Aforizmlər ustası Hümbət Həsənoğlu - 65

(Portret cizgiləri)

Mən Hümbət doktor haqqında ilk məlumatı təxminən iyirmi beş il bundan əvvəl almışdım. Milli Məclisə seçki kompaniyası gedirdi. Onun da deputatlığa namizədliyi verilmişdi. Onun haqqında yazılmış məlumatı oxudum və sevindim ki, belə bir parlaq şəxsiyyətə səs verəcəyəm. Təəssüf ki, o dairədə seçki prosesi baş tutmadı və onu Milli Məclisimizin deputatı kimi görə bilmədik.

Yaxşı ki, sosial internet şəbəkələri var. Hümbət doktorla ikinci tanışlığım Feysbuk şəbəkəsində baş tutdu. Onun məntiqli, orjinal fikirləri, aforizmləri məni cəlb edirdi. Hümbət Həsənoğlunun yazdıqlarını oxuduqca hərtərəfli bir şəxsiyyət olduğunu görürdüm. Həkim, biznesmen, gözəl aforizmlər və hekayələr müəllifi, təşkilatçı, avropasayağı düşüncə sahibi və ən əsası, vətənpərvər bir insan olması ona qarşı hörmətimi daha da artırdı. Biz artıq sosial şəbəkədə dost idik.

Bir hadisə isə məni daha da təəccübləndirdi. Məlum oldu ki, Hümbət dostum həm də ixtiraçı imiş! Hansı sahədə? İnanmazdım doğrusu! Artiq o milli mətbəximizin daha da tanınmasına aid ciddi bir addım atmışdı - ikiqat Sumqayıt dolmasını ixtira etmişdi! Bəli, istedadlı adam əl qoyduğu istənilən sahədə öz fərqliliyini biruzə verir! Mən onun bu yeniliyinə təəccübümü gizlətmədim və 2016-cı ilin iyun ayında ona zarafatla belə bir qəzəl həsr elədim:

Sumqayıt icad edibdir - "ikiqat dolmadı".
Ginnesin kitabına heyf adını salmadı!

Dadlıdı, ləzzətlidi,... reklamını görmüşəm,
Dadmağa imkanımız yox,.. hələlik olmadı.

Sumqayıtın öz sözü, öz yolu var hər zaman,
Öndə gedər yalnız o, kimsəyə yer qalmadı.

İstəsə üçqat edər tazə növün dolmanın,
Aşpazımız, sanmayaq ki, nəzərə almadı.

Dolmaya Hümbət bəyi kimsə qonaq eylədi,
Amma, Ələmi, səni yadə, heyif, salmadı.

Hümbət doktor şeiri oxudu və söz verdi ki, məni ikiqat dolmaya qonaq edəcək!
O, sözünə həmişəki kimi əməl etdi. 2018-ci ildə özünə yaxın bildiyi bir qrup dost-tanışını bir yerə yığıb, ikiqat Sumqayıt dolmasının və ilk aforizmlər kitabının təqdimatını keçirdi. Çox maraqlı, unudulmaz bir görüş oldu. Bizim Sumqayıt Dostlar Klubunun yaradılması təklifini Hümbət Həsənoğlu orda irəli sürdü və biz daha da dostlaşdıq. Çox dəyərli, diqqətcil, istedadlı, maraqlı və eyni zamanda, prinsipial bir insan olduğunun şahidi oldum. Onu böyük məmnuniyyətlə Dostlar Klubuna sədr seçdik. Məhz onun böyük təşkilatçılıq qabiliyyəti sayəsində klubumuz uğurla ictimai fəaliyyət göstərir. Birlikdə səyahətlər edir, ədəbi-bədii tədbirlər keçirir, şəhərimizin müxtəlf tədbirlərində fəal iştirak edirik.
O, aforizmlərlə yanaşı, çox gözəl esselər, hekayələr müəllifidir. Oxucunu dərhal ələ alır. Əsərlərində güclü lirika hiss olunur. Şeirlər yazmasa da şair qəlbli bir yazardır Hümbət Həsənoğlu.
Ona qarşı olan səmimi dostluq münasibətimdən mənim belə bir qəzəlim də yaranıb:

HƏSƏNOĞLU

İlham pərisi verməsə fürsət, Həsənoğlu,
Söz söyləməyə hardadı cürət, Həsənoğlu?!

Bəlkə o pərizad sənə katibə olmuş,
Məxsusi edir qayğı və diqqət, Həsənoğlu!

"Göz yaşını gizlətmək üçün göylərə baxmış"
Vardırmı o qız, etmə zərafət, Həsənoğlu?!

Yığcam və gözəl söz demək, ey pir, çətindir,
Var səndə çox hikmət və bəlağət, Həsənoğlu!

Ey göz həkimi, gözlər ilə qəlb oxuyansan,
Kim verdi sənə böylə fərasət, Həsənoğlu?

"Dostlar klubun" ki yaradıbsan, sənə əhsən,
Amalımız - öz xəlqinə xidmət, Həsənoğlu!

"Türkün sözü", "türkün məsəli" çox deyilibdir,
"Türkün aforizmi" ala vüsət, Həsənoğlu!

İzzəddin Həsənoğluya** ithafmıdır bu?
Yox-yox, Ələmi, başqadır - Hümbət Həsənoğlu!
—————————————————————
* Hümbət Həsənoğlunun "Ümid işığı" hekayəsinin qəhrəmanı.
** İzzəddin Həsənoğlu - XIII əsrdə yaşamış,
Azərbaycan dilində ilk şeirləri yazmış Azırbaycan şairi.

Əziz dostumuzun iyun ayının 21-də 65 yaşı tamam olur! Hələ ki, gəncdir! Yaxşı qocalmaq imkanı olsun! Allah ona nəzərdə tutduğu qədər illər, lakin sağlam və gümrah bir ömür bəxş eləsin! Çünki, o buna layiqdir!
Sonda Hümbət həkimin yubileyi münasibətilə bu gün yazılmış daha bir qəzəlimi təqdim edirəm:

HÜMBƏT HƏKİM

Bir sual olsa, düşünnəm tez, bilər Hümbət həkim!
Öhdəsindən müşkülün mütləq gələr Hümbət həkim!

Sözləri esselərində naz edər, şirinləşər,
İncə-incə hər sözü çün, incələr Hümbət həkim.

Məntiq, intellekt onun canındadır hər bir zaman,
Yumoru var - güldürər, qəlbən gülər Hümbət həkim!

Sanmayın, dostluqda yox heç bir təmənnası onun,
Dostlarından bir səmimiyyət dilər Hümbət həkim!

Adını doğrultmuş o - qeyrət, təşəbbüs, cəhd edən!
Var olan imkanı aləmlə bölər Hümbət həkim.

Qayda-qanun, həm dəqiqlik öyrədib almanlara,
Ruslar üçün çox krassvord həll elər Hümbət həkim!

Parisin bəs "Şaz-Elize"sində gəzdirdin kimi,
O "velofayton" üçün kimlər ölər, Hümbət həkim?!

Öncəgörmək vardı səndə, söyləyiblər, azdır, az,
Səndə vardır, açmayaq ta, gör nələr, Hümbət həkim!

Çanı biz cananımızçün qoruyaq, söz vermişik,
Sağlam olsa canımız, can nur ələr, Hümbət həkim!

Bax, bu gənc oğlan, Ələmi, "şeş-beş" atdı düz bir il!
"Şeş-qoşa" at ta sabahdan, cütlə zər, Hümbət həkim!

Əli ƏLƏMİ (Əmirov)

Bütün xəbərlər Facebook səhifəmizdə