"Dəli bir ağlamaq keçir könlümdən" ŞEİR

Yüyürüb-yüyürüb dərə boyunca

Düşüm çəmən üstə qoy üzü quylu

Öpüm bu torpağı, öpüm doyunca

Üzümə üz qoysun hər soyuq daşı

Qoy şehə qarışsın gözümün yaşı

Qurumuş bulaqlar içir könlümdən

Dəli bir ağlamaq keçir könlümdən...

Könlünə dəydiyim, incitdiyim qız

Vüqar kölgəsində yatdığım bəsdir

Odlu yanağından su içdiyim qız

Bu qədər günaha batdığım bəsdir

Daha dodaqların titrəməsin qoy

Mən sənin qarşında titrəyim, əsim

Səndən dünyaları istəmirəm yox

Məni bağışlasan bəsimdir bəsim

Can desən alışıb yana bilərəm

Dön desən yerimdə dona bilərəm

İndi bilmişəm ki ömür-gün gedir

Ən gözəl hislərim köçür könlümdən

Qayıt, sən ömrümə təzəlik gətir

Dəli bir ağlamaq keçir könlümdən...

Çoxdandır qəbristana düşməyir yolum

O tənha məzarı ot basıb bəlkə

Mənim soyuqluğum, laqeydliyim

Onun sinəsinə od basıb bəlkə

Bir daş var gözümün yaşına həsrət

Dayanıb o giley heykəli kimi

Əlim torpağına- daşına həsrət

Yıxılıb üstünə mən dəli kimi ağlayam gərək!

O tənha məzarı torpaqdan üzüb

Ovcumun içində saxlayam gərək!

Şöhrətin üstünə yüyürdükcə mən

İstəklər, arzular köçür könlümdən

Sevgi dünyasına büründükcə mən

Dəli bir ağlamaq keçir könlümdən...

Küləklər oynayır kənd evimizdə

Taleh baş götürüb apardı məni

Hörümçək tor qurub pəncərəmizdə

Həsrətim çırpınır o torda mənim

Yarasa boylanır uçur tavandan

Bükülmüş dirəklər çat-çat olubdur

Qorxudan dıvarın bağrı yarılıb

Qapılar çoxalıb dörd qat olubdur

Gedim divarına yalvarım onun

Gedim qapıların qatı açılsın

Gedim mən sonuncu dirəyi olum

Tavanlar çinimə barı uçulsun

Daşı daş üstünə qoyum təzədən

Dəlisov küləklər əsir könlümdən

Elə kövrəlmişəm, bilmirəm nədən!

Dəli bir ağlamaq keçir

Nüsrət Kəsəmənli

Bütün xəbərlər Facebook səhifəmizdə