"Azərbaycan iqtisadi qüdrətini bərpa etdi" - İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

"20 sentyabr 1994-cü ildə tarixi bir hadisə baş verdi. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində bir çox beynəlxalq və xarici investorlar Azərbaycana kapital və investisiya qoyuluşu həyata keçirdilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bu investorlar arasında BP, ExxonMobil və dünya üzrə neft sektorunda aparıcı transmilli korporasiyalar da var idi: "Həmin şirkətlərin Azərbaycana axını ilə “Əsrin müqaviləsi” kimi tarixə düşən sənəd imzalandı. Bu müqavilə Azərbaycanın bir sıra sahələrdə, xüsusilə də strateji enerji təhlükəsizliyi baxımından müstəqilliyinin təmin olunmasında əsas vasitə oldu.

Məhz 1994-cü il 20 sentyabr tarixindən etibarən Azərbaycan bu müqavilə əsasında öz dövlət büdcəsini formalaşdırmağa başladı. Bilindiyi kimi, AXC-Müsavatın dövründə dövlət büdcəsi darmadağın edilmiş, hökumət qurumları iflic vəziyyətinə düşmüş, bir çox sahələrdə geriləmələr müşahidə olunmuşdu. Bu baxımdan “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinə, enerji təhlükəsizliyinə və strateji inkişafına mühüm töhfə verdi. 1994-cü ilin 20 sentyabrında imzalanan bu müqavilə nəticəsində Azərbaycan iqtisadi qüdrətini bərpa etdi və gələcək uğurlarına, o cümlədən işğal altında olan ərazilərini geri qaytarmasına möhkəm zəmin yaratdı".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə