(Qoşma ənənələri üslubunda)

125 saylı avtobus sürücülərdən bir neçəsinin rəzil hərəkətləri haqqında Nəqliyyat Agentliyinin rəisi Mais Ağayeva «Qaynar xətt» vasitəsilə şikayət etdim. O isə kor-koranə mənim yalan dediyimi iddia edib, sürücülərin rəzalətinə göz yumdu.

Mənə rişxənd edib arxamca gülən,
Dörd-beş sürücünün felinə düşdüm.
Məni sərnişin tək müqəssir bilən,
Mais Ağayevin dilinə düşdüm.

Özümdə cəsarət tapdım nəhayət,
Rəis qırığına etdim şikayət.
O, bu qərarımı saydı qəbahət,
Ağır daş qismində belinə düşdüm.

Dördnala çapmaqda halsız yabını,
Zəhərə döndərdi öz gülabını,
Sirkəsi çatladar bir gün qabını,
Deyər sərt ədalət əlinə düşdüm.

Yumşaq kürsüsündə çatdı qaşını,
Sel kimi axıtdı gur göz yaşını,
Daş atıb altına tutdu başını,
Dedi sürücülər külünə düşdüm.

Yalançı dalında durmağa hazır,
Doğru deyənləri əyriyə yozur,
O, nə bir «hır» qanır, nə də adi «zır»,
Mən də anlaşmazlıq selinə düşdüm.

Beləsi kürsüdən tez düşüb gedər,
Ədalət güc gələr sürüşüb gedər,
Rəzil tiplər ilə görüşüb gedər,
Deyər ki, sərt Xəzri yelinə düşdüm.

Deyəsən, gözünü basıb bunun qan,
Özünü saymaqda doğru danışan,
Əsl fitnəkarı verərək nişan,
Özüm də fitnəkar lilinə düşdüm.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə