Əli ƏLƏMİ

Ey gidi dünya, bu dərd indi səni silkələr,
"Kaş ki"lər neylədi, neyləyəcək "bəlkə"lər?
Bağladı sərhədləri qonşu və dost ölkələr,
Bir-birinə vermir üz bir gilə, yaşmaqlanıb!
Sirrini açmır bizə, dərd hələ, yaşmaqlanıb!

Yaşmaq alıb çək üzə, indi bu cür qaydadır,
Verdi həkim məsləhət - cana, deyir, faydadır,
İndi havalar sərin, müşkülümüz yaydadır.
Gəldi, baharın özü naz ilə, yaşmaqlanıb.
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb!

Ah necə əzbər olub dildə bu "virus" sözü,
Kim gətirib virusu, bəlkə gəlibdir özü?
Gözlə görünməzdir o, kaş elə çıxsın gözü!
Canımıza saldı lap, vəlvələ, yaşmaqlanıb.
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb!

Hər kəsə aiddi bu, fərqi nə, erkək, dişi,
Bəli, həya eyləyir, arvadıtək həm kişi,
Gör nə gülür, qəşş edir, amma görünmür dişi,
Bığları vardır yekə, bir şələ, yaşmaqlanıb.
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb

Gör, necə aləm idi, gör, necə dövran idi,
Keyfimiz o keyf idi, həm də papağ yan idi,
Onda yaşamaq gözəl, iş də ki asan idi!
İşləmirik, çıxmışıq tətilə, yaşmaqlanıb.
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb.

Derlər: "hələ evdə qal", nazlanırıq bir təhər,
Kimlər isə işləyir növbədə axşam-səhər!
Sağlıq ola onlara, görməyələr qəm-kədər,
Tutmadıq onlarla heyf, əl-ələ, yaşmaqlanıb!
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb!

Səbr eləyək, vaxt ötər, indi karantindəyik,
Xoşdu, nə o tindəyik indi, nə bu tindəyik,
Şirə, nərə dönmüşük, bax, elə bir gündəyik,
Başlayarıq bir yeni mərhələ, yaşmaqlanıb!
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb!..
Kimsə qurubdur, yəqin, bir tələ, yaşmaqlanıb!

20.04.2020

Bütün xəbərlər Facebook səhifəmizdə