HÜMBƏT HƏSƏNOĞLU

- Oğlum, otur, səninlə ciddi söhbət etməliyəm. Məktəb müəllimlərin yenə səndən şikayət edirlər. O nədir, yenə?... Düşüb insanların uşaqlarını pis əməllərdən çəkindirməyə çalışmısan.

Arvad, sən də gəl bura, bu uşaq sənə çəkib, deyəsən. Yadımdadır ki, sən də cavanlıqda bir dəfə qadınların qeybətini kobud surətdə dayandırmağa cəhd etmişdin. - Kişi, cavan idim, çox şeyi bilmirdim, amma o qadınlar da çox haqsız danışırdılar, vallah!

- Oğlum, Allah bizi şeytan kimi yaradıb. Biz gözəl bir şeytan ailəsiyik. Gör Yaradan bizə necə gözəl xüsusiyyətlər verib, istəyəndə insanların gözünə görünməz oluruq, istəyəndə, onların gözünə istənilən qiyafədə görünə bilirik, onların arasında gəzib dolaşırıq.

İşimiz də çox asandır; insanları yaxşı əməllərdən çəkindirmək və onları pis əməllərə şirnikləşdirmək.

Allah bizə lütfkardır, biz özümüz insanların əvəzinə heç nə etmirik. Yaradılışdan heç bir şeytan pis əməl sahibi deyil. Birincisi, bizə belə səlahiyyət verilməyib. İkincisi də, heç bir şeytan özünə rəva bilməz ki, insan kimi alçalıb pis əməl etsin. Yadında saxla, pislik etmək yalnız insana xasdır. Bizim işimiz sadəcə, insanların qəlbinə vəsvəsə ilə paxıllıq, xəbislik, xəsislik salmaqdır. Biz təkid etmirik, yalnız təklif edirik. Son zamanlar işimiz çox asanlaşıb. İnsanların çoxu elə bir himə bənddirlər ki, pulgirliyə, şöhrətə, yaltaqlığa, vəzifə hərisliyinə rəvac versinlər.

İnsanlar Allahın onlara ruh vasitəsilə verdiyi mərhəmətə, ədalətə, səxavətə deyil, palçıqdan düzəlmiş bədən istəklərinə - nəfslərinə tabe olublar. Şərəf, ləyaqət sözü pis sözlərə sinonim olub. Laqeydlik, eqoizm, aqressivlik artıb. Müharibələrlə, xəstəliktörədicilərlə insanların bir - birini öldürmək istəyi artıb. İnsanlar var ki, bizim işimizi bizdən də yaxşı gorürlər: Bəzi məmurlar xalqı talayır, yetimin malını yeyirlər... Amma onu da bilməlisən ki, elə insanlar var ki, bizim onlara gücümüz çatmır. Onlar öz iman və əqidələrində çox sabitqədəmdirlər. Düzdür onlara da mütəmadi olaraq xüsusi dəstədən olan təcrübəli şeytanlar göndəririk. Amma təəssüf ki, onlar çox vaxt əliboş qayıdırlar! Amma arxayın ol, belə insanları adamların çoxunun gözü götürmür, onlara gülür və lağ edirlər, hesab edirlər ki, onlar zamanın nəbzini tuta bilməyiblər. Ədalətə, haqqa qarşı çıxan insanların sayının artması bizi sevindirir və bizim gələcəyə ümidimizi artırır. Oğlum, inanıram ki, dediklərimdən düzgün nəticə çıxarıb böyük şeytan nəslimizə layiq bir şeytan olacaqsan! Başa düşdün, oğlum?

- Hə, ata, mən insanlara oxşamamağa, yaxşı şeytan olmağa söz verirəm. Söz verirəm!..

Sumqayıt şəhəri

May 2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə