Aşura günü münasibətilə Şuşada könüllü qanvermə aksiyası keçirilib - FOTOLAR

Aşura günü münasibətilə ilk dəfə olaraq Şuşa şəhərində könüllü qanvermə aksiyası keçirilib. SİA xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Yuxarı Gövhər ağa məscidində təşkil edilib. Qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilən aksiyada doğma yurda qayıdan şuşalılar, şəhərdə fəaliyyət göstərən qurumların əməkdaşları, həmçinin şəhərin qonaqları iştirak ediblər.

Respublika Qan Bankının şöbə müdiri Nabat Xəlilova bildirib ki, Aşura günü ölkəmizdə keçirilən qanvermə aksiyaları humanizm ənənələrinə çevrilib. Builki Aşura günündə ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə də qanvermə aksiyaları keçirilib. Şuşada belə bir aksiyanın təşkili Qarabağda həyatın bərpasının və milli-mənəvi dəyərlərimizin yenidən canlanmasının bariz nümunəsidir. Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Respublika Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə