(əvvəli bu linkdə: https://sia.az/az/news/literature/817951.html)

Səlim kişiyə dişi-dırnağı ilə qurduğu bu ev-eşiyini, mal dövlətini erməni dığalarının bir həmləsinə görə qoyub getmək ağır gəldi. Qeyri-ixtiyarı dodaqaltı pıçıldadı: Allahım, bu rəzilliyi, bu biabırçılığı bizə rəva bilmə, sonra da ikinci mərtəbənin pilləkəni önündə dayandı. Başını qaldırıb, evin yuxarısını başdan-başa süzdü. Ağır silahlardan açılan yaylım atəşləri isə bir qədər də yaxınlıqda eşidilirdi. Artıq hərbçilər Səlim kişinin nə cavab verəcəyini gözləmədən, həyəti tərk edib, küçədə insanların QAZ-66-ya minmələrinə kömək edirdilər. Şamil də, uşaqlarını və Gülnazın balacalarını maşınına mindirib, Çimnazla, Mənzəri gözləyirdi. Səlim kişinin hələ də, bir qərara gələ bilməməsi ailəni ölümlə həyat arasında qoymuşdu. Şamil bir neçə dəfə “Çimnaz xala, gedəyin” desə də, səs çıxmadı. Nəhayət, Məsmənin etirazlarına, hay-küyünə baxmayaraq, Şamil ailəni təhlükədən uzaqlaşdırmaq üçün “Jiqulisi”ni işə salıb, həyətdən çıxdı. Səlim kişi ikinci mərtəbnin eyvanına çıxıb, oradan həyət-bacanı, kəndin küçələrini seyr edirdi. O, qüssəli idi. Bəlkə də, həyatında bu dərəcədə dərdli olmamışdı. Qınayan olmasaydı, oturub, hönkür-hönkür ağlayardı. Qızı Mənzər və qaynı Əkbər ikinci mərtəbəyə qalxıb, onunla danışırdılar, inandırmağa çalışırdılar ki, bu köç müvəqqətidir...

Səhər şadlığa, şənliyə bürünən bu həyət indi xarabazarlığa çevrilmişdi. Həyətdə ora-bura vurnuxan insanların simasında qorxu, vahimə vardı. Nə edəcəklərini, kimdən kömək istəyəcəklərini bilmirdilər. Sanki bir az əvvəl Səlim kişinin - Allahım, bizi bu rəzillikdən, bu biabırçılıqdan xilas et, - dolu yalvarışını Tanrı eşitdi. Bir növ Allah onu erməni vəhşiliyini, qəddarlığını görməkdən məhrum etdi. Ermənilərin atdığı top mərmisi evin damını və ikinci mərtəbənin küləfrəngisini uçurtdu. Eyvanda olan Səlim kişi, qızı Mənzər və qaynı Əkbər həyatlarını itirdilər. Qız, gəlin ağlaşırdı, Çimnaz üzünü, yaxasını cırıb, saçlarını yolurdu. Onları sakitləşdirən, təskinlik verən də yox idi. Dərd-dərdə qarışmışdı. Vay-şüvən, ağlaşma səsləri ürək parçalayırdı. Məsəl var deyərlər, dərd gələndə batmanla gələr. İndi bu həyətə, bu elə-obaya dərd batmanla gəlmişdi…

Ara verməyən bombardmana, yaxınlıqda eşidilən avtomat səslərinə əsaslanaraq təxmin etmək olardı ki, kəndin içərilərində olan erməni silahlıları hər an həyətə girə bilərlər. Ona görə də Səlim kişinin əmisi oğlu Savalan kişi ağsaqqal məsləhəti verdi. Cavanlardan bir neçəsinə vaxt itirmədən həyətdə, yer qazıb, ölənləri dəfn etməyi tapşırdı. Etiraz edənlərə, "ara sakitləşər, çıxarıb, elin-obanın adətinə uyğun dəfn edərik" dedi. Məsləhətini söyləyərkən özü də hiss etdi ki, yenidən bu kəndə, həyətə qayıtmaq çətin olacaq. Ağsaqqal məsləhətini eşidən cavanlar bağın aşağı hissəsində yer qazıb, ölənləri dəfn elədilər. Savalan kişinin səsi yenidən eşidildi:

- Mehdi, Kamil, siz arvad-uşağa yol göstərib, Meşəli tərəfə gedin.

Qorxu içində olduğu üz-gözündən açıqca hiss olunan Kamil:

- Ay dədə, kəndin hər tərəfini ermənilər əhatəyə alıblar, Çinarlı yoluna çıxıb, meşəyə girmək çətin olacaq.

Darvazaya tərəf addımlayan Savalan kişi arxaya çevrilib, dedi:

- Poçtun yanı ilə gedib, avtobazanın yanına çıxın, oradan keçib, Bilal çəminə düşün. Ora çatsanız Çinarlıya keçmək asan olar. Çünki ora dağ-dərə olduğundan ermənilər oralara getməzlər.

Balaca qızı Firuzəni qucağına alan Mehdi arvadı Fatiməyə - aaa...z, Şükürün əlindən möhkəm yapış - deyib, üzünü Kamilə tutdu:

- Savalan əmi düz deyir, ermənilər işğal etdikləri Meşəli tərəfdən gəlirlər, Çinarlı yolu sağ qalmağımıza kömək edə bilər.

Savalan kişi - meşəyə girəndən sonra gözləyin qaranlıq düşsün, sonra Ağdama doğru istiqamət alın – deyə növbəti məsləhətini verib, sağollaşdı.

- Bəs siz hara gedirsiniz - bir an əvvəl ata və bacısını, dayısını itirən Talıb, göz yaşlarını silib, Savalan kişiyə sual etdi. Onun ömür-gün yoldaşı Gülsüm və qızı Mahizərdə Talıb kimi sual dolu nəzərlərlə Savalan kişiyə baxdılar.

- Mənə görə narahat olmayın, gedim görüm Cavadgildən nə xəbər var.

Gülsüm ömür-gün yoldaşının qarşısını kəsib, Cavadgilə getməsinə mane olmağa çalışdı. Ancaq Savalan kişi sərt şəkildə onu qarşısından sağa itələyib, Kamilə səsləndi:

- Kamil, ay oğul, anandan, bacından muğayat ol. Mən gedim, əmin Cavaddan xəbər bilim.

Kamil dədəsinin sözünü eşidincə, anasının əlindən tutub, özünə tərəf çəkdi. Gülsüm könülsüz halda oğlunun ardınca süründü. Yolu keçərkən artıq onlardan aralanmaqda olan Savalan kişiyə baxıb, dərindən köks ötürdü. Sanki Savalan kişini bir də görməyəcək, bir daha ötkəm, amiranə səsini eşitməyəcəkdi…

Pulemyot, avtomat səsləri, mərmi partlayışları ətrafa od saçırdı. Evlərini tərk edib, kənddən çıxan insanlar erməni gülləsinə tuş gəlməmək üçün artıq uçulub, dağılmış evlərin böyründə daldalanmağa çalışırdılar. Ancaq atılan top mərmiləri onları daldalandıqları yerlərdən də çıxıb, yollarını davam etdirməyə məcbur edirdi. Ətrafda qadın, uşaq qışqırtıları, ah-naləsi eşidilirdi. Küçələrdə yağışdan sonra yaranan su gölməçələrini qan gölməçələri əvəz etmişdi. Bir az əvvəl qaynayan küçələr tamamilə boşalmışdı. Talıb Bəyimli küçəsinin tininə çatanda təsadüfi gülləyə tuş gəlməmək, həm də erməni silahlılarının diqqətini cəlb etməmək üçün yarıbükülü halda addımlayan dəstədə 15 yaşı təzəcə tamam olan qardaşı Azərə sakit səslə dedi:

- Qaqaş, sən anamla get, mən Aygündən çox nigaranam, onlara getməliyəm.

Azərə Talıbın qərarı ilə razılaşmaq çətin olsa da, gəlinləri Aygünə görə susmalı oldu, bir anlıq ayaq saxlayıb onu qucaqladı, "ehtiyatlı ol, qardaş" - deyib, tez də dəstəyə qoşulub yoluna davam etdi.

Talıba, kəndə tam yiyələnməkdə olan erməni hərbi birləşmələrinin gözündən yayınaraq Aygüngilə getmək çətin olardı. Amma həyatı bahasına da olsa, dünyalar

qədər sevdiyi Aygündən xəbər bilməli idi. Bu niyyətlə də aşağı əyilib, qaça-qaça Mərzili küçəsinə keçdi. Dəllək Cəbinin bağına girib, Aygüngilin küçəsinə keçmək istərkən, sovet sədri Bəşirin dükanın önündən bir BTR-in və erməni silahlılarının ətrafa güllə yağışı səpə-səpə ona tərəf yaxınlaşdığını gördü. Bağın küncündə üzüm tinglərinin altına əyilib, bir qədər gözlədi. Daha sonra başını qaldırıb, ətrafı seyr etdi. Ermənilər evləri, tövlələri "Oqnamiyok" silahından atəş açıb, yandırırdılar. Hərdən pəncərələrdən evlərin içinə "qranat" atıb, partladırdılar. Yanan evlərin qara tüstüsündən göy üzünü qara duman bürümüşdü. Gördüyü mənzərə, xüsusilə də Xaliq kişinin oğlu Vasifi və yaxşı seçə bilmədiyi başqa iki gənci 10-15 erməni dığasının vəhşicəsinə döymələri, daha sonra hər üçünü gullələmələri onu dəhşətə gətirdi. İnsanda vahimə yaradan bu cür mənzərəni o ancaq kinolarda seyr etmişdi. Ağır, üzücü xəyala daldı, fikrə getdi tez də özünü ələ alıb, - burda çox qalmaq təhlükəli olar, - deyə öz-özünə söyləndi. Oturduğu yerdə üzü üstə uzandı, bağın içində sürünə-sürünə irəliləyib, hasarın önünə çatdı. Ayağa qalxıb hasardan qayınatası Mahal dayının yaşadığı küçəyə boylandı, ins-cins gözə dəymirdi. Cəld hərəkətlə hasara qalxıb küçəyə düşdü. Küçə boyu hasarların yanı ilə qaça-qaça gəlib, Aygüngilin evinə çatdı, darvazanı açıb, içəri girincə, dəhşətə gəldi, Yerdə uzanmış insanlar vardı. Yaxınlaşdı, Mahal dayı, - Mahal dayı, - desə də, ondan səs çıxmadı. Xalidə xalada, onların oğulları Məciddə ermənilərin atdığı raketlərin zərbəsindən ölmüşdü. Gözləri Aygünü aradı. Sağa-sola boylandı. Evin yanında Aygünün uzandığını gördü. İti addımlarla yaxınlaşıb, onun xınalı əlindən tutub silkələdi. “Tərpənir, sağdır” - deyə Talıb özünə təskinlik verməyə çalışdı.

Ancaq gəlinlik paltarında vağzalı sədaları ilə gəlin köçüb, öz vüsalına qovuşmağa hazırlaşan Aygün can üstündə idi. Aygün göz qapaqlarını qaldırıb, Talıba baxdı, gülümsədi. Son dəfə bütün qəlbi, vücudu, varlığı ilə sevdiyi Talıba nəsə demək istədi. Amma.... Talıb göz yaşını axıda-axıda onun boynunu qucaqlayıb, - Aygün, Aygün - deyə fəryad etdi. Aygündən səs çıxmadı, o ölmüşdü. Talıb onun şabalıdı rəngli saçlarını sığallayıb, alnından öpdü. Başını sinəsinə qoyub, hıçqırtı ilə ağladı. Ayağa qalxıb Aygünün cansız bədənini götürüb, sakit bir yerə çəkilmək istədi. Amma başına, daha sonra kürəyinə endirilən ardıcıl zərbələr onu dizləri üstə çökdürdü.

*** *** ***

Qarabağ özünü müdafiə batalyonunun komandiri Məmməd Cavadzadə çoxsaylı qanlı döyüşlərdə şücaətlə iştirak etmiş, dəfələrlə ölümlə üz-üzə gəlmişdi. 40 yaşı təzəcə tamam olmasına baxmayaraq döyüş yolunda çox çətinliklər görmüşdü. Həyat təcrübəsi də az deyildi. İxtisacca iqtisadçı olsada həyat onu hərbçi olmağa, Vətənin dar günündə elinə-obasına əl uzadan ermənilərə qarşı döyüşə atılmağa məcbur etmişdi. Ölüm-dirim savaşında dəfələrlə yaralanmış, ancaq tam sağalmamış yenidən döyüş yoldaşlarına qoşulub, yağı düşmənə qarşı mübarizəsini davam etdirmişdi.

Polkovnik çox qayğılı görünürdü. Gecə yatmadığından özünü narahat və üzgün hiss edirdi. Bir çimir yatıb, gözünün acısını almaq üçün otağındakı divana uzandı.

Oyana-buyana çevrildi, gözlərini yumdu-açdı ancaq yata bilmədi. Elə hey gözləri önündə itirilən torpaqlar, bir yerdə olduğu silahdaşlarının dizinin üstündə can vermələri canlandı. Uzandığı yerdən qalxıb oturdu öz-özünə - bu əməliyyat uğurlu olsa faciələrimizin qisasını almaq, insanlarda yaranan ümidsizliyi aradan qaldırmaq mümkün olacaq, - deyə düşündü. Yenidən divana uzanıb xəyala daldı. Onu fikirlərindən qapının döyülməsi ayıltdı. Gələn kəşfiyyat komandiri Asif Bəşirov idi.

- Gəl, gəl, elə yaxşı oldu , gəldin.

Bəşirov yaxınlaşıb, hərbi salam verdi, əl uzadıb, salamlaşdı. Məmməd Cavadzadə Bəşirovun gəlişi ilə, ayağa durub, masanın arxasına keçib oturdu, kəşfiyyat komandirinə də oturmaq üçün yer göstərdi.

- İndilərdə, dəstə komandirləri və bələdçilərdə gələsidilər. Sən danış görüm, gecə kəşfiyyatınız necə keçdi, toqquşma-filan olmadı ki, uşaqlar salamatdırmı? - deyə polkovnik oturmaqda olan Bəşirova sual etdi.

Bəşirov xalqının düşdüyü ağır durumu bütün varlığı ilə anlayan və hərbçi borcunu tam məsuliyyəti ilə yerinə yetirməyə çalışan bu vətənpərvər polkovnikin yorğun, həm də narahat simasına ani nəzər yetirib, məruzə etdi:

(Ardı var)

İlham Əliyev,

Yazıçı - publisist

Bütün xəbərlər Facebook səhifəmizdə