Almaniyadan sığınacaq almaq üçün edilən müraciətlərin sayı xeyli azalıb

Almaniyadan sığınacaq almaq üçün müraciətlərin sayı ilin birinci yarısında 45 faizədək azalıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) statistikasında bu ilin ilk yarısında 61 min 336 nəfərin Almaniyada ilk dəfə, 11 min 482 nəfərin isə təkrar sığınacaq üçün müraciət etdiyi qeyd olunub. Bu, 2024-cü ilin birinci yarımilliyi ilə müqayisədə 44,9 faiz azdır. Həmin vaxt bu göstərici 132 min 201 olub.

Azalmanın səbəbləri arasında Almaniyanın bütün sərhədlərində yoxlama tədbirlərinin tətbiqi, Balkan ölkələrinin qeyri-qanuni miqrasiyaya qarşı atdığı addımlar, həmçinin Suriyada vəziyyətin dəyişməsi yer alır.

Son bir neçə il ərzində Suriyadan gələnlər Almaniyada sığınacaq almaq istəyənlərin əsas hissəsini təşkil edirdilər. Lakin ötən ilin sonunda Suriyada hakimiyyət dəyişikliyindən sonra bu ölkədən müraciətlər xeyli azalıb. Bu ilin ilk yarısında Suriyadan 15 min 127 müraciət qeyd alınıb ki, bu da Əfqanıstandan gələnlərdən (15 min 181) bir qədər azdır.

Avropa İttifaqının Sığınacaq Agentliyinin (EUAA) hələ rəsmən açıqlanmayan hesabatına əsasən, Almaniyada 2025-ci ilin ilk yarısında 65 min 495 sığınacaq müraciəti qeydə alınıb. Bu, ötən ilə nisbətən 43 faiz azalma deməkdir. Bununla da Almaniya İspaniya (76 min 20 müraciət) və Fransadan (75 min 428) sonra üçüncü yerdədir. Sonrakı yerləri İtaliya (62 min 534) və Yunanıstan (27 min 718) tutur. Ən aşağı göstəricilər isə Macarıstan (47 müraciət), Slovakiya (84) və Litvaya (152) məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə