Tural Abbaslı tərəfdarlarının rəhbərliyə qarşı "facebook" ÜSYANI

"Qoca tülkülər bizi axmaq yerinə qoyub"

Müsavat Partiyasının qurultayı ətrafında söz-söhbətlər qızğın məcraya keçib. Başqanlığa namizəd olmuş Tural Abbaslının tərəfdarları "facebook" hesablarında partiyanın əvvəlki və indiki rəhbərliyini sərt şəkildə tənqid edib, hətta təhqirlərə yol veriblər. SİA həmin fikirlərin bir neçəsini təqdim edir.

Müsavatçı fəal Araz M.Teymurlu hesabında yazıb ki, bu seçkilərin nəticələri başdan-ayağa saxtadır: "Tural Abbaslını, Əhəd Məmmədlini, Elşən Həsənovu, Rüfət Hacibəylini, Cavid Hacibəylini, Cavanşir Abbaslını Məclisin seçkisində üstündən xətt çəkmək nə Müsavata nə də musavatçılığa yaraşdırmadım!!!... Özünüzə haqq qazandırmağa çalışmayın "cənablar!!!"".

Elşən Həsəbov isə Tural Abbaslının məğlubiyyətini planlaşdırılmış seçkilərin nəticəsi adlandırıb.

"Yeni Müsavat" qəzetinin jurnalisti Cavanşir Abbaslı seçkilərin nəticələrini gənclik üzərində qələbə adlandırıb: "Uraaaaaaa GƏNCLİK üzərində"möhtəşəm" qələbə qazanıldı. Müsavat Məclisinə seçkilərin nəticələri açıqlanıb. Heç bir gənc başda Tural Abbaslı olmaqla, Məclisə seçilmədi. Bununlada "demokratiya aşiqləri" Müsavatı gələcəkdə gözləyən "gənclik təhlükəsi"ndən xilas etdilər...!".

Fəal müsavatçı Musa Məmmədov isə daha sərt formada fikir bildirməklə partiyanın köhnə və yeni rəhbərliyini "qoca tülkülər" adlandırıb: "Gəncləri bu qoca tülkülər lap oyuncaq yerinə qoyub. Ay axmaqlar, gənclər olmasa kündəniz küt düşər".

Bəxtiyar Türksoy adlı müsavatçı gənc isə hesabında yazıb ki, o arif Hacılını heç vaxt başqan saymayacaq: "Mən Arif Hacılını başqan kimi qəbul etmirəm və etməyəcəm!!! Mənim Başqanım Tural Abbaslıdır !!!".

Qeyd: statuslarda qrammatik səhvlər olduğu üçün onların bəzilərində hərf düzəlişləri edilib.

Xatırladaq ki, Müsavat Partiyasının qurultayından sonra məğlub olmuş namizəd Qubad İbadoğlu, Vurğun Əyyub, Hikmət Hacızadə və İbadoğlunun xeyrinə namizədliyini geri götürmüş Səxavət Əlisoy da mətbuata çıxaraq, həmin seçkilərin nəticəsini legitim hesab etmədiklərini bəyan ediblər. Müsavat rəsmisi Gülağa Aslanlı isə yaxınlarda növbədənkənar qurultayın keçiriləcəyini istisna etməyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə