(Üzü Allaha silsiləsindən)
Ərk eləsin dostlarım
Dərk eləsin dostlarım,
Dərc eləsin dostlarım,
Mətbuat şairiyəm.
Qaçqın,köçkün, didərgin
Yanındayam hər türkün.
Həm şəhidəm, həm sürgün,
Qazamat şairiyəm.
Xəyal olan yurdların,
O lal olan yurdların,
İşğal olan yurdların
Bir azad şairiyəm.
Əli Kərim qolunda,
UluTürkün yolunda,
Məmməd Araz dilində
Bəyanat şairiyəm.
Öyrəşmişəm dözümə,
Yuxu getməz gözümə.
İndi özüm özümə
Zəmanət şairiyəm.
Sinəm bir söz meydanı,
Daşlayıram şeytanı.
Qabilin, Zəlimxanın
Əmanət şairiyəm.
Nə acizəm, nə fərsiz,
Səfərdəyəm,səfərsiz.
Mən xəbərdən xəbərsiz
Məlumat şairiyəm.
Qamətimi əyir qəm,
Ürəyimi yeyir qəm.
"Xalq şairi" deyiləm,
Camaat şairiyəm.
Dünyanı görə-görə,
Su səpirəm güllərə.
Prezidentim göndərən
Mükafat şairiyəm.
Gəzirəm ağır-ağır,
Gözlərimdən dərd yağır.
Bu dünyanın ən fağır,
Farağat şairiyəm.
Nə sağlamam,nə xəstə,
Kim olar mən həvəsdə?
Yerdə,göydə,qəfəsdə
Muğamat şairiyəm.
Nə desəniz məndə var,
Harda belə bəndə var?
Nə dinsizəm,nə dindar,
Xurafat şairiyəm.
Özümə seçib peşə,
İşə düşmüşəm, işə.
Lalə,nərgiz,bənövşə,
Qarağat şairiyəm.
Dağam,dağdan gəlmişəm,
Haqqam,haqdan gəlmişəm.
Qarabağdan gəlmişəm,
Xarabat şairiyəm.
Eşqimi yaza-yaza,
Qane olmuşam aza.
Durmasam da namaza,
Salavat şairiyəm.
Molla,keşiş sinaqoq...
Bəndəsindən dini çox.
Mən dünyanın gözü tox,
Tolerant şairiyəm.
Hələ ayıq deyiləm,
Sizə layiq deyiləm.
Bu dünyalıq deyiləm,
Kainat şairiyəm.
Azda çoxam,çoxda az,
Yazda qışam,qışda yaz.
Kainatın ən həssas,
Narahat şairiyəm.
El-obadan aralı,
Hər gün gözüm qaralır.
Min yerindən yaralı,
Salamat şairiyəm.
Şuşasına gəlincə,
Qanımdadır ölüncə.
Göygöl,Marxal,Əlincə...,
Batabat şairiyəm.
Yapılıb kündə-kündə,
Bişirəm gündə-gündə.
Allahımın önündə
Hesabat şairiyəm.
İnsana arzu təkin,
Gülüstana su təkin.
Gündəlik ruzi təkin,
Tələbat şairiyəm.
Bu dünyanı quran var,
Keşiyində duran var.
Sinəm üstə Quran var,
Tilavat şairiyəm.
Qurban olum, zühur et,
İstəyimi məqbul et.
Tanrım, məni qəbul et,
Zarafat şairiyəm.
Məni bağışla
Bir yanda daşqındır,bir yanda yanğın,
Bilinmir baharı, seçilmir qışı.
Soruşan da,yoxdur: ey ulu Tanrı,
Niyə dağıdırsan bu dağılmışı?!
Gecələr gözümdən yuxum çəkilir,
Dünyanı başıma dar eyləyirsən.
Hansı ürəkdən ki, xofun çəkilir,
Sən orda şeytana yer eyləyirsən.
Bəd xəbər qapımı döyməsin,Allah,
Şeytana düşməsin bəndənin işi.
Sən Allah,xətrinə dəyməsin,Allah,
Niyə dağıdırsan bu dağılmışı?!
Deyək ki,qarşında biz günahkarıq,
Dağların,daşların günahı nəydi?
Suda balıqların,düzdə otların,
Səmada quşların günahı nəydi?
Öpmək istəyirəm lələklərindən
Az qala çiynimə qonan quşların.
Yanıqlı səsindən tanıyıram mən
Meşədə yuvası yanan quşları.
Birinin ağzında nəfəsi yanıb,
Birinin sinəsi ütülüb odda.
Birinin dilində nəğməsi yanıb,
Başını gizlədib qanadı altda.
Bir zaman gülərüz rus qızları tək
Burda yağışların üzüyolaydı...
Od tutub meşələr..yanır gül-çiçək,
İndi qurd-quşun da işi qolaydı...
Dayanıb səcdənə,əl açım sənə,
Ayağın altına yıxılım,Allah!
İndi təkcə qalıb əlacım sənə,
Mən niyə üzünə ağ olum,Allah?!
Bəlkə səhv danışdım,yalanı yazdım,
Tanrım,qurban olum,məni bağışla.
Yalanı yazmadım,olanı yazdım,
Mən hələ yadımda qalanı yazdım,
Allahım,mən ölüm,məni bağışla!..
2010
Gör kimə tapşırıb gedirəm sizi
(Balalarıma)
Üzə durdu günahlarım,
Ağladım,hər gün ağladım..
Nə mən özüm bir gün gördüm,
Nə sizə bir gün ağladım..
Dərd mənə həmdəmdi,dərd mənə yardı,
Dərdli gözlərimə təpirəm sizi.
Mənim son məktubum bu misralardı,
Hər sözün başında "öpürəm sizi".
Yolumu qar döydü,dolumu kəsdi,
Qolundan tutduğum qolumu kəsdi.
"Keçid"də əzrail yolumu kəsdi,
Qoymadı salamat ötürəm sizi.
Günlərim bəxtimlə əlbəyaxadı,
İndi ümidlərim tək Allahadı.
Dünya ağzı qanlı bir əjdahadı,
Gör kimə tapşırıb gedirəm sizi!...
2000
Övladlarıma
Bu qədim dünyaya,əzəl dünyaya,
Haray sala-sala,səs sala-sala,
Məzarı özündən gözəl dünyaya
Mən niyə gətirdim sizi,ay bala.
Kədərin dadını dadıb çox erkən,
Çıxmışam bir sonu bilinməz yola.
Özüm bu dünyadan bezib gedirkən,
Mən niyə gətirdim sizi,ay bala.
Düşmədim kefinin duru çağına,
Kiminə sevincmiş,kiminə bəla.
Şeytan yuvasına,qan çanağına
Mən niyə getirdim sizi,ay bala.
Qorxuram borcumu verə bilməyəm,
Sizin yanınızda xəcalət qalam.
Sən demə kələkmiş bütün bu Aləm,
Bəs niyə gətirdim sizi,ay bala.
Atlını atından salan dünyaya,
Bu arsız dünyaya,yalan dünyaya,
Bizi taxıl kimi biçib dənləyən,
Arayıb,axtarıb,seçib dənləyən,
Özü əbədilik qalan dünyaya
Mən niyə gətirdim sizi,ay bala.
Bu ki, atasından xəbərsiz olan,
Arsız adamların dünyası imiş.
Gedəndən qoparan,gələndən alan,
Xırsız adamların dünyası imiş.
Məkirli qarıymış,pəri deyilmiş.
Pəriymiş,vəfalı pəri deyilmiş.
Kasıbın,yoxsulun yarı deyilmiş,
Sizin kimilərin yeri deyilmiş.
Mən niyə gətidim sizi,ay bala?!
1994
Keçmişəm
Keçilməyən keçidləri,sədləri,
Mən qan-tərə bata-bata keçmişəm.
Neçə-neçə zəlzələdən,tufandan,
Allahımdan tuta-tuta keçmişəm.
Əlim əlin yuxasından yapışıb,
Öz bəxtimin çuxasından yapışıb,
Gündüzlərin yaxasından yapışıb,
Gecələrə qata-qata keçmişəm.
Qarabağın ağ günləri uzaqda,
Qaralıbdır sinəmdəki ocaq da.
Qara bəxtim qar ələyən o çağdan,
Misraları çata-çata keçmişəm.
Bağlanıbdır mən istəyən yol daha,
Yan ürəyim,yana-yana qal daha.
Gecə-gündüz yalvarıram Allaha,
"Möminata-müslimata"keçmişəm.
Can-ciyərim hərəsi bir tərəfdə,
Canım çıxar görməyəndə hər həftə.
Nə xeyri var?-ya "YAP"dayam,ya "SƏP"də,
Ya da gedib "Müsavat"a keçmişəm.
Gün görmədim günnüyündə mən ömrün,
Dəyirmanın dənniyində dən ömrün.
Şennənərdim şənliyində şən ömrün,
İndi daha muğamata keçmişəm.
Dəli könlüm dərdi mükafat bilib,
Nə ev bilib, nə evdə övlad bilib.
Köhlən-köhlən kələmləri at bilib,
Cilovundan darta-darta keçmişəm.
Dostlar məni çıxarmayıb yadından,
Əl-ələyəm bir vəfalı qadınla.
Ürəyimin infarkt adlı çatından,
Sübh havası uda-uda keçmişəm.
Bir canım var, neçə cəllad müştəri,
Görən deyir: "nəyin varsa düş bəri!"
Məzhəkəymiş bu ölkənin işləri,
Yandığımdan zarafata keçmişəm.
2000
Olsun
Sinəm söz köşküdür...köşklər içində,
Bəlkə bu balaca köşkə yer olsun.
Könlümdə yel vurub,yengələr oynar,
Orda çox çətin ki, eşqə yer olsun.
Dərd yaman tünlükdür,dərdə yerim yox,
Lap götür dünyanı ver də,yerim yox.
Ayaq basmağa da yerdə yerim yox,
Başımı qoymağa keşkə yer olsun.
Andıra qalaydı,görüm bu ömrü,
İstəyən də yoxdur,verim bu ömrü.
Ya Rəbbim,bir yer ver,sürüm bu ömrü,
Yer üzü olmasın,başqa yer olsun.
2003
Gəldi
(Gözəl şair Sabir Sarvanın 60 illiyinə)
Qürbətdə deyirdin: Zülali, Vətənim var,
Ensin gözünə qarə su –Ağsu Vətən oldu.
Başladı qəlbimin sərt ağrıları,
Daha gözlərimin qorası gəldi.
Mənim tərlanımı kim vurub belə,
Kövrək qanadında yarası gəldi.
Getdi cavanlığım,çürüdü, getdi,
Məni də ardınca sürüdü, getdi.
Harda gülüm vardı –qurudu getdi,
Harda külüm yoxdu-ora su gəldi.
Ömrümü bəxtimin nazına tutdum,
Hər kim neylədisə üzünə tutdum.
Əlimi cütləyib gözümə tutdum,
Ovcuma gözümün qarası gəldi.
Gərək səadəti göydə qapım mən,
Daha harda gəzim, harda tapım mən.
Qərib nəvələrim girdi qapımdan,
Çarəsiz dərdimin çarəsi gəldi.
Yorğun ayaqlarım çox sudan keçib,
"Ağsu"bir dərmandır.."Ağsu" dan keçib.
Ağdama gedirdim... Ağsudan keçib,
Ala gözlərimə qara su gəldi.
Bu bəxtiyeyinin təzədi taxtı,
Döymək istəyirdim, gördüm uşaqdı.
Məni kim incitsə bu qoca vaxtı
Vallah söyəcəyəm : -harası gəldi.
Qıyma ki, adıma zalım desinlər,
Ay gorun çatdasın, gorun-desinlər.
İldə bircə kərə görün-desinlər:
Bədbəxtin də ciyərparası gəldi.
Qarnı toxlarımın erası bitdi,
Dərdi yoxlarımın erası bitdi.
Əşrəf, çoxlarının erası bitdi,
İndi də Sabirin erası gəldi.
14.03.2016
Neçə ki gənc idim
Neçə ki gənc idim elə bilirdim
Fələyin özüynən döyüşə billəm.
Əsən küləklərin, coşan sellərin
Səmtini,yönünü dəyişə billəm.
İndi bir qocayam, torpaq müştəri,
Torpaq hər yetənə kəfənlik olmur.
Qalır bu dünyaya mənim işlərim,
Dünyanın işləri ta mənlik olmur.
***
Yaman oxşayırıq bir- birimizə
(Çox sevdiyim şair Əli Nəcəfxanlıya)
Görəcək günlərim qabaqda imiş,
Qəlbə qələm sancır, gözə mil çəkir.
Yumağa dönmüşəm bu neçə gündə,
Mənim çəkdiyimi bəlkə fil çəkir.
Hara getmişəmsə əkib gəlmişəm,
Daşı ətəyimdən töküb gəlmişəm.
Sənətə mən nələr çəkib gəlmişəm,
Başım çəkənləri hər tifil çəkir?
Az-az görünürəm özüm məhlədə,
Hər gün onu gəzir gözüm məhlədə.
Bir qara oğlan var bizim məhlədə,
Onunla dostluğum neçə il çəkir.
Bölgə muxbiridir, gəzir kəndləri,
Sözü bəzəyidir çox qəzetlərin.
Ard-arda calayır siqaretləri,
Qızıl xırdalayır, zir-zibil çəkir.
Sadiqdir dostluğa , hakimdir sözə,
Hər nə söyləyirsə təzədir,təzə.
Yaman oxşayırıq bir-birimizə-
Mən şeir yazıram, o şəkil çəkir.
17.03.2016-cı il
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB