Tahir Ələkbərli

Bu qanlı 20 yanvar gecəsi

Al qana bulanıb bütün küçələr

Bu qanlı iyirmi yanvar gecəsi.

Sökülüb,dağılıb bütün döngələr

Bu qanlı iyirmi yanvar gecəsi.

Al qanın şəfəqi andırır gölü

Bu gün qan ağlayır həyatın özü

Nə qədər qan tutar gör küçə gölü?

Bu qanlı iyirmi yanvar gecəsi.

Ağlayır analar, ağlayır Vətən

Biganə qalmayır yollardan ötən

Nə qədər şirindir gör ana-vətən?

Bu qanlı iyirmi yanvar gecəsi.

Tarix bağışlamaz buna kimsəni

Al qana buladı denən kim səni?

Atəşə tutdular dinən kimsəni

Bu qanlı iyirmi yanvar gecəsi.

Küçədə sahibsiz qalıbdır papaq

Matəm içindədir bu ana torpaq

Qəfil güllələrdən töküldü yarpaq

Bu qanlı iyirmi yanvar gecəsi.

Olmasın həyatda belə bir talan

Tarix cəzasını verəcək inan

Nə qədər olarmış həyatda yalan?

Bu qanlı iyirmi yanvar gecəsi.

Dəhşət bürümüşdür ana torpağı,

Istəməz əksilsin bircə yarpağı

Yox olsun vətənə soxulan yağı,

Bu qanlı iyirmi yanvar gecəsi.

Qeyrətinə qurban olum

(Salatının əziz xatirəsinə)

Dözümlüydün o yaşında

Səninləydi qardaşında

Budur qalan yaddaşımda

Qeyrətinə qurban olum.

Vətən darda qalmamışdı

Elin səni sınamışdı?

De kim səni qınamışdı?

Qeyrətinə qurban olum.

Sanma ki, sən oldun yalqız

Həsrətində göydən ulduz

Harda sən tək qeyrətli qız

Qeyrətinə qurban olum.

Yaşayırsan ürəklərdə

Əməllərdə, diləklərdə

Belə deyir küləklər də

Qeyrətinə qurban olum.

Dərdə dözür Vətən – anan

Mərd övladdır elə yanan

Düşmənindir alovlanan

Qeyrətinə qurban olum.

Vətən üçün yaşamısan

Ölümdən də qorxmamısan

El gözündə ucalmısan

Qeyrətinə qurban olum.

Döz bu millətin dərdinə

Qəm gölündə tək üzürəm

Bircə azadlıq gəzirəm

Heç kim dözməz, mən dözürəm

Döz bu millətin dərdinə.

Haqq nə qədər üzülərmiş

Xalqım dərdlərə dözərmiş

Vətənində vətənsizmiş

Döz bu millətin dərdinə.

Millətimdir pərən-pərən

Günahları nəymış görən?

Millətimə itmiş hürən?

Döz bu millətin dərdinə.

Bir qarın ac, bir qarın tox

Ölən-itənin sayı çox

Düşmənimin payı çox

Döz bu millətin dərdinə.

Harda görən ulu tanrı?

Niyə susdurmur dığanı

Başına alıb dünyanı

Döz bu millətin dərdinə.

Ancaq məndə bir inam var

Sabahıma bir güman var

Dığa geri oturdular

Döz bu millətin dərdinə.

Azərbaycan şəhidləri

Ayaq saxla, bir an dayan

Salınıbdır bir xiyaban

Yatır burda qoca, cavan

O günlərin şahidləri

Azərbaycan şəhidləri.

Arzuları puç oldular

Qoca, cavan heç oldular

Bir gecəlik köç oldular

O günlərin şahidləri

Azərbaycan şəhidləri.

Xiyabanım uzun, geniş

Kəsilməyir gəliş, gediş

Nədən oldu görən bu iş

O günlərin şahidləri

Azərbaycan şəhidləri.

Yatma, oyan, Azərbaycan

Əldən gedir millətimiz

Hanı bizim qeyrətimiz?

Tükəndimi qüdrətimiz?

Millət bu gün ağlayır qan

Yatma, oyan, Azərbaycan.

Bir kimsədə yox gözümüz

Doğru, düzgün hər sözümüz

Günahkarıq bir özümüz

Millət bu gün ağlayır qan

Yatma, oyan, Azərbaycan.

Əlimizdə üç rəng bayraq

Millətlərə olduq dayaq

Hər bir xalqdan bizdə qonaq

Millət bu gün ağlayır qan

Yatma, oyan, Azərbaycan.

Əl çəkəkmi doğma eldən

Səni sevdik cani dildən

Imdad yoxdur bir kimsədən

Millət bu gün ağlayır qan

Yatma, oyan, Azərbaycan.

Şan-şöhrətin eli gəzə

Gəlməyəsən səni gözə

Sevinc gətir qəlbimizə

Millət bu gün qan ağlayır

Yatma, oyan, Azərbaycan.

Bütün xəbərlər Facebook səhifəmizdə