BU ŞƏHƏRDƏ HEÇ OLMASA SƏN VARSAN...
Sən qaldığın bu şəhərdə qalıram,
Həm həsrətdə, həm qəhərdə qalıram,
Yüklənməyən bir yəhərdə qalıram,
Tək sevdiyim gözüm nuru bir yarsan
Bu şəhərdə heç olmasa sən varsan...
Sevəmmirəm sonu gəlməz yolunu,
İstəmirəm quru budaq, qolunu,
Mən sağdayam, sən seçmisən solunu,
Mən boz torpaq , sənsə yağan ilk qarsan
Bu şəhərdə heç olmasa sən varsan...
Bu şəhərdə həm təkik, həm pərişan,
Gəl yerini, gülüm, barı ver nişan,
Olduq özgə, olanmadıq qovuşan,
Mən kamanam, sən inləyən o tarsan,
Bu şəhərdə heç olmasa sən varsan...
Səndən uzaq xəyalınla qalıram,
Nəfəsini küləklərdən alıram,
Sən gedəndən varlığımı danıram,
Məni tapıb qollarınla kaş sarsan
Bu şəhərdə, axı gülüm sən varsan...
NƏ SƏN MƏNİM , NƏ MƏN SƏNİN...
Bilirəm ki, özgəninsən,
Sevinc sənin, kədər sənin.
Biz beləcə ayrılmışdıq
Nə sən mənim, nə mən sənin...
Qarışmadım qəlb işinə,
Eşqim oldu qəlbə qənim.
Nə doğmayıq, nə də ki, yad,
Nə sən mənim, nə mən sənin...
Nə dəyişdi? Hər şey haman,
Bircə artdı teldə dənin.
Nə ayrıldıq, nə qovuşduq,
Nə sən mənim, nə mən sənin...
SƏNİ AYRI, MƏNİ AYRI
Fələk oldu zalım ağa,
Döndük yanan gur çırağa,
Tanrı çəkir hey sınağa,
Səni ayrı, məni ayrı.
Sınacaqmı bu tilsimlər,
Ayrılıqdan bağrım inlər,
Yad edəcək görən kimlər,
Səni ayrı, məni ayrı.
İl dolacaq, yaş keçəcək,
Döyünməkdən qəlb bezəcək,
Görən kimlər dəfn edəcək
Səni ayrı, məni ayrı.
SÖZ YARASI
Qəlbimdə xəstəlik axtarma, təbib,
Yorma gözlərinin heç qarasını.
Tibbin məharəti o gücdə deyil,
Çihazlar anlamaz söz yarasını.
Bir möhkəm ürəklə dəyiş qəlbimi,
Bu qəlbin əlindən gəlmişəm zara.
Örtməsə qəlbimi ümid, təsəlli,
Bu ürək çıxartmaz məni bahara.
Bütün xəbərlər Facebook səhifəmizdə