Əsl vətənpərvər İNSAN Böyük məktəb

Ümumi milli varlığımızda təcəssüm edən müqəddərat birliyi, ümumi mənəviyyatımızda təcəssüm edən mədəni birlik, məişət, güzəran, dolanışıq və fəaliyyətdə təcəssüm edən iqtisadi birlik, müqəddəs Vətən, qüdrətli dövlət və qanunlarda təcəssüm edən inzibati birlik, davranış, ənənə və psixoloji vicdanımızda təcəssüm edən xarakter birliyi xalqın övladı kimi hər birimizin tərcümeyi-halıdır. Peşə, ixtisas, cins, yaş və s. digər mənsubiyyətindən asılı olmayaraq xalqın bütün övladları nə qədər əlahiddə fərdi keyfiyyətlərə malik olsalar da, Azəri adı altında hamımızın bir ünvanı, bir sifəti, bir tarixi müqəddəratı, bir taleyi və nəhayət, bir adı var, o da Azərbaycandır.

Doğma və əziz olan Vətən adlı ünvanda, lakin fərdi mənzillərdə yaşayan hər birimiz əs vətəndaşlığını milli mənsubiyyətimiz ilə deyil, əməlimiz ilə sübut etməliyik. Dünyada Atatürk qaynağıyla məşhur olan şah vüqarımız, dağ qürurumuz, düşüncəmiz, duyğumuz, hissimiz, şüurumuz olan Heydər Əliyev kimi! Bəli, dünyaya şəfəq saçan nurlu, pak əməlləri ilə Azərbaycanı beynəlxalq aləmdə tanıdan, dünya inteqrasiyasına sövq edən, sülhün qoruyucusu kimi dünyaya gələn ümummilli lider Heydər Əliyev kimi! Xalqımız həmişə ən çətin məqamlarda ona arxalanmış, ona etimad göstərmişdir. 1993-cü ildə ölkədə dövlət böhranı yarananda, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda xalq Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Bu dövrdə xalqın ziyalı sözünə, ziyalı fikrinə, ağsaqqal məsləhətinə böyük ehtiyacı var idi. Xalqımızın qorxmaz, cəsur insanlarının səsinə səs verən Heydər Əliyevin ikinci hakimiyyət dövrü həmin ildə Azərbaycan tarixinin yeni, daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu.

Azərbaycan xalqının böyük oğlu olan Heydər Əliyev respublikamızın üzləşdiyi çox mürəkkəb bir dövrdə xalqın harayına çatdı. Tarix Heydər Əliyevi Azərbaycana bir xilaskar kimi göndərdi. Hakimiyyətə qayıtdığı gündən xalqın rifah halının günü-gündən yaxşılaşması parlaq şəkildə nəzərə çarpmağa başladı. Bu gün ölkəmizin zənginliyinin dünya miqyasında tanınması məhz Vətənin müdrik və qüdrətli oğlu Heydər Əliyevin əməyinin bariz nümunəsidir. Hər körpənin gülüşü, hər birimizin üzündəki sevinc də onun bizə həsr etdiyi ömrünün nümunələridir. Bu ömrü yaşatmaq isə möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində təzahür edir. Dünyaya açılan pəncərəyə hər birimiz daha çox baxır və baxdıqca da görüb götürürük. Götürdüyümüzü isə başqalarına verməyə çalışırıq. Quruculuqla, tikib-yaratmaqla yaşayan dünyamızın inkişafında yaşana biləcək nə varsa onu yaşada bilən insan təfəkkürü, insan əməyidir. Hər bir kəsin taleyinə yazılanlar içərisində bir yazı da var. Bu ali insanlıq zirvəsinə çatmaq yazısıdır. Amma bu zirvəyə qalxmaq və ona nəhayət ki, çatmaq hamıya müyəssər olmur. Bu zirvənin ucu çoxlarına görünməz olsa da ona əsl insan nəfəsi dəyir. Talenin hökmü ilə harada yaşamasından asılı olmayaraq vətənkeş insan ayağı bu zirvədə iz qoyur. Zirvəyə baxan yeni nəsil isə heç vaxt inamından, dinindən uzaqlaşmayan və bu mənəvi mənbələrdən istifadə edən insanın simasında öz gələcəyini qurur və çətinliklə əldə olunan dövlət müstəqilliyimizin qorunub saxlanılmasına, daimi, əbədi olmasına bütün varlığı ilə çalışır. Azərbaycan xalqının böyük oğlu kimi Heydər Əliyevin keçdiyi ömür yolu gənc nəsl üçün böyük məktəbə çevrilib. Bu məktəbin davamçıları Heydər Əliyev dühasından ilham alan insanlarımızın yetiişdirmələridir. Həmişə hər şeyi öz yerinə qoyan tarix isə bu yetişdirmələrin də hər birinin fikrinə hörmət edib ondan faydalı bir şey götürmək qabiliyyətini üzə çıxaracaqdır.

Ulu Tanrı böyük Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Qəbri nurla dolsun!

İlhamə MƏHƏMMƏDQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə