anası Yaqut da Aysunun atası Qafar müəllimlə danışandan və onun da razılığını alandan sonra, bir-iki saatlığa qızına icazə verərdi.

Alının səsi eşidildi:

- Axı mən səhər hərbi xidmətə gedirəm, bunu bilmirsən?

Aysun hərbi xidmətin Qarabağ, Qarabağın isə qanlı döyüşlər olduğunu bilirdi. Ona görə də susdu. Qeyri-ixtiyari gözündən süzülən yaşı paltosunun qolu ilə silib, gözlərini Alının gözlərinə dikdi.

- Bəlkə, getməyəsən.

- Bu mümkün deyil, artıq hərbi komissarlıqdan çağırış vərəqi gəlib, imtina etsəm, hərbi tribunala verərlər.

- Onda möhlət al.

Alı çaşıb qalmışdı. Bir zaman onu gözəlliyi və əxlaqı ilə dəli-divana edən və üçüncü kursa qədər arxasınca süründürən Aysun bu gün onun qarşısında dayanıb hərbi xidmətə getməməsi üçün göz yaşı tökürdü.

Aysun susmaq bilmirdi, sanki Alını buraxsa, onun bütün arzuları, planları məhv olacaq, mövcudluğuna, yaşayışına son qoyulacaqdı.

- Mən səni sevirəm Alı, özü də lap çox. Bu dəniz, bu göy qədər.

- Məndə səni sevirəm, Aysun, ağlama, bu mənə pis təsir edir. Bir il nədir ki, gözümüzü açıb, yumunca, gəlib keçəcək.

- Yox, mən çox narahatam, səndən uzaqda qalmaqdan, səni itirməkdən qorxuram.

Alı təhsil aldığı Bakı Dövlət Universitetinin bütün ictimai işlərində fəallıq göstərərdi. Qəddi-qamətli, gözəl simalı bu gəncin idmanın karate növündə çoxsaylı uğurları da vardı. Dəfələrlə Azərbaycan birincisi olmuşdu. Avropa çempionu idi, Azərbaycan himninın səsləndirilməsinə, bayrağının ən yüksəklərə qaldırılmasına nail olmuşdu. Ədəb-ərkanı, böyük-kiçik yeri bilməsi ilə də seçilirdi. Ona görə də nəinki universitetdə, ümumiyyətlə, Azərbaycanda hamı onu sevirdi. Qızlar onunla üz-üzə gəlmək, söhbət etmək üçün müxtəlif variantlardan istifadə edib, cəhdlər göstərirdilər. Məktub yazmaq, kitabların arasında vərəqələr göndərmək, evlərinə zənglərin edilməsi adi hala çevrilmişdi. Alının isə sevdiyi, bağlandığı bir insan vardı - Aysun. Aysun da öz növbəsində Alıya bağlı idi. Sonuncu kursda ilahi bir məhəbbət onların bir-birinə vəd verməsi ilə nəticələndi. İndi bu çütlük baş-başa qalıb, heç bir qurur, təkəbbür bilmədən hisslərini açıq şəkildə birüzə verirdilər. Universitetin yeməkxanasında bir-neçə dəfə çay içib, çörək yemişdirlər. Dərsdən çıxandan sonra avtobus dayanacağına qədər ayaqüstü söhbətlərdə etmişdirlər. Bu isə onların saf, təmiz sevgilərini büruzə verdikləri

ilk görüş idi. Alı düşüncələrə qərq oldu, doğrudan da ilk görüşün çox qəribə, mənalı anları olur. Bu anların xoş hisslərini isə qələmlə yazmaq və ya fırça ilə təsvir etmək mümkün deyil. İlk görüş sevənlərin ən əziz xatirələri kimi qəlbin dərin və gizli guşələrində silinməz izlər buraxır.

Alını xəyal aləmindən Aysunun səsi və qolunu silkələməsi ayıltdı.

- Nə olub, nə fikrə getmisən, - deyə Aysun nazlı baxışları ilə onu süzdü.

Bu baxışlar qəribə, həm də tilsimli idi. Alı özünü ələ alıb, Aysuna baxdı:

- Mən səni çoooox sevirəm, Aysun , çooooox. Elə istəyirəm ki, bu görüşümüz bitməsin!..

- Mən də istərdim, amma indi anam evin pəncərəsindən boylanıb məni gözləyir.

- Bəlkə gedək, bir yerdə oturub, çörək yeyək, çay içib, söhbət edək.

Bu təklif gözlənilməz olsada, Aysunun susması, Alıda bir ümid yaratdı.

- Hərbi xidmətə getməyimə görə bizim evdə məclis təşkil olunacaq. Dost, tanış, qohum, əqraba yığışıb yeyib- içəcəklər. Amma mən səninlə ol-maq, bu gözəl anları səninlə yaşamaq istəyirəm.

- Sən necə istəyirsən, elə də olsun. Ancaq anama zəng edib, nəsə bir bəhanə deməliyəm.

Sevən çütlük razılaşıb, şən qayğısız şəkldə bulvardan çıxıb, metro istiqamətinə addımladılar. Metronun girişində qoyulan, telefon budkasına yaxınlaşan Aysun evlərinə zəng etdi. Kənarda dayanıb, intizarla Aysunun hansı cavabla gələcəyini gözləyən Alı həyəcandan ciddi təlaş keçirdiyini ürəyinin tez-tez döyünməsindən hiss etdi. Aysun anası ilə telefon söhbətini yekunlaşdırıb, Alıya yaxınlaşdı.

- Gedək, - deyə təəccüblə ona baxan Alıya səsləndi.

- Başa düşmədim, yəni ananı razı sala bildin.

- Bəli.

Alı yenə də bir şey anlamadığından sual etdi:

- Məni başa sala bilərsən, o ipə-sapa yatmayan ananı necə ram etdin?

- Olanları deməklə.

- Yəni sən...

- Hə, mən dedim ki, sevdiyim Alı ilə gəzintiyə çıxmışam. Kölə deyiləm, qərarıma hörmətlə yanaşın.

- Lap elə dedin, - deyə hələ də təəccüb dolu nəzərlərlə Aysunu süzən Alı dilləndi.

Aysun bəlkə də 21 illik həyatında cəsarətinə yenisini də əlavə etdi. Sağ əli ilə ehmalca Alının əlindən tutub, - hara istəyirsən gedək, lap istəyirsən dünyanın axırına gedək, - deyə söyləndi.

- Gözəl diyarımızı qoyub, tərki dünya olmağımıza ehtiyac yoxdur. İnşallah hərbi xidmətdən sonra, evlənib, özümüzə balaca da olsa koma qurub, həyatımızı yaşayarıq.

- Yaxşı yenə sən deyən olsun. Ancaq demədin hara gedəcəyik?

- Teleqüllədəki restorana, oradan da bizə gedərik, səni valideynlərimlə tanış edəcəyəm.

Son sözləri eşidənicə Aysunun al yanaqlarına qızartı çökdü. Sol əli ilə yanaqlarına əl gəzdirdi, hiss etdi ki, soyuq qış havasına baxmayaraq sifəti alışıb, yanır. Susdu, bununla özünü eşitməzliyə vurmağa çalışdı. Ancaq bu çox çəkmədi, Alı Aysunun dillənmədiyini görüncə, Azneft meydanının qarşısında ayaq saxlayıb, onun gözlərinə baxdı. İstədi, bağrına basıb əzizləsin, - Bu lap ağa olar, - deyə fikrindən keçənlərdən imtina etdi. Ancaq əlini ovcuna alıb, - Aysun bilirsən ki, mənim bacım yoxdur. Atam çox arzu etsə də, anam mənə qardaş dünyaya gətirməklə kifayətləndi. Ona görə də istərdim ki, anamla isinişəsən, atama arzu etdiyi qızı olasan, - deyə xəyalındakıları dilə gətirdi.

(Ardı var)

İlham Əliyev,

Yazıçı - publisist

Bütün xəbərlər Facebook səhifəmizdə