Dövlət Agentliyində Döyüş Bayrağının təqdim olunması ilə bağlı mərasim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 sentyabr tarixli Fərmanı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) Döyüş Bayrağı haqqında Əsasnamənin təsdiq olunması münasibətlə təntənəli təqdimat mərasimi təşkil edilib. Bu barədə SİA-ya SOMDA-dan məlumat verilib.

Bildirilib ki, tədbir zamanı Döyüş Bayrağı rəsmi şəkildə mərasimə gətirilib, xüsusi təntənə ilə təqdim olunub.

Agentliyin rəisi general-mayor İlqar Abbasov çıxış edərək şəxsi heyəti bu əlamətdar hadisə münasibətilə təbrik edib, Döyüş Bayrağının əsgərin şərəf, şücaət və şöhrətin rəmzi olduğunu vurğulayıb. O, bu bayrağın şəxsi heyətin mənəvi ruhunun yüksəldilməsi və xidməti-döyüş tapşırıqlarının daha məsuliyyətlə yerinə yetirilməsi üçün mühüm stimula çevriləcəyini qeyd edib.

Digər çıxış edənlər də Döyüş Bayrağının agentliyin hərbi qulluqçularının hər an döyüşə hazır olmasının simvolu olduğunu bildirərək, bu mühüm addımın şəxsi heyətdə vətənpərvərlik ruhunu daha da gücləndirəcəyini qeyd ediblər.

Sonda Döyüş Bayrağı agentliyin inzibati binasında müvafiq qaydada daimi yerləşdirilib və onun qorunmasına dair məsuliyyətin yüksək səviyyədə təmin ediləcəyi diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə