Rudəki: “Dostları görməkdən böyük sevinc, dostlarla ayrılmaqdan acı dərd, üzüntü yoxdur”

Hamı baharın gəlişini gözləyir və hamı tədarük görürdü. Bu gecə bayram axşamı olacaqdı. Ata-babaların təbirincə il təhvil olurdu. Qız-gəlinlər sandıqdan bayram libaslarını çıxarıb tozunu alır, ütüləyir, axşama hazırlaşırdılar. Analar süfrə hazırlığı görür, nənələr də plov qazanlarını təmizləyir, təndir qalayır, kimisi hazırladığı xəmir kündələrini təndirə yapırdı, - bayram çörəyi bişirsin deyə... Kişilər də bekar qalmamışdılar. İtilədikləri baltaları işə salaraq odun-çilə hazırlığı görürdülər.

Həyətlərdən küçələrə toplaşan oğlan uşaqları atılıb-düşür, şənlənir, kimisi yumurta döyüşdürürdü. Bir sözlə hamı öz işini görürdü. Gün günortaya yaxınlaşır, öz zərrin tellərini yer üzərinə doğru uzadırdı. Elə bu vaxt kimsə: - Ay qız, Töhfə, Rüxsarə gəlin azad oldu, Fəyyaz əminin oğlu oldu ey, oğlu oldu...

Şad xəbər bir anda bütün kəndi dolandı. Xəbəri yayan əsasən uşaqlar idi. Onlar küçədən-küçəyə, evdən-evə qaçaraq səs-səsə verir, kənd camaatını məsələdən agah edirdilər.

Bu uşaq Talış dagların ətəyində, Viləş çayının sag sahilində yerləşən axar-baxarlı Yeyənkənddə anadan olmuşdu.

Almanlarla mənfur müharibənin başlanmasına hələ il yarım vardi. Kimsə bilmirdi ki, qarşıda böyük müharibə başlayacaq, kişilər, cavanlar döyüşən orduya gedəcək, təsərrüfatda yaşlı kişilər və analarımız qalacaqlar.

"Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!" şüarı arxa cəbhədə çalışanların həyat kredosuna çevriləcəkdi...

Sıravi kolxozçudan kolxoz sədrliyinə irəli çəkilmiş Fəyyaz kişi bayram axşamı olmasına baxmayaraq, sübh tezdən təsərrüfatlara baş çəkmək üçün evdən çıxsa da, həyat yoldaşı Rüxsarədən nigaran idi. Axı ilk övlad dünyaya gətirəcəkdi onun Rüxsarəsi... Sonra səbr Allahın adıdır deyə düşündü. Kənddəkilər ona çox vaxt "Qədiroğlu" deyirdilər. "Qədiroğlu halal, mərd və dürüst adamdır" söyləyirdilər. İllər bir-birini əvəz etdi. Qədiroğlunun sonradan Asiya, Şəfiqə və Vaqif adlı uşaqları da dünyaya gəl.

... Əlli milyon insanın həyatına son qoyan qanlı, dəhşətli Böyük Vətən Müharibəsi başa çatdı, faşist Almaniyası darmadağın olundu.

İllər keçdi, Qədiroğlunun ilk övladı Aydın orta məktəbi əla qiymətlərlə bitirdi. O, 1958-ci ildə Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə müvəffəqiyyətlə imtahan verərək daxil oldu. Atası Fəyyaz, anası Rüxsarə, bacıları və qardaşı Vaqif çox sevinirdilər.

Elə məktəb illərinin yeniyetmə çağlarından mavigözlü Aydın kənd qızlarının diqqətini cəlb etmişdi. Onlardan bəziləri Aydını görəndə, ona oğrun-oğrun baxırdılar.

Yay semestr imhanlarını verib, kəndə dönəndə çiyinlərində səhəng bulaq başından qayıdan qırmızıyanaq, incəbelli, sarmaşıq hörüklü qızlar onu görüb qımışar, bir-

birilərinə nəsə pıçıldayardılar. Aydın isə təbiətən həyalı və utancaq olduğundan yanlarından xəfif yel tək ötər, xəyallar aləmində üzərdi. Arzuları gələcək fəaliyyəti ilə bağlı idi. Axı o illərdə rayonda ali təhsilli əczaçı demək olar ki az idi. Xalqa xidmət etmək, rayonda səhiyyənin inkişaf səviyyəsini qaldırmaq, bir də sevib-seçdiyi qızla ailə qurmaq istəyi ilə yaşayırdı gənc Aydın həkim.

Altımışıncı illərdə Aydın ali məktəbi bitirərək, rayonun "kohnə bazar" kimi tanınan ticarət mərkəzində yerləşən aptekdə işləməyə başlayır.

Günlərin birində günortaya yaxın orta boylu, ağbənizli, iri alagözlü, qara saçlarını qoşa hörmüş gənc bir qız aptekə daxil oldu. Ürkək-ürkək aptekin piştaxtasına yaxınlaşaraq pəncərə şüşəsini zərif barmaqları ilə yüngülcə döyəclədi. Aydın həkim bu zaman dərmanları rəflərə düzməklə məşğul idi, o səsə piştaxtaya yaxınlaşdı və ani olaraq elə bil donub qaldı. Gözləri gənc və gözəl qızın gözlərinə dikildi. Ha istədisə nəzərlərini yana çevirsin, bacarmadı, sanki sehrlənmişdi. Qız isə bu baxışların ağırlığı altında əzilirmiş kimi başını aşağı dikdi, saniyələr keçdi. Nəhayət, Aydın həkim bu sehrdən qurtularaq: - buyurun, xanım qız, sizi dinləyirəm,- deyə bildi.

- Başağrı dərmanı lazımdır.

- Başınız ağrıyır? – dedi Aydın həkim

- Xeyir, anam üçün alıram.

Aydın həkim lazım olan dərmanları verib onu yola saldı. Qız gedəndən sonra Aydın xeyli özünə gələ bilmədi. Ürəyi narahat-narahat qəfəsə salınmış quş kimi çırpınırdı. Ürəyinin döyüntüsü qulaqlarına gəlirdi. Nəsə itirmiş adam kimi aptekin içində vurnuxurdu. Ona nə olmuşdu, nə baş vermişdi hələ anlaya bilmirdi. Doğrudanmı o, ilk baxışdan vurulmuşdu. Bu suallara cavab tapmaq istəyirdi. Bir də onu görə biləcəyəmmi!? Allah bilir bir də nə vaxt... Nəhayət özünü sakitləşdirdi, düşündü ki, o yenə gələcək. Dava-dərman hansı evə lazım olmurdu ki?!...

Həmin gündən bir həftə keçmişdi, Aydına bu günlər bir il qədər uzun görünmüşdü. O qız yenə gəldi, bu dəfə diş ağrı dərmanı üçün. Yenə utana-utana yaxınlaşıb dərman istədi. Yenə də baxışlar bir-birinə tuş gəldi, baxışlar danışdı. Dərmanı alıb aptekdən çıxdı. Aydın bir az keçmiş onun arxasınca düşdü. Qızı evlərinə qədər müşayət edib geri qayıdanda, qonşu həyətdən çıxan 10-12 yaşlarında bir qız uşağından onu maraqlandıran ünvanın kimə məxsus olduğunu soruşdu. Həbib əmigilin evidir.

- Qızım, hansı Həbib əmi? – deyə, soruşdu.

- Familyası Hüseynovdur, ay əmi.

- Bu gün nə uğurlu gündür, - düşündü Aydın həkim. Gəncliyinin bahar çağında vurulduğu qızın ünvanını, hətta kimlərdən olduğunu öyrənmişdir. O, artıq yeddi ilə yaxın idi ki, rayonda işləyirdi, kimin kimliyini yaxşı bilirdi. Həbib Hüseynov rayonun sayılıb-seçilən kişilərindən idi və onunla qohum olmağa dəyərdi. El adəti ilə elçi gedildi, Aydın həkim 1970-ci ildə Masallı rayon sakini – aptekdə bir baxışdan görüb vurulduğu Zümrüd xanımla ailə həyatı qurdu. İlk övladı Müşviq 1972-ci ildə dünyaya göz açdı. Orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan

Tibb Universitetinə qəbul oldu. Illər keçdi, Müşviq ali təhsilini başa vurub ata ocağına döndü. Professor Əvəz Cəbiyev adına rayon Mərkəzi xəstəxanasında terapevt-həkim kimi fəaliyyətə başladı. Ailə qurdu. Böyük qızına nənəsi Rüxsarənin adını qoydu, sonra Sahib, Xumar və Leyla adnda uşaqları oldu. Rüxsarə elə bu il orta məktəbi bitirərək müvəffəqiyyətlə test imtahanı verdi və Azərbaycan Dövlət Universitetinin kimya-biologiya fakültəsinə daxil oldu.

1990-cı illərdə keçmiş İcrayyə Komitəsinin binasında "Aydın" aptekini yaratdı.

Mən ona "Aydın əmi" deyərək müraciət edərdim.

İkinci övladı Vüqar Müşviqdən bir il sonra anadan oldu. Koperasiya Universitetinin buxalteriya şöbəsini bitirib. Ailə qurub. Hüseyn, Zəhra və Zümrüd adında uşağları var.

Qədirova Vüsalə Aydın qızı ailəlidir, Masallı şəhərində yaşayır.

Aydın həkimin dördüncü övladı Məzahir 1979-cu ildə dünyaya göz açıb. "Loğman" tibb məktəbinin əczaçılıq fakültəsini bitirib. "Aydın" aptekdə işləyir. Onun Cəlil, Xəlil və Yusif adlı üç oğul övladı vardır.

Haşıyyə: Bunu da deyim ki, Aydın həkim sonralar Bədəlan çay fabrikinin inzibati binasında yerləşən aptekin müdiri işləyirdi. Mən onunla 1977-ci ildə Bədəlan kənd orta texniki-peşə məktəbində müavin işləyərkən tanış olmuşdum. O zaman təkcə rayonda deyil, Respublikada tanınan nüfuzlu ziyalı, istedadlı qələm sahibi İsmayıl Şükürov peşə məktəbinin direktoru, təşkilatçı müavin isə uzun müddət partiya-sovet orqanlarında çalışmış Abuzər Mikayılov idi. Mən bu iki təcrübəli, dəyərli insanlardan çox şey öyrəndim. Daha sonra Aydın həkim İsgəndərlidə yerləşən sovxoz tikinti idarəsinin inzibati binasında aptek müdiri kimi də işlədi.

Aydın həkimlə münasibətim yaxşı olduğundan hər üç oğul övladına yaxşı bələd idim. Ədəb-ərkanlı, təvazökar, hörmət və izzətli. Belə ki, yaxşı övladlar böyütmüşdü Aydın həkim... Gözləri arxada qalmayacaqdı övladları sarıdan...

Necə olsa vəfasız dünyadır. Bu gün vardı, sabah yox. Beləcə günlər, aylar, illər bir-birini əvəz edirdi.

Qışın oğlan çağı idi. Yeni ilin ikinci ayı başlamışdı. 1983-cü ildən ürəyində problem əmələ gəlmişdi Aydın əminin. Bunu mənə özü danışmışdı Aydın həkim. Böyük Yaradan hələ ki yaşadır deyirdi Aydın əmi. Amma həmin günlər onu rayonda görməyəndə oğlu həkim Müşviqdən Aydın həkimi soruşdum.

-Ata xəstə yatır, müəllim, - dedi.

Mən Allahdan ona şəfa dilədim.

Qışın oğlan çağı idi. Fevral ayının 12-sində rayonda "Aydın" aptekin bağlı olduğunu gördüm. Ürəyimə damdı ki, təkcə rayonumuzda deyil, ondan kənarda da onu tanıyanlar tərəfindən hörmətlə qarşılanan Aydın həkim artıq həyatda yoxdur. Sonra Zəkəriyyə həkimə zəng vurdum. O, mənim gümanımı təsdiqlədi, soruşdum ki, hüzn yerinə nə vaxt gedək? Söylədi ki, gözləyin, gəlirəm.

Allah rəhmət etsin!

O, nakam getmədi. Ağıl-kamal sahibi olan övladlar qoyub bu dünyanı tərk etmişdir. Bir mahnıda deyildiyi kimi:

Kimlər gəldi, kimlər getdi,

Bu dünyadan, bu dünyadan!...

Arif olan nakam getməz,

Bu dünyadan, bu dünyadan!...

Bu ilin fevral ayının 12-də Aydın həkimin haqq dünyasına qovuşmağından bir il ötür. Bəli. Bir ildir ki, Aydın həkimsiz yaşayırıq. Əlbəttə, o, dünyasını cismani dəyişsə də əbədilik bizim, yəni onu tanıyanların qəlbindədir. Onu isə təxminən 200 min əhalisi olan Masallı rayonu və bu rayonla qonşu olan rayonların insanlarının da çoxu tanıyırdı və ona böyük hörmətlə yanaşırdı. Aydın həkim uzun illər ən çətin tapılan dərmanları belə öz qiymətinə onlar üçün tapıb gətizdirirdi. Bəli. O, adı kimi də hər əməlində aydın və təmiz idi. Bax, ona görə də Aydın həkimin cismani yoxluğu ilə barışa bilmirik.

Şərafət Sadiqoğlu,

"Qızıl qələm", mediya mükafatı laureatı.

Bütün xəbərlər Facebook səhifəmizdə