"Daim dinləmə funksiyasını söndürmək tövsiyə olunur" - AYDINLIQ GƏTİRİLDİ

"Səsli köməkçilər "Siri", "Alexa" və digərləri gündəlik işimizi asanlaşdırsa da məxfilik baxımından diqqət tələb edir. IT əməkdaşı kimi deyə bilərəm ki, bu cihazların əsas riski daim “dinləmə” rejimində işləməsidir". Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, yəni, əmr gözləyərkən təsadüfi söhbətləri də qeydə ala bilər və səs qeydləri bulud serverlərinə ötürülə bilər. Bu problemi azaltmaq üçün şirkətlər ilk növbədə istifadəçi məxfiliyini qoruyan texnologiyalar tətbiq etməlidir: "Məsələn, səs emalının mümkün qədər cihaz daxilində aparılması, buluda göndərilən məlumatların güclü şifrələnməsi və istifadəçilərə səs qeydlərini tam silmək imkanı verilməsi vacibdir. Parametrlərin sadə və aydın menyuda olması da mühümdür ki, hər kəs rahatlıqla məxfilik tənzimləmələrini idarə edə bilsin. Lakin istifadəçilər də öz tərəflərindən “Hey Siri” və ya “Alexa” kimi daim dinləmə funksiyasını ehtiyac olmadıqda söndürmələri daha məqsədəuyğun hesab edə bilərlər. Əlavə olaraq, səs qeydlərinin saxlanma müddətini məhdudlaşdırmaq və mütəmadi olaraq silmək tövsiyə olunur.

Qısacası, səsli köməkçilərdən rahat istifadə etmək mümkündür, amma məxfilik üçün həm istehsalçıların güclü qoruma mexanizmləri, həm də istifadəçilərin diqqətli davranışı vacibdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə