Arifə xanıma

Bölməyək dünyanı ikilikdə biz,
Təbiət haqq verməz istəyimizə.
Anda, sədaqətə bağlı eşqimiz,
Sonra qənim olar sevgilim bizə.

Aranın öz yeri, dağın öz yeri,
Hər qarış torpağın sahibkarı var.
Dağları dolaşan davakar qartal,
Bütün zirvələri adına çıxar.

Bölək kəlməsindən qorxuram yaman,
Hər şeyin bütövü yaxşıdır gülüm.
Bizi bir-birindən aralı salan,
Alacaq haqqını inan sevgilim.

Bölməyin ayağı çox ağır olur,
Bölündük yüz ildə nə qazandıq biz.
Şimalın həsrəti Cənub qədərdir,
Cənubun həsrəti ümman bir dəniz.

Bölək qanımızı ikilikdə biz,
Bir xəstə uşağı gətirək cana.
Vətən torpağına qoy həkk olunsun,
Bir sakin bəxş etdik Azərbaycana.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə