Hər gecə danışır radio havadan:

"Sabah az buludlu, biri gün yağış...

" İqlimin sirrini bu qadir insan

Gör necə öyrənmiş, gör necə açmış...

Sabahkı havanı bilirik bu gün,

Ey insan,

Bununla demərəm öyün...

Minbir havasını yerin, dənizin

Əvvəldən bilirik çox zaman, şəksiz.

Bəs niyə bilmirik öz qəlbimizin

Bir andan sonrakı havasını biz?..

Dörd fəsil yaşayır bir ildə torpaq

Qış, qış kimi gəlir, bahar bahartək.

Bir saat içində bəs nədən ancaq

Dörd fəsil yaşayır bəzən bir ürək?

Sabahkı havanı bilirik bu gün.

Ey insan,

Bununla demərəm öyün..

Bəxtiyar Vahabzadə

Bütün xəbərlər Facebook səhifəmizdə