Bu gün XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin ad günüdür. SİA-nın xəbərinə görə, 107 yaşı tamam olan İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci ildə anadan olub. 1934-cü ildə şair Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.

Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir.

O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib.

Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib.

Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunub.

M.Müşfiq bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax,huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır.

1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" , "Ana" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır. Bu gün onun şeirlərinə bəstələnən onlarla mahnı ən tanınmış müğənnilərin ifasında səslənir.

Bütün xəbərlər Facebook səhifəmizdə