Əllərinə qabar verdim,
Ürəyinə qubar verdim,
Ayrılığı nübar verdim,
Bağışla, ana, bağışla...
Gözün məni oxlamadı,
Sözün məni haxlamadı,
Yollar tutub saxlamadı,
Bağışla, ana, bağışla...
Saçlarının ağlığını
Xına olub qanatmışam.
Kənddə kimin öldüyünü,
Kənddə kimin sağlığını
Unutmuşam,
unutmuşam...
Kor qarının alxışıyla,
Dul qarının qarğışıyla
Kim böyüyür,
kim döyülür,
kim söyülür
unutmuşam...
Bağışla, ana, bağışla...
Haraylasam, ünüm çatmaz,
Baş çəkməyə günüm çatmaz,
İl dolanır yazlı - qışlı,
Bu gərdişə dönüm çatmaz -
Bağışla, ana, bağışla...
Ocağının bərəkətin
Kim unutdu,
kim tərgitdi?!
Çox gözaltı elədiyin
"Gəlinlərin" ərə getdi -
Bağışla, ana, bağışla...
Demə aya - günə döndüm,
Döndüm, ana, yenə döndüm.
Bu hicranı yatırmağa
Təzəcə bir layla başla -
Bağışla, ana, bağışla...
Baba Vəziroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB