Oğuz baba

uzun illər
Dəvəsilə duz daşımış
Bu mahaldan o mahala.
Nicat vermiş, həyat
vermiş insanlara
bu minvalla.
Kim deyir ki,
ömürdən pay ola bilməz.
Yorğun babam düz
ömrünü misqal-misqal
düz paylamış insanlara.

Bir gün səfər
qara gəlmiş,
babam yaman büdrəmiş...
Dəvəsinin üz-gözündən
Min bir kərə
öpə-öpə özü üçün
çala qazmış,
Girib məzar otağına.
Bağışlamış pir canım,
İsti vətən torpağıma.
Gözlərindən yaş axıdıb
Sahibindən razı dəvə.
Yerə baxmış, göyə baxmış,
qayıtmamış geri evə.
Çöküb məzar üstünə o,
Təbriz eli görsün deyə,
birdən-birə daşa dönmüş,
məzar üstü başa dönmüş.
İndi bu dağ əsrlərin
sərt üzünə sinə gərən,
heykəlləşən
Haca dağdır.
Əsl adı sahibinə
sədaqətli
Dəvə dağdır,
Dəvə dağdır.



Ramiq Muxtar,
Prezident təqaüdçüsü,
"Şərəf" ordenli
Rəsul Rza adına Beynəlxalq
Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...