Yuxuma gəlmişdin yenə bu axşam,

Əllərin gəzirdi ipək saçımda,

Yox olub getmişdi ağrı acımda,

Əllərin gəzirdi ipək saçımda.

Səsin həzin-həzin qulaqlarıma

Bir sevgi nəğməsi pıçıldayırdı,

Nəfəsin dəydikcə yanaqlarıma,

Qəlbim kaman kimi sızıldayırdı.

Səni istiyirdi al dodaqlarım,

Canımı odlara qala deyirdi,

Deyirdi ki getmə, qal, dodaqlarım,

Ruhunu ruhuma cala deyirdi.

Mavi gözlərinin dərinliyində,

Çimmək istəyirdim sabaha kimi.

Bu zülmət gecədə girib qoynuna,

Duymaq istəyirdim sənin ətrini.

Oyandım, gözümdə qırıldı yuxum,

Səpildi ətrafa mirvari kimi,

Nə qədər axtardım yığa bilmədim,

O sənli mirvari dənələrini.

Şölə Səfərəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə