və ya Səadət Qəribin həyat hekayəsi

Bu gün Yer kürrəsində 60 milyona yaxın Azəri türkləri yaşayır. Onlardan 10 milyondan çoxu ayrı-ayrı səbələr üzündən dünya ölkələrinə səpələniblər. Onlar həmin qərib ölkələrdə xalqımızın mədəiyyətini, ədəbiyyatını, incəsənətini, tarixini, adət-ənənələrini təbliğ etməklə Azəri türklərini yaşadırlar. Burada vətəndə yaşayan bizlər də onları layiqincə təbliğ eləməliyik ki, onlar qərib ellərdə özlərini qərib, tək hiss eləməsinlər. Axı atalarımızın belə bir məsəli var: “Qərib quşun Vətəni olmaz”...

Həmin qərib eldə, Moskvada yaşayan həmyerlilərimizdən biri də Səadət Qəribdir. O, artıq 33 ildir ki, bu şəhərdə yaşayır və təkcə Moskvada yox, həm də Rusiyada, Türkiyədə millətimizi, ədəbiyyatımızı, incəsənətimizi, mədəniyyətimizi layiqincə təbliğ eləyir. Məhz buna görə də onu çoxminli oxucularımızla daha yaxından tanış eləmək istəyirəm ki, hamı belə ağıllı, savadlı, fitri istedadlı, yüksək mədəniyyət sahibi olan elqızımızı tanısın.

Qısa arayış: Səadət Qərib (Səadət Arif qızı Rzayeva) iyun ayının 10-da 1970 -ci ildə Goranboy rayonunun Dəlməmmədli qəsəbəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirib və 1986- cı ildə Qəmbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin fortepiano ixtisası üzrə şöbəsinə daxil olub. 1991-ci ildə həmin texnikumu bitirib. Şeirə, ədəbiyyata həvəsi 12-13 yaşlardan başlayan Səadət xanımın elə həmin illərdən ilk yazıları çap olunub.

2016-cı ildə Türkiyədə Hatayın Dörtyol ilsesində Edəbiyyat və Sənət Akademiyası (ESA) və Dörtyol Bələdiyəsi işbirliyinin düzənlədiyi, Birinci Türk Dünyası Şeir yarışmasında 300 şair içindən onun “Şəhidlər” şeiri dərəcəyə girmiş və mükafat qazanmışdır. Bununla da Səadət Qərib Türkiyədə bir çox şeir festivallarına qatılmış və həmin festivallarda uğurlar əldə etmişdir...

Mən də Səadət Qəribin mənə feyzbuk vasitəsilə göndərdiyi 30 şeirini və hekayələrini oxudum. Bu şeirlərdə ən çox xoşuma gələn müəllifin obrazlı fikirlərdən ustalıqla istifadə etməsi, sözlərdə çox maraqlı sözaltı mənalar tapması və hər bir şeirin axıcı, oxunaqlı olması, mövzu rəngarəngliyi oldu. Çox sevindim ki, bu gün millətimizi Rusiyada layiqincə təmsil eləyə bilən çox istedadlı, maraqlı şairəmiz, nasirimiz var. O, qərib eldə təkcə öz yazılarını yox, klassiklərimizdən tutmuz müasir yazıçılarımızı və şairlərimizi də layiqincə təbliğ eləyir. Eşq olsun belə elqızımıza! Qoy qəriblikdə yaşayan bütün həmvətənlərimiz həmin yerlərdə öz yuvalarını qursunlar və millətimizi də layiqincə təbliğ eləsinlər.

Səadət Qəribin 2016-cı ildən Azərbaycanda, Türkiyədə dərc olunan qəzetlərdə, dərgilərdə, saytlarda, sosial mediada seirləri dərc olunur. Həmçinin Türkiyədə, Azərbaycanda dərc olunan bir çox almanaxlarda şeirləri dərc olunub. İlk şeir kitabı “Mən bir həyat hekayəsi” adı ilə işıq üzü görüb. “Ayanın acı taleyi” adlı povesti və hekayələri kitab kimi çapa hazırlanır. Səadət xanımın şeirlərinə mahnılar yazılıb və yazılır. İyun ayının 10-da Səadət Qəribin 50 illik yubileyidir. Biz də onu çoxminli oxucularımız adından təbrik edib, yaradıcılıqda daha böyük uğurlar, ailə səadəti arzu edirik. Arzumuz budur ki, Səadət xanım üç övladını istədiyi kimi və Vətənimizə layiq, sadiq böyütsün.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

SƏADƏT QƏRİB
(Şeirlər)

SEVGİM
Könlümdə açılıb yaz çiçəkləri,
Qızılgül, bənövşə, lalə, yasəmən.
Bələdçim ürəyim, ümid diləyim,
Gəlmişəm sevgimlə hüzuruna mən.

Ürəyin köksümdə əmanətimdi,
Bəslədim hey onu məhəbbətimlə.
Bir gün qovuşarsam əbədiyyətə,
Bil ki, gedəcəyəm sədaqətimlə.

Sanma ki, sən yoxkən, sənsiz yaşadım,
Həmdəmim, çox idi, çox idi onlar,
Anlar, xatirələr bir də xəyallar,
- Onlardan savayı başqa kimim var.

Bir qəlbdə nə qədər arzu, kam yatar,
Dəniz dalğasıtək coşub çağlayan.
Yelkənsiz qayıqtək yolun azanda,
Körpə uşaq kimi dolub ağlayan.

Daha şeirlərim dil aça bilmir,
İçində əridir eşq kəlməsini.
Qoy sənə sevgimi gözlərim desin,
Eşit bu könlümün həzin səsini.

DÜNYANIN ƏN KASIB BƏNDƏSİYƏM MƏN
Bilirsən, qəlbimi tərk edən gündən
Bu canım boşluqda yaşıya bilmir.
Beşikkən məzara dönən bu ürək
O ölmüş sevgimi daşıya bilmir.

Sən ülvi sevgimi dara çəkmisən,
Əzabla, acıyla inləyən ürək.
Gör məni haradan, hara çəkmisən
Ay məni gah öyən, gah döyən ürək.

Var-dövlət bilirdim səndə eşqimi,
Sanırdım dünyanın ən zənginiyəm.
Məhəbbət iflasa uğrayan gündən,
Dünyanın ən kasıb bəndəsiyəm mən.

ŞƏHİD VƏ ANASI
Ağlama, ay ana, qurbanın olum,
Oğlun ucalıbdı Şəhid adına.
Tək bir göz yaşına dözə bilmirəm,
Bilmirəm mən çatım necə dadına.

Vətəni sevdirib şəhidlər bizə,
Vətənçün fədakar olmaq gərəkdir.
Vətəni öp ana, qoy gözün üstə,
Ağlama, ağlama, bu bir şərəfdir.

Daha çox düşməni məhv edəcəyik,
Bu yolun könüllü qurbanlarıyıq.
Son damla qanımız tökülsə belə,
Hər şəhid qisasın biz almalıyıq.

Hələ də Qarabağ gözləyir bizi,
Bu ad yaddaşlara əbədi hopub.
Ağlama, can ana, sən düşünmə ki,
Ruhumuz torpaqdan əbədi qopub.

Şəhid anasısan, məğrur dayan sən,
Fəxr elə oğlunla, bu, bir zinətdir.
Vətənçün, torpaqçün ölən hər kəsə,
Mükafat olaraq yeri cənnətdir!

GEDİRƏM BU ŞƏHƏRDƏN
Arxamca bir şəhər xatirə qoydum,
Əliboş gedirəm ürəyim kimi.
Ona ehtiyacım olub həmişə,
Gah suyum, gah duzum, çörəyim kimi.

Məsum körpə kimi kimsəsiz qaldım,
Şəhər ögeyləşdi, yadlaşdı mənə.
Təklikdə çəkmişəm çox həsrətini,
Dönəydim kaş ona, dönəydim yenə.

Şəhərin səsi də sanki batıbdır,
Üzünü qar tutub, rəngi ağarıb.
Başını Xəzərə qoyub, yatıbdır
Onu qış yuxusu çoxdan aparıb.

Qəlbimi üşüdən qış fəsli deyil,
Acı taleyimə o çoxdan gəlib.
Daha bu şəhərdə kimim var mənim,
Sevgim ölən gündən şəhərim ölüb.

Əlvida ey şəhər, gedirəm səndən,
Bir zaman salmışdım səni qəlbimə.
Səni sevdiyimlə sevdim bərabər,
İndi ikiniz də yadlaşdız mənə…

CANIM ANAMA
Pis günün ömürü az olar dedik,
Amma ki, xoş bir gün görmədin ana.
Külək saçlarını yollara səpdi,
İllərcə onları hörmədin, ana!

Zamanın ağrısı sinənə çökdü,
Əzablı günlərin boynuna yükdü,
Allaha şükr olsun, Allah böyükdü,
Nə qədər dərd çəkdin, demədin ana!

Alıb dizlərinə laylalar dedin,
Mənim o qəriblik dərdimi yedin.
Allaha sübhətək dualar etdin,
Ay, cəfakeş, ana, ay, mətin, ana!

Dünya boyda dərdin bitmədi heç vaxt
Gülmədi üzünə əvvəldən həyat
Ümiddən toy etdin, arzudan büsat
Nəğmədir hər sözün, söhbətin ana..

Ümman sevgi verdin hər birimizə,
Nemətsən, sərvətsən sən ömrümüzə.
Dözdün acılara, qıymadın bizə,
Əks olunur hər an zəhmətin ana....

Heç zaman getməsin əməyin bada,
Ən uca sevgiyə, ən uca ada.
Dilimin əzbəri sənsən dünyada,
İnşAllah bitəcək möhnətin ana...

Yaşın çoxaldıqca yaşarır gözüm,
Yenə tab gətirmir qələmim, sözüm.
Əlindən min kərə öpürəm özüm,
Mənə bəs varlığın, şəfqətin ana.

ÜMİD YAĞIŞI
Doğan Günəş ilə oyandım bu gün,
Yatmış arzularım birdən oyandı.
Unutdum kədəri, unutdum qəmi,
Gözümdə təbiət nura boyandı.

Quşların nəğməsi aldı könlümü,
Bir ümid yağışı yağdı gözümdən.
Sanki heç olmamış yazım, baharım,
Ömrümün amansız qışı üzündən.

Dərindən ah çəkib, aldım içimə,
Baharın ətrini, susamış kimi.
İllərdi həsrətəm gözəlliklərə,
Məhbəsdə bir ömür yaşamış kimi.

Uzaqdan bu anda, bir nəğmə duydum,
Bir sevda nəğməsi məni səsləyir.
Bir sevgi atəşi doldu qəlbimə,
Yenidən sevməmə ümid bəsləyir.

Yarəbbi, hər kəsin ömrünə yağsın,
Bir inam yağışı, bir eşq naxışı.
Elə bir yağış ki, lap leysan olsun,
Yağsın dolu kimi ,"ÜMİD YAĞIŞI".

SÖZSÜZ NƏĞMƏM
Mənim bir nəğməm var sözləri yoxdur,
O sözsüz nəğmənin bəstəkarı mən.
O həzin musiqi, o sözsüz nəğmə
Süzülür qəlbimin dərinliyindən .

Hələ ki, duyan yox sözsüz nəğməmi,
Məni anlamayan deyər- dəlidi.
Bir pərdə üstündə dinər ürəyim,
Belə nəğmə olar?.. Çox gülməlidir.

Kaman bu nəğməmi çalsa ağlayar,
Zildə fəryad edər, bəm də qəm tökər.
Tarı dindirməyin, qıymaram ona,
Mizrab qeyzə gələr, simləri sökər.

O sözsüz nəğməmə söz yazammadım,
Çünki, o nəğməmə acizdi söz də.
Bu qəmli, nisgilli eşq nəğməsinin,
Səsi könüldədi sözləri gözdə.

SƏNİ ÖZÜNDƏN ÇOX SEVƏNİN VARSA
Nəşə də gözəldi, qəm də gözəldi,
Səninlə ağlayıb, gülənin varsa.
Bulud tək çağlayıb yağmağa nə var,
Əgər ki, göz yaşın silənin varsa.

Bir könül ağrısın "dərməyə" nə var,
Dərdini gün üstə sərməyə nə var,
Bir canı yar üçün verməyə nə var,
Əgər ki, qədrini bilənin varsa.

Ürək sirr otağı, alınmaz qala,
Həsrət sevənlərçün şirin bir bəla,
Həsrətin yanında vüsal da ola,
Hicran da gözəldi, gələnin varsa.

Ömür keşməkeşli, dərdlər ocağı,
Ölüm də bir yandan açır qucağı,
Şirindir hər eşqin son ömür çağı,
Sevginə bir ağı deyənin varsa.

Ürək qidasıdır sevgi-məhəbbət,
Bir azca nəvaziş, bir azca şəfqət,
Bax, odur yaşamaq, odur səadət,
Səni özündən çox sevənin varsa!..

A BƏXTİM SƏNİ HARDA AXTARIM və ya BOŞ ÇƏRÇİVƏ
Gələndə özüylə nə gətirdisə,
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxartmışam çərçivəsindən.

Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Bir daha şəklini qoymaram daha.

Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, əsada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda nə gəzir?!

A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam, o son məzarım.

ÜŞÜYƏN XATİRƏLƏR
Üşüyən mən deyil, xatirələrim,
Yoxluğun borana salıb ömrümü.
Saçımda qiş fəslin oğlan çağidir,
Kipriyim qılınctək kəsib səbrimi.

Daha taqəti yox bu ürəyimin,
Yaralı quş kimi çırpınır hərdən.
Bir sevgi kəlməsi dilimin altda,
Can verir, sızlayır, ölür qəhərdən.

Susuz səhra kimi yanaqlarımı,
Nə çiskin, nə yağış islatmır daha,
Bu nə qərib duyğu, sevgi öləndə,
Heç bir şey ürəyi yaşatmır daha.

Arzular qocalır, tükənir ömür,
Məndə nə güc qalıb, nə də ki, halət.
Əzrayıl yolunu alaq, ot basib,
O da ünvanimi unudub əlbət.

Ağlına gələcəm xatirə kimi,
Evini adımla döşüyəcəksən,
Əynini qalın gey, soyuqdu, ömrüm,
Qəlbimə qış gəlib, üşüyəcəksən.

EŞQİM
Eşqimdən yazacam şeir diliylə,
Eşqimin dilindən söz almış kimi.
Alnımın şeiri elə yazılmış
Lap əruz vəznində yazılmış kimi.

Eşqim vəfalıdır, tutmuş sözünü,
Hər zaman demişdir sözün düzünü.
Yanıb-yaxılanda asmış özünü,
Gözümdən damlalar asılmış kimi.

Eşqimə ağlım da çaşıb mat qalıb,
Duyğu dənizimdə o haray salıb,
İlk gündən qəlbimi əlimdən alıb,
Döyüşdə zəfəri qazanmış kimi.

Eşqimin gözləri duman, çənimdir
Ruhumun saçına düşən dənimdir.
Ölsə də, qalsa da bu eşq mənimdir,
Məzarı qəlbimə qazılmış kimi.

İNCİMƏ ÜRƏYİM
İncimə ürəyim,
səni çox incitmişəm,
Səni gözlərimin önündə
sanki heç görməmişəm .
Nə gündüzün gündüz olub ,
nə gecən gecə
dərd vermişəm gizlicə,
Hıçqırıqla döyünmüsən ,
yanmısan, yaxılmısan.
Hər dəfə dərd, qəm çəkib
bir küncə sıxılmısan.
Daha istəmirəm ki mən,
alışasan, yanasan,
Bir daha dərd, qəm olan
tərəfə boylanasan.
İçimdə böyüyürsən,

İçimdə böyüyürsən
səninlə öyünəndə.
Sadəcə bir boşluğam,
sanki zaman dayanıb,
Bəzən elə sanıram
mənim gözümdə sevgi,
Səndəsə ruh oyanıb....
Bahar gəlmir bağıma,
xəzan olur duyğular ,
İçimi qurdtək yeyir
tükənməyən sorğular.
Yalnız azan səsində
tapıram mənliyimi.
Səni sevirəm, Allah,
Mənim ürək səsimlə
tanıtdın kimliyimi!...

MƏN BİR HƏYAT HEKAYƏSİ
Mən bir həyat hekayəsi,
yazilmamiş bir əsərəm,
oxunmamış bir ürəyəm,
Açılmadan solan çiçək..

Mən bir həyat hekayəsi...
bu həyatla nə dostlaşa nə düşmən ola bilirəm.
Nə sevgiylə,
nə sevgisiz
Nə sənsiz qala bilirəm...
Acilara alışmışam,
sarsılmışam,
cox yanmışam...
Dərdlərimə sarılmışam...

Mən bir həyat hekayəsi...
Neçə-neçə kədər yatır,
ürəyimin ilğım-ilğım
görünməyən tərəfində.
Həsrətimin parçalanmış
baş daşını gizlətmişəm
gözlərimin açılmayan
duman dolu səhərində.

Mən bir həyat hekayəsi...
gecə gündüz çeynədiyim
Nə uda, nə də unuda bildiyim
vüsalının əsiriyəm.
Nə Leyliyəm nə Əsliyəm,
Mən yeni sevgi nəsliyəm.

Mən bir həyat hekayəsi...
Öz içində dustaq olan
heç vaxt yaza bilmədiyim
eşqin bulanıq tamıyam.
Bu qaranlıq zil gecənin
İlıq baxışlarındakı
soyuq sevgi dastanıyam.

Mən bir həyat hekayəsi...
Yıpranmamış həsrətimin
qəhərini uda -uda,
Taleyimin tellərinə
sığal çəkib oxşamışam.
İçimdeki duyğulara
Ürəyimdə məzar qazıb
neçe-neçe şeirləri
bircə-bircə basdırmışam.

Mən bir həyat hekayəsi...
Odu sönmüş tənha ocaq...
Bu gün məni duymayanlar
Bir gün məni oxuyacaq.
Oxuyacaq, anlayacaq...
Amma onda gec olacaq...
Amma onda gec olacaq...

Bütün xəbərlər Facebook səhifəmizdə