Beynəlxalq Andersen Fəxri Diplomunu Azərbaycana gətirən ilk uşaq yazıçısı
Azərbaycan uşaq ədəbiyyatına töhfələrini verən, azyaşlıların dilini, onların psixolgiyasını bilən və əqli inkişafını nəzərə alaraq yazıb-yaradan yaradıcı simalar arasında Qəşəm İsabəylinin də imzası var. Onun yaradıcılıq yolu orijinal və maraqlı nümunələrlə zəngin olduğundan əsərlərinə tez-tez müraciət olunur. Hətta böyüklərin hafizəsindən uşaq yaşında öyrəndikləri bu ədəbi numunələr silinib getməyib.
Onun ilk şeirlərindən olan "Balaca, bap-balaca" şeiri tez bir zamanda uşaqlar tərəfindən sevildi. Bu şairin dil xüsusiyyətləri, azyaşlı oxucusu ilə onun dilində danışmaq bacarığından, ən əsası isə Azərbaycan folklorunun incəliklərini bilməsindən irəli gələn amildir. Həssas və hər şeyi duyan balacaların dünyasına daxil olmaq elə də asan deyil. Sadə, axıcı dili, səmimiyyəti ilə sevilən şair, balacalarla özü arasında mənəvi körpü yaradıb. Uşaqlar üçün şeirlərlə yanaşı, çoxlu sayda mahnı mətnləri, poemalar, nağıl, hekayə və povestlər də qələmə alan Q.İsabəyli "Şam nağılı", "Üüü", "Əkil-Bəkil", "Nənəm təkdi" kimi əsərləri ilə uşaq ədəbiyyatına yeni nəfəs gətirmiş oldu.
Bu uğurlu başlanğıc onun bu gün beynəlxalq mükafata layiq görülməsinə səbəb olub. Belə ki, yazısı bu yaxınlarda Andersen Fəxri Diplomuna layiq görülüb. Qeyd edim ki, İsveçrədə fəaliyyət göstərən Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının AndersenFəxri Diplomu ötən əsrin 60-cı illərində təsis olunub. Dünyanın 76 ölkəsi bu təşkilatın üzvüdür. Azərbaycanın üzviliyi isə 4 yaşındadır. 2014-cü ildə 57 dünya uşaq yazıçısı Andersen Fəxri Diplomuyla təltif olunub. Bu, son iki ildə dünya uşaq yazıçılarının müasir ədəbi mühiti özündə əks etdirən ən yaxşı əsərlərinin seçimi deməkdir.
Andersen Fəxri Diplomu MDB dövlətlərindən 5 respublikanın – Pribaltikadan 2, Moldavadan 1, Rusiyadan 1, Azərbaycandan isə 1 nəfərə verilib. Bəli, ilk dəfə Azərbaycan yazıçısı Q.İsabəylinin imzası Andersen Şərəf siyahısına düşüb. O, bu mükafata "Cin" nağıl-povestinə görə layiq görülüb. Əsər bu günə qədər 3 dəfə nəşr edilib. İlk nəşri 60 min nüsxə Azərbaycan türkcəsində, 20 min nüsxə ingiliscə nəşr edilən bu kitab oxucular arasında geniş yayılıb. Əsərin mövzusu Azərbaycan folklorundan götürülüb və tamahkarlığın insanın başına gətirdiyi bəla, faciə maraqlı süjet əsasında təqdim edilib.
Qeyd edək ki, Q.İsabəylinin "Balaca bapbalaca" şeiri hələ 1980-ci ildə "Sovet Azərbaycanı maarifi" mahnı müsabiqəsində qalibiyyət qazanıb. 1989-cu ildə isə "Əkil-bəkil" (poema) kitabı Azərbaycan Yazıçılar Birliyinin, Dövlət Mətbuat Komitəsi və Azərbaycan Komsomolunun "İlin ən yaxşı uşaq kitabı" müsabiqəsində qalib olub. Şair aldığı pul mükafatını Şəhidlərin abidəsinə yardım fonduna keçirdib.
Bədii forma və məzmun axtarışları, orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng yaradıcılığa malik olan Q.İsabəylinin yaradıcılığı məhz dünya uşaq ədəbiyyatının münsifi sayılan Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının Fəxri Andersen Diplomuna layiq görülməsinə səbəb oldu və bu onun ən böyük uğurudur.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB