İSRAİL İSMAYILOV

(Hekayə)

Xanış nə vaxtdan idi ki, xalasının kürəkəni Stepana (ona bu adı babası gorbagor, Stepan Şaumyan gorbagorun şərəfinə qoymuşdu.) yalvarırdı ki, onun canını bu marşurutkadan qurtarsın. Stepan əslən xalis Qərbi Azərbaycanlı, həm də xalis müsəlman idi. Hətta uşaq vaxtı valideynləri ona təmtaraqlı sünnət toyu da eləmişdilər. Baxmayaraq ki, indi o, heç bir müsəlman adət-ənənəsini bilmirdi, soruşanda deyirdi ki, işimlə əlaqədar belə şeylərlə məşğul olmağa vaxtım yoxdur. Çünki Stepan böyük yerdə, böyük adamın sürücüsü işləyirdi. Əli çox yerlərə girirdi. Hətta, onun əli elə yerlərə girirdi ki, o yerlərin adını burada çəkmək bütün əxlaq normalarından kənara çıxmaq deməkdi.

Xanış da, özü demişkən "Şofer baba" idi. Amma, o, balaca bir marşurutka sürürdü. Demək olar ki, hər gün eyni adamları öz iş-güclərini görmək üçün maşınında "oyan-buyana" aparıb gətirirdi. Bəzən elə sərnişinləri olurdu ki, heç yol pulunu verməyə də imkanı olmurdu. Allah tərəfi onda Xanış onlara heç nə demirdi. Əksinə, hələ lazım gələndə belələrinə pul da təklif edirdi. Planı isə güclə yığırdı. Çox vaxtı evə tamam əliboş gəlirdi, ancaq plana işləyirdi.

Bu yeknəsəklik, gündəlik özünütəkrar Xanışı cana yığdığı üçün o, xalasının kürəkənindən, yəni Stepandan iş məsələsi ilə əlaqədar xahiş eləmişdi, o da, söz vermişdi ki, Xanışa yaxşı bir "Xozeyin şoferi" işi düzəldəcək. Allahtərəfi Stepan dediyi sözünün üstündə durdu və Xanışı böyük firmalardan birinin şefinin sürücüsü işinə düzəltdi. Özü də heç nəsiz, bir dənə, əntiqə "Sağ ola"a. Xanış da "as" şoferdi. Maşına oturan kimi necə səliqəli, diqqətli, usta maşın sürmüşdüsə, elə birinci gündən xozeynin xoşuna gəlmişdi və xozeyin zəng edib Stepana təşəkkür eləmişdi.

Amma, o günki hadisə, hər şeyi alt-üst elədi.

Xozeyin Xanışı çağırıb dedi ki,- zəng edib yer sifariş eləmişəm, üç-dörd dostumuzla dənizin kənarındakı restoranlardan birində işdən sonra bir az dincələcəyik. Heç yerə getmə. Ola bilsin ki, axşam bir az işlərimiz olsun...

Xanış heç nə demədən, sifətinin dili ilə desək, "əmrə müntəzir" olduğunu bildirdi.

Təxminən iki saatdan sonra, hava qaralanda Xanışın xozeyini işdən çıxıb maşına əyləşdi və bircə kəlmə - Zuğulba tərəfə sür,- dedi.

Bütün yol boyu mobil telefonla bir neçə nəfərə zəng edib, xoş əhval-ruhiyə ilə darıxmasınlar deyə gəldiyini bildirən şef, hər dəfə də telefonu qapadıb növbəti nömrəni yığmamışdan əvvəl - demək işlər əla gedir,-deyə öz-özünə sanki hesabat da verirdi. Nəhayət, bağ-bağatlı, dəbdəbəli bir restoranın qabağında dayandılar. Xozeyin Xanışa maşını bir kənara verib gözləməsini tapşırdı. Xanış üç qızın (və ya qadının) və iki kişinin onun şefiylə görüşüb, öpüşdüyünü gördü. O, əvvəl elə hesab etdi ki, xozeyinin görüşdüyü o insanlar yəqin ki, onun ailə üzvüləri, ya da yaxın qohumlarıdır...

Gecənin yarsına yaxın xozeyin, yanında bayaqkılardan biri səndəliyə-səndəliyə restorandan çıxdı. Hiss olunurdu ki, hər ikisi içkilidirlər. Xanış maşını onların qarşısına sürüb saxladı, düşüb arxa qapını açdı, əvvəlcə o qadın, sonra isə şef maşına əyləşdilər. Xanış maşına minən qadını tanıdı. Səhər həmən bu "nazlı xanımı" işə gələndə görmüşdü. Demək onun iş yoldaşları idi, bu qadınlar. Bayaqkı o qadınları da tanımışdı, onları da səhər işdə görmüşdü...

Xanış maşını restoranın həyətindən uzaqlaşdırıb şəhər istiqamətinə dönəndə, arxaya baxmadan şefindən haraya gedəcəklərini xəbər aldı. Şef dedi:

- Sür bizə, onsuz da evdə heç kim yoxdur. Deyirəm, mənim gözəlim gecə də bizdə qalsın.

Lakin şef sözünü qurtarmamış xanım qəti şəkildə etiraz elədi.

- Yox-yox, mənim əzizim. Ərim səhər tezdən işdən qayıdacaq, o, gecə növbəsindədir. Gəlib məni evdə görməsə mənim barəmdə nə fikriləşər?

- Yaxşı, onda əvvəl sür Keşlə tərəfə, sonra da məni evə apar.

Təxminən yarım saatdan sonra, Xanış o qadını deyilən ünvanda düşürtdü. Şef özü də o qadınla düşüb qadının girdiyi evin bloku qabağında onun ovcuna bir düyün pul basdı və üzündən öpüb maşına döndü.

Şef maşında həmişəki kimi arxada oturmadı, keçib qarşıda, Xanışın yanında əyləşdi və sür gedək, – dedi.

Sonra sözarası bildirdi ki, bu xanım da, onun yoldaşı da onun yerlisidir, kömək məqsədi ilə öz yanına işə götürüb.

Maşın H. Əliyev prospekti ilə hərəkət edəndə, rəhbərin böyük portreti, gur işıqlı, enli, səliqəli küçənin, yaraşıqlı, gözəl şəhərin görüntüsü, görünür ki, şefə xüsusi ləzzət verdi və şef özündən asılı olmayaraq –Allah, sənə rəhmət eləsin, – dedi.

Xanış bir şey anlamadığı üçün dilləndi:

- Şef, soruşmaq ayıb olmasın, siz o rəhməti kimə dediniz?

- Bu kişiyə?

- Hansı kişiyə?

- Bu prospekt kimin adınadır, o kişiyə deyirəm Bizim üçün bu xoşbəxt günləri o qoyub getdi. O olmasaydı indi Allah bilir orada ermənilər bizim başımıza hansı oyunları gətirəcəkdi. Gəldik, ağ günə çıxdıq...

- Hə, elədi...

Hər ikisi bir az susdular. Sonra yenə də bu qısa sükutu şef pozdu!

- Bax, görürsən, Xanış, – dedi:- Allaha şükür işlərim əla gedir. İstədiyim kefimi kef eləyirəm ailəm də ki, öz yerində. Keçən həftə arvadım dedi ki, dincəlməyə Antaliyaya getmək istəyir. O birisi il Bolqarıstanda olmuşdu. Dedim "no problem". Bir aylıq bir putyovka götürdüm onunçün, uşağı da götürdü getdi. Dedim get həm özün dincəl, həm də uşaq indidən gözü açıq böyüsün, necə deyərlər görsün, götürsün. Uşağın da hələ ki, üç yaşı var, adı da Ceyrandır, elə özü də ceyrandır balamın. Rəhmətlik qaynanamın bacısının adıdır, adı...

- Neçə yaşı var?

- Kimin?

- Qızının!

- Uşaqdır, mənim yeməli balam. Cəmi üç yaşı var. Anası kimi gözəldir balam...

Yenə araya kiçik bir sakitlik çökdü. Yenə bu kiçik sakitliyi şef pozdu.

- Əə, Xanış –dedi- Bu isti yay günlərində siz arvadlarınızı istirahətə, dincəlməyə hara göndərirsiz?

Xanış çox fikirləşmədən cavab verdi:

- Şef, biz arvadı alanda, özümüz üçün alırıq. Bizim arvadların kurortları, istirahət evləri, sanatoriyaları öz qucağımız, öz yorğan-döşəyimizdir. Onlar öz qucağımızda rahatlanıb dincəlirlər...

Xanış şefi evinin qabağında düşürdəndə maşının açarlarını da ona verdi. Evinə piyada qayıtdı.

Üç gündən sonra Xanış yenə öz "marşurutkasında" sərnişinlərinə xidmət edirdi.

Müqəddəs

(Hekayə)

Gülcənnət arvad nə qədər çalışdısa qızından təzə doğulan oğlan uşağının atasının kim olduğunu öyrənə bilmədi. Çünki qız hər dəfə, bir neçə kişinin adını çəkirdi, hamısı da ayrı-ayrı adamlar, ayrı-ayrı adlar olurdu. Uşağın doğulduğu gün ilə hesablayanda, anasının ilkin hamiləlik dövrü, şəhərin iki-üç barlarına qızının eyni vaxtda müntəzəm getdiyi günlərə təsadüf edirdi. Həmən vaxtlarda qızı həftələrlə evə gəlməyib, elə barlarda gecələyirdi. İstəmirdi ki, qızı cəmiyyətdən geri qalsın, mədəni həyat tərzindən məhrum olsun, gənclik illərini onun özü kimi mənasız keçirməsin, istəmirdi ki, uşağı özü kimi "bədbəxt" olsun. Gülcənnəti heç on doqquz yaşı olmamış ərə vermişdilər. O da cəmi bir ilin gəlini olmuşdu. Cecələri oyaq qalıb şəhərin küçələrini gəzdiyi, gündüzləri yatdığı üçün əri onu bir qız uşağı ilə boşamışdı.O da, bir uşağı ilə birotaqlı mənzilində bircə balasını "bircədənə" kimi böyütmüşdü. Heç ərindən də uşağı üçün aliment də tələb eləməmişdi. Həmişə evinə gələn kişi xeylaqları, uşağın ovcunu heç vaxt pulsuz qoymamışdılar.

İndi, bu bircə balası, çoxdan böyüyüb ərsəyə çatmışdı. Doğrudur, istəyəni olmasa da, heç özü də ərə getmək istəməmişdi. Otuz yaşı olmasına baxmayaraq heç bir yerdə işləmirdi, daha doğrusu işləməyə ehtiyac duymamışdı. Özü demişgən iş onun əl-ayağını bağlayacaqdı, sərbəstliyini əlindən alacaqdı. Belədə isə işi pis getmirdi. İşdə müqayisədə qazancı nəinki birə beş, lap birə onbeş idi.

Gülcənnəti narahat eləyən məsələ təkcə bu uşağın atasının kimliyini tapıb ortaya çıxartmaq idi. Uşağın atasının kimliyi bilinmədiyi üçün uşağa yaş kağızı almaq məsələsi də müşkül olmuşdu. Odur ki, Gülcənnət arvad hərdən bizim bu Milli Məclisin də ünvanına yüngül də olsa bir təhgiramiz söz işlədib məzəmmət edirdi ki, nəyə görə indiyə qədər neçə-neçə qanunlar qəbul edən Milli Məclis bu günə kimi müvafiq bir qərar qəbul eləməyiblər ki, "atasız doğulan uşaqların, atalarının kim olduğu tələb olunmasın". Deyən lazımdır, ay cənab deputatlar, uşağı kişilər

yox arvadlar doğur, qoy elə uşağın valideyni kimi əsas qadın qəbul olunsun, bununla da iş bitsin. Belə vəziyyətdə o yazıq qadın hansı kişinin yaxasından yapışsın ki, bəs bu uşağın atası sənsən..

Artıq uşaq üç ay idi ki, doğulmuşdu, əl-qol atırdı, gülürdü, qığıldayırdı. Adam istəyirdi uşağı, necə deyərlər, istədiyindən yesin.

Gülcənnət arvad hələ uşağın adını da qoymamışdı. Çünki o, istəyirdi uşağın adı özünə, yəni uşağa yaraşan ad olsun...

Çox götür-qoydan sonra Gülcənnət arvad qəti qərarını verdi və qızına bildirdi:

- Biz bu uşağın atasını tapıb hökmən ortaya çıxarmalıyıq.

-Hansı yolla, hansı üsulla ana,-deyə qızı cavab verdi.

-Qanla, yalnız qanla.

-Ay ana, mənim qan töküb, gedib türmədə yatmaq fikrim yoxdur. Sənə də bunu məsləhət görmürəm, bu yaşında belə iş tutasan.

-Ay qız, nə qan tökmək, nə türmədə yatmaq. Mən başqa qan deyirəm.

-O nə qandır elə?

-Qan qrupu. Uşağın qan qrupunu təyin elətdirib, o kişilərdən hansının qan qrupuna uyğun gəlsə, həmən adama deyərik ki, uşağın atası sənsən! Etiraz eləsə, veririk məhkəməyə. Onsuz da, məhkəmə uşağa ata tapılsın deyə işi bizim xeyirimizə həll edəcək.

Qızı əvvəlcə istədi anasına etiraz eləsin. Odur ki dedi:

-Birdən bir neçəsinin qanı ilə uyğun gəldi, onda nə edəcəyik?

-Neçəsi ilə uyğun gəlsə, hamsına deyərik ki, uşaq səndədir. Lap lazım gəlsə, elə hamısından aliment alarıq. Mən səninçün o vaxt atandan aliment almadım, amma sonra peşiman oldum. Sən mənim kimi sadəlöv, xam olma. Dur üzlərinə, sübut elə ki, uşaq ondandır, pulunu al. İndi pul hər şeyi həll edir. Pulsuz adamı it yerinə də qoymurlar. Pullu adam isə nə qədər pis yollarda olursa – olsun, ona ya kişi, ya da xanım deyirlər. Odur ki, sən əsas məsələ kimi pulu fikirləş, pulu...

Qız susub anası deyənlərə qulaq asırdı və bununla da öz razılığını mümayiş elətdirirdi.

Səhər tezdən ana və qızı uşağı götürüb üz tutdular poliklinikaya. Təxminən yarım saatdan sonra bütün poliklinika təşviş, həyacan içində idi. Uşağın qanı heç bir qan qrupuna uyğun gəlmirdi. Daha doğrusu, bütün qan qruplarını özündə əks etdirirdi. Qısa bir vaxtda qanköçürmə institutunun, Səhiyyə Nazirliyinin əməkdaşları axın-axın poliklinikaya, uşağın görüşünə gəlirdilər. Hələ də adı olmayan gələcəyimizin igidi, qəhrəmanı olacaq balamız, kimi görürdüsə üzünə gülürdü və bununla da bu körpə ümumxalq məhsulu olduğu kimi, ümumxalq məhəbbətini də indidən qazanırdı...

Gülcənnət arvad da, qızı da çaşbaş qalmışdılar. Nə edəcəklərini bilmirdilər. Amma, bu çaşqınlıq uzun sürmədi.

Səhiyyə Nazirliyinin məsul əməkdaşlarından biri Gülcənnət arvada yaxınlaşıb dedi:

- Xanım, sizi təbrik edirik sizin bu körpəniz, yəni nəvəniz həqiqətən də çox qeyri - adi və həm də çox sağlam bir uşaq olmaqla müasir cəmiyyətimizin özünü əks etdirir, cəmiyyətin tələblərinə uyğun doğulmuş bir uşaqdır. Bu uşaqla bu gün

cəmiyyətimiz tam fəxr edə bilər. Bu uşağın qan qrupu, xoş gələcəkli bir uşaq olmasından xəbər verir. Belə insanlar yüz milyondan, bəlkə də milyarddan bir doğula bilər. Bu xoşbəxtlik sizin ailənin payına düşüb. Siz bununla sevinməlisiniz...

Gülcənnət arvad qızını nə vaxt bağrına basıb öpüşlərə qərq etdiyini bilmədi və həqiqi mənada qızı ilə fəxr elədi, eyni zamanda ürəyindən keçdi ki, "kaş mən də indi sənin yaşında olaydım, onda görərdin ki, bu günki gündə səndən də bacarıqlıları ola bilər. Amma elə sən də mənim özümkisən, sən də elə mənsən" deyə fikrləşdi..

Təxminən üç-dörd saatdan sonra uşağı elmi-tədqiqat institutuna apardılar, yenidən qan analizi elədilər. Poliklinikadakı analizlər öz düzgün təsdiqini tapdı. Bundan sonra isə işə lap yuxarılar qarışdı və günün axırına yüksək səviyyədə qərar qəbul olundu ki, uşaq ömürlük Dövlət himayəsində, tam təminatda yaşamalıdır. Lakin bircə uşağın adı, soyad məsələsi qalmışdı. Bu məsəl də öz həllini institutda tapdı. Qısa bir vaxtda bir yerə yığılan elmi şura bu qeyri- adi Allah bəndəsi olan uşağa paklığ və ülvülük rəmzini özündə təcəssüm etdirən " Müqəddəs" adını verdilər. Bu həm ad, həm də soyad oldu. Gülcənnət arvadın isə sevincinin həddi, hüdudu yox idi...

Bütün xəbərlər Facebook səhifəmizdə