(Qış fəslinin 40 günlük böyük və 20 günlük kiçik çillələrini vəsf edirəm)

Ən böyük bəlası bu təbiətin,
Ayaz müjdəçisi olar çillələr.
Bircə ilməsini açmaq çox çətin,
Sirlə, müəmmayla dollar çillələr.

Burunda-boğazda iltibah-ilik,
Yerişdə-duruşda bir ahəstəlik,
Evdən-evə qonar mərəz-xəstəlik,
Canı gicitikən tək dalar çillələr.

Çoxunun qripdən ayılmaz başı,
Adamlar asqırır hər kəlməbaşı,
Param-parça gördüm çilləli daşı,
Allanmış yanağı yalar çillələr.

Kül təpəyə, dönər hər közərən köz,
Eybəcər hal alar xoş sima, pak üz,
Abad yurd yerindən, gecə və gündüz,
Yöndəmsiz cığırlar salar çillələr.

Şər aqibətlidi burda hər səfər,
Çillə-içi dolu bir kuzə zəhər,
Bəlaya aşina növbəti zəfər,
Hər kəsi şahmar tək çalar çillələr.

Coşanda səpələr aləmə şəri,
Xeyli tündləşdirər icişmələri,
Artırar bədəndə gicişmələri,
Adamı quduz tək dalar çillələr.

Bəla-müsibəti şirinləşdirər,
İlıq irmaqları sərinləşdirər,
Dərdi ürəklərdə dərinləşdirər,
Orada əbədi qalar çillələr.

Hər canda yolxumuş çillə həvəsi,
Qanı qaraltmaqla darılmaz nəfsi,
Elə ki, boz ayın dəydi nəfəsi,
Dərhal öləziyib solar çillələr.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə