Əyyub Qiyasın “Eşq” adlı kitabı haqqında düşüncələrim

Zümrüd Səda

Əyyub, qardaşım, mən sənin "Eşq" adlı kitabını son misrasınadək elə o eşq, o sevgi, o məhəbbət duyğuları icərisində birnəfəsə oxudum. Yaşımın bu çağında o gözəl, bənzərsiz hissləri yenidən yaşamaq istədim. Mənim sevimlilərim - "Sən neyçün ağlarsan, mən duran yerdə" harayını çəkib, sevgisindən doymayan Mikayıl Müşfıqi, "Öp məni, öp məni, elə öp ki, sən" deyib, qəlbini sevgisinin ayaqları altına sərən Yesenini, "Getmək istəyirsən bəhanəsiz get" deyib, sevgilisinə fərman verib göz yaşlarını içinə axıdan bənzərsiz şairimiz Nüsrət Kəsəmənlini gördüm bu şeirlərdə. Bir də ki, lap gəncliyimdən sevgisinə ürəkdən vurulduğum Henrix Heynenin "3 ulduz" altında böyük və tükənməz eşqinə həsr etdiyi 30 şeirini.

Kitabı bağladım. Bir anlığa ruhuma və cismimə hakim kəsilən bu hisslərlə üz-üzə qaldım. Sonra bayıra çıxıb erkən gəncliyimdən döyünüb-çırpındığım bu şəhəri - Sumqayıt axşamlarını sərsərilər kimi ayaqyalın dolaşmaq istədim. Bizim vaxtın gəncliyinin sevgilərlə buluşduğu küçələri, görüş dolu ağacların altını, dəniz sahilində

dalğaların yuyub apardığı ayaq izlərini axtarıb tapmaq ümidində oldum.....Yalın ayaqlarımı o yerlərə söykəyib eşqin-məhəbbətin o hərarətini, o məhrəmliyini duymaq istədim. Həyatın üzü də ölümün üzütək soyuqdur... Ayaqlarım həyatla ölüm arasındakı ömür körpüsünün üstündə üşüyür... Üşüyür, üşüyür, üşüyür. Lap sənin "Eşq"indəki məhəbbətlərdə olduğu kimi. Bəşər övladının başlanğıcından bəri heç bir ilk eşqə cavab tapa bilmədiyi kimi, bu suallara sən də cavab tapa bilmirsən, Əyyub. Şeirlərində yanıb-yaxılıb, qovrulsan da, tapa bilmirsən, qardaşım:

Hardan tapa bilərsiz,

Ulduzların altında

Uzanan gecələri?

Hardan tapa bilərsiz

Sevdalı ürəklərdə

Cavabsız bəlkələri...

Bəlkəsiz necələri?..

Başqa bir şeirində sən "sevgi sənsizliyini" dilə gətirib bizim də unudulmuş, amma xatirələrimizdə hər an yaşayıb kök atan ilk eşqimizi- ilk məhəbbətimizi qaytarırsan bizlərə, o ülvi və heç vaxt təkrarlanmayan, geridönməz duyğumuzu xatırladırsan bizlərə:

Keçəcək min il, milyon il,

Dəyişəcək bu yer, dəniz...

Hamı tapacaq eşqini,

Mənsə qalacağam sənsiz...

O sənsizliyin içindən,

Özümə bir yar tapacam.

Gəzəcəm düzü-dünyanı,

Ölməyə bir yer tapacam.

Tapacam umudu, sonra

Sənsizliyi yaşayacam.

Səndən sonra öz çiynimdə

Tabutumu daşıyacam...

Bəli, Əyyub, ilk sevgi tabutunu biz hamımız və hər birimiz öz çiynimizdə daşımışıq və biz ölüb gedəndən sonra da onu kimlərsə daşıyacaq, əgər bu dünyanın sonu varsa, sonuna qədər.

Sən "Eşq" adlandırdırğın bu kitabla - Dünyanın göylərindən, sevgilərə qar yağdırdın, Əyyub. Sən Anaların əvəzsiz olduğunu bir daha bizlərə anlatdın - Əyyub!

Mas-mavi səmanın barmaqlıqlar arxasındakı tablosunu çəkib göstərdin azadlıqda olanlara, Əyyub.

İçimizdəki illərlə yatıb qalmış sevgi-məhəbbətin yeni çalarlarını oyatdın qəlbimizdə, Əyyub.

Nəhayət, "Sarı gəlin" adlı şeirinlə Xocalınin itib-bitməyən faciəsinin necə bir sevgi-məhəbbət dastanı olduğunu həkk etdin beyinlərimizə. Nənəsi ölmüş o Sarı gəlin faciəsinin bütün qız-gəlinlərimizin faciəsi olduğunu anlatdın bizlərə.

Sənə demişdim axı,

Saçın ucun hörməzlər.

İnnən belə dünya dağılsa da -

Səni mənə verməzlər axı...

Sarı gəlin, Sarı gəlin...

Sarı gəlin rekviyemi bundan belə hamımızın qulaqlarında səslənəcək və dəhşətindən sevgi dünyamız hönkür-hönkür ağlayacaq... Necə ki, mən ağladım o kiçik, lakin bir dünya sevgi yükünü çiyinlərində daşıyan o şeirə.. Göz yaşlarımı qəbri olmayan bu eşqin, bu məhəbbətin və sədaqətin üstünə payız yağışı tək çilədim.. İlahinin işinə, dünyanın gərdişinə bax, Əyyub, sən özünün qəfil gəlişinlə bu göz yaşlarının üstünə çıxdın. Məni həmişə gülərüz görməyə öyrəşmişdin.

Təəccüblə soruşdun: - Nə olub, niyə ağlayırsan? Əllərimin arxası ilə göz yaşlarımı silib gözlərinin içinə baxdım. - Sarı gəlinini ölməzlik zirvəsində gördüyümə görə ağlayıram, Əyyub, onun bu şeirdən başqa ürək göynədici heç kəsi, heç nəyi yoxdur, axı, - dedim. Məmnun insanlar kimi gülümsədim.

Çox sağ ol ki, bu şeirlərlə məni gündəlik qayğılardan ayırıb o müqəddəs, o təkrarsız hisslərə yenidən qaytardın.

Bir sevgi xiffəti keçdi içimdən...

Bütün xəbərlər Facebook səhifəmizdə