May ayının 25-də tanınmış şair, nasir, jurnalist, Azərbaycan Dövlət Televiziyasında məşhur Hünər adlı verilişin yaradıcısı Məmməd Kazımın doğum günüdür. Artıq ömrünün 82-ci baharına qədəm qoyan Məmməd Kazım ədəbiyyat və jurnalistika sahəsində böyük işlər görmüş yaradıcı ziyalılarımızdandır. Onun elə təkcə 1960-cı illərdə Masallıda yaratdığı Ədəbiyyat dərnəyindən bu gün onlarla respublikada tanınan yazıçılar, jurnalistlər çıxıb. 1990-cı illərdə Masallıda çap olunan respublika səviyyəli "Qala" qəzetində ilk yazıları çap olunan, Məmməd Kazımın xeyir-duası ilə yaradıcılığa başlayan 30-dən artıq yazıçı və jurnalist də bu gün respublikanın ən aparıcı mətbuat orqanlarında çalışırlar. Məmməd Kazım döğma yurdu Masallıya çox bağlı dəyərli ziyalılarımızdan, yazıçılarımızdan, jurnalistlərimizdən biridir. Onun Masallıya və eləcə də Cənub bölgəmizə, burada yaşayan tarixi şəxsiyyətlərə, ziyalılara, zəhmətkeş insanlara, tarixi mübarizələrə, keçmiş tarixə həsr olunan bir neçə kitabları, yüzlərlə publisist yazıları çap olunub. Baxmayaraq ki, Məmməd Kazıma bütün bu böyük xidmətlərinə görə hələ də fəxri ad verilməyib, amma o, Cənub bölgəsində və eləcə də başqa yerlərdə böyük hörmətlə qarşılanır, sevilir. Yazdığı şeirləri, nəsr əsərli və publisist yazıları sevə-sevə oxunur. İnanırıq ki, tezliklə aidiyyatı təşkilatlar tərəfindən Məmməd Kazım da fəxri ada təqdim olunacaq və Dövlət tərəfindən onun da əməyi layiqincə qiymətləndiriləcək.
Məmməd Kazımın ad günü münasibəti ilə onun bir neçə şeirini çoxminli oxucularımıza təqdin edirik.
Ağalar İDRİSOLU
Əməkdar İncəsənət Xadimi
Gəncliyimi haraylayıram
Uşaqdım, qaraldı vaxt bulud kimi,
Dava qılıncıyla sınıq düşmüşəm.
İldırım doğrayan şüy palıd kimi
O vaxtdan sevicdən yanıq düşmüşəm.
Odlu cəbhələrin dərdi-sərinə,
Tarla zəhmətinə sinə gərmişəm.
Arzu əvəzinə, dilək yerinə
Çörək həsrətinə vaxt itirmişəm.
Ən çətin sirrlərin məğzinə vardıq,
Ağrı-acımız da pöhrələndilər.
Mənim yaşıdlarım kitabdan artıq
Həyatın ruhundan şirələndilər.
Zülmətdən keçirdim bəxt çırağımı,
Ömrümdən xəbərsiz böyüdü yaşım.
Cegikib vaxtında çatmadığımı
Hələ də tutmağa qarışıb başım.
Haçan saçlarıma ələnib ağlar,
Yoxsa qış tələsib,
Bu nə gəlişdir?
Hanı taleyimə yazılan bahar?
Hələ ki, üzümə o gülməmişdir.
Yol, gəlir fikrimə, gəlir bir zaman
Həyatı, dünyanı çox ertə duymuş
O xallı, ucaboy, şüvərək oğlan.
Ömrümün gəncliyi yoxsa ki, buymuş?
Nə karlı cib vardı, nə fərli geyim,
Təkcə boy-buxunu necə öyəsən?
Baxıb gözlərində od itirdiyim
Qızlar da insafdan kəmdi deyəsən.
Eh, ərlər, ərənlər itirdi Vətən,
Onların oduydu fikrimə düşən.
O vaxtsız qaralan pöhrələrı mən
Alın qırışımda dəfn eləmişəm.
Gəlib keçəgəkmi yer kürəsindən?
Hələ də günləri durub sayıram.
Yazıl günlərimin ağ zirvəsindən
İtən o gəcliyi haraylayıram.
1981-ci il
Nargindən qopan səslər
(37-ci il qurbanlarının dilindən)
"Dənizdən tikdiniz qəfəsimizi,
Kükrəyən dalğalar hasar-hasardır.
Bizim fırtınadan gur səsimizi
Cəllad, susturası gücünmü vardır!?
Söndürmək qəstilə həvəsimizi
Dənizdən tikdiniz qəfəsimizi".
-Ey günəş, sinəmi qarsala, yandır!
Mən sənə həsrətəm, tez gəl, amandır.
Barmaqlıq dalından içim nurunu,
Ərisin gözümdə bu zülmət andır.
Yadlar mahmızına hönkürən xalqım
Azadlıq hayqırır,-artıq zamandır...
Bu qul qandalımı parçala sındır!"
-Mənim ər alnımdan tökdüyüm təri
Asıbdır boynumdan arvadlarınız.
Tutubsuz biz tikən mərtəbələri.
Palçıq konalarda min oğul, min qız
Can verir, içirsiz illərdən bəri
Mənim ər alnımdan tökdüyüm təri".
-Qeyrət sütunuyam öz torpağımın,
Haqqı qəhr eləmək gəlməsin asan!
Bir gün nifrətimiz edəcək axın,
Tarimar olacaq bu qanlı zindan.
Yüz ölsək, min olub yaşayacağıq,
Torpağa bağlıyıq biz Antey kimi.
Şimşək kinimizi töküb göy kimi,
Bir gün kökünüzü qaşıyacağıq.
Bu yerə Günəşi daşıyacağıq
Dəmir çiynimizdə Prometey kimi".
Ən zərif şeir
Sinəmdə bir təzə şeirin atəşi,
Sözlərim yığılıb dodaqda qalmış.
Yazmaq istəyirəm, heyif , günəşim.
Qələmim sən yatan otaqda qalmış.
Sizdə mən qonağam bircə günlüyə,
Söz olar, qapını açsam, bilirsən.
Körpə mışıltını dinləyim deyə,
Bütün varlığımla titrəyirəm mən.
Gecəm ətirlənib gül nəfəsindən,
Günəş gözlərindən öpsə, qoymaram.
Yox, yox diksinərsən ayaq səsimdən,
Səni oyatmağa əsla qoymaram.
Duyğular daşsa da çeşmələr kimi,
Üstündən keçməsin təki səs-səmir.
Dünyada ən zərif şeir deyilmi
Ala gözlərini dolduran çimir?
1964-cü il
Sevincə açılan pəncərələr
Mənim Araz balam duranda səhər,
Heç kömək istəməz evdə bir kəsdən.
Kiçik zəhmətlə hər işi görər,
Həm də "əla" alar məktəbdə dərsdən.
Əynində tərtəmiz ütülü paltar,
Köynəyi seçilməz quzey qarından.
Sanki yeyin-yeyin keçdi yollar,
Gümrahlıq qazanar addımlarından.
Təmilik yaşayır, ürəkdə, qanda,
Ən duru bulaqlar gözlərindədir.
İtirsəm yolumu çəndə, dumanda,
Xilaskar çıraqlar gözlərindədir.
Necə o gözləri seyr edək üzdən,
Ömrümüz onlarla təzədir, tərdir.
Övlad baxışları ürəyimizdən,
Süviclə arılan pəncərələrdir.
1970- ci il
Gələrəm görüşünə
Qarşımda okeanlar çalxalana, lillənə,
Bütün çaylar kükrəyib sinəm üstən sellənə.
Şımşəklərin tiyəsi gözlərimə millənə
Gələrəm görüşünə!
Aramızda dursa da keçilməz, uca dağlar,
Eşqimin tufanından parçalanar, dağılar.
Hər necə hədələsə adətlər, qadağalar
Gələrəm görüşünə!
Gələrəm al dodaqdan əmib soyumaq üçün.
Ağ sinənə baş qoyub şirin uyumaq üçün.
Ən ətirli səsləri səsində duymaq üçün
Gələrəm görüşünə!
Sevənlər dünyasında bu sevgimiz tək olub.
Bir köksümün içində eşqin mir ürək olub.
Bir gün torpağa düşsəm al-əlvan çiçək olub.
Gələrəm görüşünə!
1965-ci il
Gəncliyim
Ömrün gül nəfəsli bahar fəslidir,
Yaşayır baharla qoşa gəncliyim.
Gah alışan Kərəm, sevən Əslidir,
Gah da dönür qazılquşa gəncliyim.
Şimşəyə çevrilə, itməyə çəndə,
Bərkiyə buruqda, yana biçimdə.
Məclislər küncündə, mürcü içində,
Getməsin ömürlük huşa gəncliyim.
Polad inamında qüdrət, əzm var.
Kökündə Babəktək yenilməzlik var.
Başının üstündə Mehdim, Həzim var.
Vurar əhdimizi başa gəncliyim.
Olimp savaşında min tufan eylər,
Paxılı, xəbisi pərişan eylər.
Əzmilə yurdumu gülüstan eylər,
Gələr ölkə-ölkə xoşa gəncliyim.
Məmmədin dilində balsan, şəkərsən.
Dastana sığmayan şanlı hünərsən.
Qarabağ üstündə də tez çal zəfər sən,
Yaşa qəhrəmanım! Yaşa gəncliyim!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB