“Mən belə dünyanın nəyindən küsüm?” ŞEİR

Söz verdim, söz aldı dəfinə verə,

Tək bircə olumsuz qərinə verə.

Umdum nə verdi ki, küsdüm nə verə?

Mən belə dünyanın nəyindən küsüm?

İtirib özündə özünü dünya,

Toyları, yasları özülü dünya...

Əlim ətəyindən üzülü dünya...

Mən belə dünyanın nəyindən küsüm?

Ömrünə vay salar, vaydan utanmaz,

Saç yolub, hay salar, haydan utanmaz,

Günəşdən utanmaz, aydan utanmaz,

Mən belə dünyanın nəyindən küsüm?

Çaydı dəhnəsində xırsız əjdaha,

Gecəsi salamat çıxmaz sabaha,

İti bazarında atından baha,

Mən belə dünyanın nəyindən küsüm?

Başının altına yastıq qoyanlar,

Ayaq altına qumbara qoydu,

Nadanlar dünyanı qumara qoydu!

Mən belə dünyanın nəyindən küsüm?

Məmməd Araz

Bütün xəbərlər Facebook səhifəmizdə