Soruşsan ki, söylə nədir

Səni mənə sevdirən?

Necə verim cavabını,

Heç bilmirəm necə mən

Deyirəm ki, bahardan xoş,

Gül-çiçəkdən incəsən.

Bircə bunu bilirəm ki,

Mənim ürəyimcəsən!

Heç bilmirəm sualını

Hara, hara mən yozum?

Əgər mən səmayamsa,

Sənsən ayım, ulduzum

Bülbüləmsə, mən ötərəm

Bu çəməndə səninçün

Sən mənimçün yaranmısan,

Mən də, mən də səninçün.

Uca-uca bir dağamsa,

Zirvəmdəki qarımsan.

Mən bir bağlı qıfılamsa,

Sən mənim açarımsan.

Demirəm ki, bahardan xoş

Gül-çiçəkdən incəsən.

Bircə bunu bilirəm ki,

Mənim ürəyimcəsən!

Bəxtiyar Vahabzadə

Bütün xəbərlər Facebook səhifəmizdə