Hamımızın uşaqlıq illərinin xatirəsində çox bəyəndiyimiz bir film var – "Axırıncı aşırım". Fərman Kərimzadənin ssenarisi əsasında çəkilmiş bu filmdə Kərbalayı İsmayıl, Abbasqulu bəy, Qəmlo, Xəlil kimi şəxsiyyətlərin sovet dövründə Azərbaycan tarixinin saxtalaşdırılması ilə əlaqədar olaraq, seçilmiş, tanınmış insanların ictimai fəaliyyətinin əsl məkam və məqsədini müxtəlif bəhanələrlə gizlədilərək, millət sevərliklərinə, vətənpərvərliklərinə, xalq üçün gördükləri işə kölgə salmaq prosesi aparılırdı. Həqiqətlərə yalan donunu böyük məharətlə geyindirən şura hökümətinin qanunları tələb edirdi ki, bu cür tarixi şəxsiyyətlər tamam başqa prizmada təqdim olunsunlar. Amma düşünürəm ki, tarixi şəxsiyyətlər haqqında əsl həqiqətin öyrənilməsi və geniş ictimaiyyətə çatdırmaq hər bir vətəndaşın borcudur. Azərbaycanın qəhrəmanları səlnaməsində özünə məxsus yeri olan Abbasqulu bəy Şadlınski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi mahalında anadan olub. İki sinifli rus-tatar məktəbini bitirib, bir müddət mirab işləyib. 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırım törətdiyi bir vaxtda, Əliheydər Qarayev, Həmid Sultanov, Çingiz İldırım və s. kimi düşmən dəyirmanına su tökən alçaqlardan fərqli olaraq Şadlinski, Qəmlo, Xəlil, Kərbalayı İsmaıl kimi qəhrəmanlardan ibarət könüllü xalq birləşməsini yaratmışdır. Tarixdə sonradan bu xalq birləşməsi "Qırmızı Tabor" kimi tanınmışdır.
Bu taborun 19 nəfəri sonralar "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdular. Abbasqulu ağa Şidlinski İran şahı ilə olan dostluq münasibətlərindən istifadə edərək 1918-1919-cu ilin yay aylarında Vedibasar və Zəncibasar əhalisinin əksər hissəsi ilə İrana keçərək Xoy və Mərənd şəhəri ətrafında mövqe tutmuşdur. 28 iyul 1920-ci ildə Naxçıvanda Sovet hakimiyyəti elan olunduqdan sonra Nəriman Nərimanov və Hərbi İnqilab komitəsinin dəvəti ilə 17 sentyabr tarixində 200 nəfərlə Naxçıvana gəlmiş, cəllad Dronun başçılıq etdiyi daşnak qüvvələrini darmadağın etmişdir. Bununla da o, ingilis-daşnak işğalına son qoymuşdur. Bu xidmətlərinə görə onu Nəriman Nərimanov "Qızıl ulduz" medalı ilə təltif etmişdir. 1922-ci ilin sonunadək Naxçıvanda qalmış, sərhədlərin qorunmasına rəhbərlik etmişdir. Vediyə qayıtdıqdan sonra 1922-1928-ci illərdə o vaxtki, Ermənistan SSR-də bir sıra məsul vəzifələrdə işləmiş, burada yaradılan Dəvəli sement zavodunun tikintisinə rəhbərlik etmişdir. Şadlinski 1930-cu ildə fevral ayında "Qaratorpaq" adlanan yerdə erməni daşnaklarının qurduğu pusquya düşmüş, Xəlil və başqa silahdaşları ilə bərabər qətlə yetirilmişdir. Tarixi araşdırmalara görə filmdə Talıbov kimi göstərilən surət əslində ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olmuş, Şadlinskinin ordan keçəcəyinidə ermənilərə məhz o xəbər verib. Bəyin ilk həyat yoldaşı Nazlı xanım Cəlali kürd qızı olub, lakin övladları olmayıb. İkinci həyat yoldaşından isə İsgəndər, Məmməd, İsfəndiyar və Tacıxanım adında 4 övladı olub. İsgəndər Böyük Vətən müharibəsində həlak olub. Məmməd cavan ikən heç evlənmədən vəfat edib. İsfəndiyar son illərə kimi İmişlidə yaşayıb, uzun illər müəllimlik edib. Nəvələri hal-hazırda orada yaşayır. Onlardan biri Abbasqulu bəyin adını daşıyır. Represiya zamanı məcburən Şadlinskilər nəsli Sultanov, Süleymanov, Əliyev, Tağıyev, Canbazov və sairə familiyalarını daşımışdılar.
Bizə tez-tez Nuru Paşanın, türklərin Azərbaycanın xilaskarı kimi təqdim edirlər. Bu yaxınlarda araşdırmalar nəticəsində məlum olub ki, Mustafa Kamal Atatürk 2 ay Osmanlı imperiyasından gizlənərək Vedibasarda Şadlinskinin yanında qalıb, Bəyin bacısı qızı Pəri xanım ona qulluq etmişdir. Abbasqulu bəyin qəbri Vedibasarda "zavodun yanı" deyilən yerdədir. Nə qədər ki, müsəlmanlar orda yaşayırdı, Şadlinskinin vurulduğu sıldırım quyuya daim güllər atardılar. Ermənilər bir qulağı olmayan Andrunikə milli qəhrəman kimi baxdıqları halda, biz niyə Şadlinskilərə, Qəmlolara, Kərbalayı İsmayıllara, Məhərrəmlərə, Səttar oğlu Musalara dəyər verməyərək qəbirlərinə sahib çıxıb, qoruya bilmədiklərimiz bu el qəhrəmanlarının adını daim uca tutmuruq? Bunlar bir nəslin, bir elatın deyil, bütün Azərbaycanın qəhrəman övladlarıdır. Bax, ona görə də atalarımız deyib ki, "unutsaq, unudularıq".

Anar HÜSÜYN AĞBABALI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB