ƏLİ ƏLƏMİ

EY DOST
(Professor Sahib Fərzəliyevə ithaf.)

Daim görəsən zəhmətinin bəhrəsin, ey dost!
Göstər, sevinək, ləzzətinin siftəsin, ey dost!

Çox şükr, kitabın, dedilər, ərsəyə gəlmiş,
Arzumdu, alım mən həmi bir nüxsəsin, ey dost!

60 yaşına töhvə edirsən o kitabı?
100-də verəsən elmə böyük dəstəsin, ey dost!

Səssizcə çıxırsan hələ bu pilləkən ilə,
Çox-çox ucalardan gələcəkdir səsin, ey dost!

"Ön söz o kitaba yazarıq", dad eləyən çox,
Bəs kim yazacaqdır o sözün bəstəsin, ey dost?

Bəh-bəh, açılır elm ağacında o çiçəklər,
Dadsın Vətən övladı onun meyvəsin, ey dost!

Bir badə süzərsən mənə, dostlar yığışanda,
Sanma, sevirəm mən də meyin müftəsin, ey dost!

Söz Sahibi, bil ki, Ələminin sözü bitməz,
Qoydu hələ bu şe'r ilə üç nöqtəsin, ey dost...

SAHİB
(Professor Sahib Fərzəliyevin 60 illik yubileyi münasibətilə)

Çoxdandı görünmür, niyə dəymir gözə Sahib?
Derlər ki, gül axtarmağa getmiş düzə Sahib!

Çıxmış o çəmənzarə, fəqət heyrətə gəlmiş,
Eşqiylə, görüb, qalxdı çiçəklər dizə, Sahib.

Bəh! Bəh! Necə təbrik eləyib dostumu güllər,
Yüzlərlə çiçəklər dedi: "Çatsın yüzə Sahib!"

Gül dəstələri seyrdə, neynək, onun olsun,
Bir gül də çəməndən verə nolar bizə Sahib!

Alimdi, o arifdi, işində necə ciddi!
Hərdən də gözəldir ki, olur baməzə Sahib!

Dostlar necə sevmiş onu, çox canıyanandır,
Bir an bəs edər ki, baxa, dərdi sezə Sahib!

Bir arzu ürəkdə necə qövr eyləyir, Allah! -
Rahətcə Qarabağda şərəflə gəzə Sahib!

Yüz yaşını qeyd etməyə mən də verərəm söz,
Amma ki, mənimlə hələ qırx il dözə Sahib!

Ey dost, cavansan, nə deyirsən, babasan sən?
Cəhd eylə, nəticən ola, gəlmə gözə, Sahib!

"Dostlar Klubu" Sumqayıta əsl bəzəkdir,
Daim klubu öz adın ilə bəzə, Sahib!

Söz vurğunusan, dildə qalan başqa nə var ki,
Çatdı Ələminin gücü yalnız sözə, Sahib!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...