AĞALAR İDRİSOĞLU
Həmid və Fərid iki qardaş idilər. Valideynlərindən məhrum olan, atasız, anasız uşaqlar üçün nəzərdə tutulan internat-məktəbdə təhsil alırdılar. Həmid beşinci, Fərid üçüncü sinifdə oxuyurdu. Burada təhsil alan uşaqların bəzilərinin də valideynləri vardı və həftənin son günləri internat-məktəbə gəlib onları ya özlərilə evə aparır, ya da bütün günü onlarla birlikdə keçiririrdilər. Amma Həmid və Fəridin valideynləri bu illər ərzində bir dəfə olsun, gəlib onlarla görüşmürdülər. Hətta ad günlərində belə gəlmirdilər. Bəzən həftədə bir dəfə onlarla bir neçə dəqiqə telefonda danışırdılar. Həmin vaxtı da uşaqlar özləri onlara zəng edirdi. Tətil vaxtları belə onların valideynləri nə inetrnat-məktəbə gəlmirdilər, nə də onları öz evlərinə aparmırdılar. Hətta onlara evə gəlməyi belə qadağan etmişdilər.
Valideynləri internat-məktəbə gələn uşaqların necə sevindiklərini görən Həmid və Fərid bundan çox pərişan olurdular. Bu da onlarda valideynləri bura gələn uşaqlara qarşı böyük qısqanclıq, eqaizm yaradırdı. Həmid tez-tez həmin uşaqlara sataşır və tikanlı sözlər deyirdi. Böyük qardaşına güvənən Fərid də sinif yoldaşları olan və valideynləri onları yoluxmağa gələn uşaqlara sataşırdı. Tikanlı sözlər deyirdi. Elə bil bununla o da ürəyini soyudurdu... Amma bura gələn valideynlərin uşaqlarını necə əzizlədiyi mənzərəni görən hər iki qardaşın daxilindən sarı sim kimi bu fikirlər keçirdi: “ Bu uşaqların çoxunun valideynləri uzaq rayonlardan bura gəlirlər. Amma bizim evimizlə internat-məktəbin arası cəmi 30-40 kilometrdir. Məgər anamız Əfsanə, atamız Cümşüd üçün bu məsafə belə çoxdur ki, heç olmasa onlar həftədə bir dəfə bura gələ bilmirlər? Hər ikisinin də altında maşını var. Axı onlar niyə bizi istəmirlər? Niyə onlar bizimçün darıxmırlar? Bizim günahımız nədir?”..
Bəzən bu kimi sözləri internat-məktəbin direktoru və tərbiyəçi müəllimə də həm uşaqlara və həm də onların valideynlərinə deyirdilər. Hətta tərbiyəçi müəllimə Şükriyyə dəfələrlə elə uşaqların yanında mobil telefonla Əfsanə ilə danışmışdı. Ona öz iradını da bildirmişdi. Bir dəfə isə ona bu formada sərt sözlər də demişdi:
-Əgər bu uşaqları istəmirsinizsə, onlardan birdəfəlik imtina eləyin və qoy onlar bütövlükdə keçsin dövlətin hesabına. Qoy onlar da bilsinlər ki, bağqa uşaqlar kimi onların da valideynləri yoxdur. Onlar da yetimdirlər...
Şükriyyə müəllimənin bu sözlərinə Əfsanə çox sərt cavab verib demişdi:
-Müəllimə. Xahiş edirəm siz uşaqları bizim üstümüzə qaldırmayın. Onlarda bizə qarşı belə nifrət yaratmayın! Buna görə sonra başınız ağrıyar... Dünyanın çoxlu ölkələrində uşaqlar doğulan kimi dayələrə verilir və sonra da təhsil almaqçün internatlara göndərilir. İnternatlarda da lazım olan kimi tərbiyə olunur və təhsil alırlar. Həmişə də valideynlərinə sevgisi, məhəbbətləri çox olur. Mən də sizə lazım olan kimi pul ödəyirəm. Hətta sizin öz kartınıza da hər bayramda pul köçürürəm. Daha nə istəyirsiz? Biz hələ ki, cavanıq öz həyatmızı keyflə yaşayırıq... Uşaqlar da qoy öz həyatlarını yaşasınlar... İndidən çətinliyə öyrəşsinlər ki, böyüyəndə valideynin qoltuğunun altında olmasınlar. Belə çıxır ki, sizin dünya sivilizasiyasından xəbəriniz yoxdur!
-Mən ali təhsilli pedaqoqam. İyirmi ildir ki, burada işləyirəm və dünya sizvilizasiyasını da çox yaxşı bilirəm. Onu da bilin ki, valideyn nəvazişi görməyən uşaq həyatda yarımçıq olur...
-O əvvəllər belə idi. İndi internet əsridir. Uşaq sərbəst böyüməlidir. Bir də mən bu böyüklükdə Şirkətin ən aparıcı mütəxəssislərindən biriyəm. Mənim boş vaxtım hardadır ki, onların tərbiyəsi, təhsili ilə məşğul olum? Mən onların xoş gələcəyi üçün pul toplayıram ki, yeniyetmə yaşlarına çatanda heç bir korluq çəkməsinlər. Çünki mən, ehtiyacın, çətinliyin, pulsuzluğun nə olduğunu yaxşı bilirəm. Uşaq və yeniyetməlik yaşlarımda bunu çox görmüşəm. Sizin kartınıza bundan sonra hər ay beş yüz dollar da pul köçürəcəm, təki siz onlarda mənə, atasına qarşı sevgi yaradın və qoy dərslərini də yaxşı oxusunlar.
Əfsanə bu sözlərdən sonra Şükriyyənin dediklərinə və “məsləhətlərinə” qulaq asmamamaq üçün telefonu qapatmışdı. Axı o, bir şeyi yaxşı bilirdi ki, pul, dəmir qapıları da çox asanlıqla açır. Ayda Şükriyyə üçün beş yüz dollar çox böyük puldur. Çünki onun əmək haqqı heç iki yüz dollar deyil... Deməli, Əfsanənin bu təklifi ürəyincə olacaqdı. Daha ona “məsləhətlər” verməkçün zəng etməyəcəkdi...
Əfsanə çox gözəgəlimli xanım idi. O, bu gözəlliyini bada vermək istəmirdi. Cəmi otuz yaşı olsa da ona heç iyirmi yaş vermək olmazdı. Hər həftə bir neçə dəfə fitnes kuluba gedir və öz gözəlliyini var qüvvəsilə qoruyurdu. Çünki o, yaxşı bilirdi ki, bu gözəlliyilə bütün kişiləri əsir eləyə bilər. Və istədiyi kişidən istədiyini də çox asanlıqla alırdı... O, dediyi kimi böyük bir Şirkətdə katibə-referent idi. Amma hamı bilirdi ki, Prezidentin “sağ əlidi”. Hətta bu Şirkəti o, idarə eləyirdi. Çünki Şirkətin prezidenti onun heç bir sözündən çıxmırdı. Prezident yaşlı adam idi. Əfsanənin dərdindən də dəli-divanəydi. Ona çox bahalı bir maşın, böyük bir villa və hüquq fakültəsinin diplomunu da alıb, bağışlamışdı. Hətta onun maşını üçün ayrıca sürücü də işə götürüb, ona da əmək haqqı verirdi. Amma Əfsanə Prezidentin bu “sevgisi” ilə kifayətlənməyib, başqa cavan kişilərlə də “əlaqədə” olurdu. Özü dediyi kimi: “Nə qədər cavandır, həyatdan öz istədiyini almaq istəyirdi. Özü də lazım olan kimi”... Məhz buna görə uşaqları olan kimi onları dayəyə vermişdi. Onları dayə böyütmüşdü. Sonra bu internat- məktəbə qoymuşdu ki, uşaqlar ona həyatını kefdə-damaqda keçirməsinə mane olmasınlar.
Əfsanənin əri də vardı. Adı Cümşüd idi. Amma Əfsanə ona “Cüm-cüm” deyirdi. Onu da işlədiyi Şirkətdə işə düzəltmişdi. O, hər ay yaxşı əmək haqqı alsa da günlərlə işə gəlmirdi və özü üçün keyfdə-damaqda, yeyib-içməkdə olurdu. Cümşüd, əsl alfons həyatı yaşayırdı. Və arvadının “əməllərindən” xəbəri olsa da heç vaxt üzünə vurmurdu... O, mikrorayondakı iki otaqlı evində yaşayırdı. Əfsanə isə öz villasında olurdu. Burada da bir qulluqçu vardı və lazım olan kimi Əfsanəyə qulluq edirdi. Əfsanənin yanına gələn kişilərə də həmişə diqqətcil olurdu. Əfsanə ona lazım olan qədər pul verirdi. Əfsanənin də sirrlərini heç kimə demirdi. Çünki həmin xadimə yaxşı bilirdi ki, ondan əvvəlki qulluqçu “ağzı cırıq” olduğuna görə Əfsanə onu qovmuşdu. Dəfələrlə gəlib ona yalvarıb-yaxarsa da Əfsanə onu daha yaxına buraxmamışdı.
Əfsanə ilə Cümşüdün tanışlığı da maraqlı olmuşdu. Əfsanə hələ orta məktəbdə oxuduğu illərdə çox kasıb yaşadıqlarına görə, bircə istəyi, arzusu vardı. Pullu, imkanlı oğlana ərə getsin, ya da özündən on beş və hətta iyirmi, iyirmi beş yaş böyük olsa belə pullu, imkanlı bir kişinin məşuqəsi olsun. Orta məktəbi qurtaran günü, son zəngdən sonra özü kimi bir neçə rəfiqsilə şəhərdə əxlaqsızlıq yuvası kimi tanınan “Görüş” adlı bar-diskotekaya getmşdilər. Həmin gün Cümşüd də bir neçə dostu ilə ora gəlmişdi. Ümumiyyətlə, Cümşüd tez-tez bura gəlirdi. O, Polis rəisinin müavini Dövlət Kələntərlinin oğlu olduğuna görə pula-pul demirdi. Burada görüşdüyü qızlara lazım olam kimi pul xərcləyirdi. Atası onu Polis Akademiyasına qəbul etdirmişdi. O da bu il ikinci kursu bitirirdi.
Cümşüd, Əfsanəni görən kimi onun gözəlliyinə valeh olmuşdu. Daha-doğrudu Əfsanənin gözəlliyi onu dəli-divanə eləmişdi. Cümşüd karate ilə məşğul olduğundan boy-buxunlu idi. İlk baxışdan Əfsanənin də gözü onu tutdu. Cünşüd Əfsanəni rəqsə dəvət elədi. Əfsanə onunla rəqs eləməyə razılaşdı. Əfsanə əvvəllər rəqslə məşğul olduğuna görə yaxşı rəqs edirdi. Elədiyi rəqs hərəkətləri onu daha da gözəl göstərirdi. Onun rəqsi kənardan baxanları da valeh edirdi.
- Gəl tanış olaq. Mənim adım Cümşüddür.
- Mənim adım isə Əfsanədir,-deyə o, Cümşüdün gözlərinə baxıb, gülümsündü.
Əfsanənin gülüşü, çox mənalı baxışı və mavi, qəmli gözləri də çox gözəl idi. Elə bil Ulu Tanrı həyatda heç nəyi ondan əsirgəməmişdi. Onu bir məlakə simasında yaratmışdı.
- Sən məşhur Türk aktrisası Türkan Şorayın cavanlığına oxşayırsan. Nə əcəb bu vaxta qədər səni rejissorlar görüb, kinoya çəkməyiblər?
- Məktəbimizə gəlib, dəvət eləyiblər. Amma mən aktrisa olmaq istəmirəm.
- Niyə?
- Bilmirəm. Mən ailə qurmaq istəyirəm.
- Gəl mənimlə ailə quraq. Məşədi İbad demişkən. Pul deyirsən məndə, boy-buxun deyirsən məndə. Atam da Polis rəisinin müavinidir. Altımda da “Rənge Vover” maşını. Özümün də şəhərin düz mərkəzində ayrıca dörd otaqlı mənzilim var.
- Bütün oğlanlar ilk dəfə tanış olduğu qıza belə yalanlar deyirlər...
- Mən yalan demirəm. Həqiqətən belədir. Atam polis polkovniki Dövlət Kələntərlidi. Onu bütün məmləkət yaxşı tanıyır. Hətta ölkə başçısı da...
- Mən onu dəfələrlə televizorda görmüşəm. Hətta müxalifətdən olan və mitinq keçirən bəzi adamları necə döydüyünü də televizorda göstəriblər.
- Onlar müxalifət deyillər. Ayrı-ayrı ölkələrin agentləri, şpionlarıdırlar. Onları təkcə döymək yox, həbs etmək, öldürmək lazımdı. Onlar bizim müstəqil olmağımızı istəmirlər.
- Mən elə şeyləri bilmirəm,- deyə yenə də Əfsanə sehirli gözlərilə Cümşüdə baxıb, gülümsündü. Mən Allaha inanan adamam. Deməli, Ulu Tanrı bilərəkdən bizi bura göndərib ki, bir-birimizlə tanış olaq.
- Düz deyirsən. Mən burada dəfələrlə olmuşam. Amma ilk dəfədir ki, sənin kimi gözəl bir xanımla rastlaşmışam. Neçə yaşın var?
- On yeddi.
- Sənə heç on beş yaş vermək olmaz. Mənim isə on doqquz yaşım var.
- Amma sən yaşından böyük görünürsən.
- Hə. Mən idmanın karate, qaydasız döyüş növü ilə məşğul oluram. Döyüşlərdə burnumu, qulaqlarımı, qolumu sındırıblar. Bu da məni bir qədər yaşlı göstərir. Amma çox güclü və enerjili kişiyəm...
Onun bu sözlərindən ilk əvvəl Əfsanə güldü. Əfsanənin noxudu gülüşündən Cümşüd də ucadan güldü. Sonra hər ikisi güldülər...
... Onlar gecə saat birə qədər barda oldular. Yalnız birlikdə rəqs elədilər. Cümşüd orada çox pul xərclədi. Əfsanə onun qara dəridən olan pul qabında çoxlu pul olduğunu gördü. Çünki Cümşüd pullarını çıxaranda birdən-birə çox pul çıxarırdı. Bu da Əfsanənin gözündən yayınmırdı. Həm də Əfsanə artıq başa düşdü ki, özünün gözəlliyi, məlahətli səsi, ürəyi dəlib keçən baxışları ilə Cümşüdü əsir eləyib.
Sonra onlar birlikdə bardan çıxdılar. Cümşüd onu “Rənce Rover” maşının yanına gətirdi. O, bir qədər içkili idi.
- Buyur, əyləş maşına Əfsanə xanım.
- Qorxmursan ki, içkili maşın sürdüyünə görə Yol polisləri səni saxlayar?
- Mənim maşınımın nömrəsi bütün polislərdə var. Onlar məni heç vaxt saxlamazlar. Səni evinizə qədər aparacam.
- Mən hələ evə getmək istəmirəm.
- Bəs evdəkilər səni axtarmaz?
- Onlara zəng vurub deyərəm ki, rəfiqəm gildə qalacam.
- Nə gözəl. Onda gedək mənim bərli-bəzəkli evimlə tanış ol.
Əfsanə Cümşüdə baxıb, gülümsündü.
-Deməssən ki, aldadtım? Sən içkilisən. İçkili başda da ağıl olmaz... Yox. Gəl şəhəri gəzək. Gecələr Bakı daha gözəl görünür.
Cümşüd onun bu baxışlarından təslim olub, maşınla dəniz sahilinə gəldilər. Sahildə onlar kimi bir neçə cütlüklər vardı. Boş stullarda oturub “qol-boyun” olmuşdular. Bəziləri də dənizin sahilində qol-qola girib, gəzirdilər. Cümşüd də Əfsanənin qoluna girdi. Sonra Əfsanə onun qolunu qolundan çıxarıb, özü Cümşüdün qoluna girdi... Və sinəsini onun çiyninə söykədi. Cümşüd bu hərarətdən məst oldu və Əfsanənin qolunu qolundan çıxarıb, onun belini möhkəm qucaqladı. Əfsanə razılıq əlaməti olaraq, iri, mavi gözlərilə ona baxıb gülümsündü... Sonra Cümşüd onun dodaqlarını möhkəm öpdü...
... Beləcə onlar dan yeri ağarana kimi dəniz sahilində gəzdilər və yorulanda isə stullarda oturub, “qol-boyun” oldular. Həmin gecə Əfsanə Cümşüdü necə dəli elədisə, Cümşüd ona evlənmək təklif elədi. Əfsanə isə onu özünə daha möhkəm bağlamaq üçün özündən uydurub dedi ki, “onu başqasına vermək istəyirlər. Hətta bir neçə dəfə evlərinə elçi də gəlib, amma Əfsanə razılıq verməyib... Çünki sevmədiyi adama ərə getməz”.
-Yox. Sən mənim olacaqsan. Elə bu gün anama deyəcəm. Sabah da sizə elçiliyə gələcəklər. Mən ailənin yeganə övladıyam. Düzdü atam istəyir ki, öz rəisinin qızını mənə alsın. Bunu qız da, atası da, anası da bilir. Qız onuncu sinifdə oxuyur. Orta məktəbi qurtarandan sonra Azərbaycan Dövlət Tibbi Universitetinə qəbul olmaq istəyir. Arzusu həkim olmaqdı. Amma mən səni görəndən sonra heç vaxt onunla evlənmərəm. Çünki sən, məni dəli eləyibsən. Artıq Məcnun olmuşam...
- Belə çıxır ki, onda mən də Leyliyəm,- deyə Əfsanə iri dodaqları ilə Cümşüdün yanağından öpdü. Sonra yenə onun gözlərinə baxıb, söhbətinə davam elədi:-Amma onlar evlənə bilməyiblər. Deməli, sənin atan da imkan verməz biz evlənək.
- Mən özüm istəyəndən sonra heç kim qarşımı ala bilməz. Mən müasir düşüncəli oğlanam. Sən, yalnız və yalnız mənim olacaqsan.
Artıq dan yeri ağarsa da Cümşüd, Əfsanədən ayrılmaq istəmirdi. Sonra onu maşında evlərinə kimi gətirdi. Amma Əfsanə evlərinə bir döngə qalmış, maşından düşdü. O, çox ehtiyatlı və hər şeyi ölçüb-biçməyi yaxşı bacaran, yaşından çox-çox ağıllı, bic, tədbirli qız idi. Ona görə də istəmədi ki, onu məhəllələrində başqasının maşınından düşən görsünlər... Axı ağrımayan başını niyə ağrıtmalıydı ki...
Cümşüd evə gəlib, Əfsanə ilə görüşdüyünü və onunla evlənmək istədiyini anasına dedi.
-Mamaşa. Mən bu gecə barda bir gözəl qızla tanış olmuşam. Adı Əfsanədi, özü də əfsanəvi gözəlliyə malikdi, -deyib, anasını öpdü.
Zərnişan oğlunun gecə içdiyi spirtli içkinin təsirindən belə danışdığını fikirləşdi. Çünki onu öpəndə ağzından siqaret və içki qoxusu gəlirdi. Həm də o, içki içəndə ağzına nə gəldi danışırdı. Daha doğrusu çərənləyirdi... Zərnişanın da yüksək şəkəri olduğuna görə çalışırdı ki, ona fikir verməsin və əsəbiləşməsin.
- Mən o qızla evləmək istəyirəm.
- Sən nə dedin?
- Deyirəm ki, Əfsanə ilə evlənmək istəyirəm.
- Sənin nişanlın var. Atanın rəisi Kərəm müəllimin qızı Zümrüd.
- Mən sənə neçə dəfə demişəm ki, onu istəmirəm. Bir dəri, bir sümükdü. Əfsanə isə əsl məlakədi...
- Biz onun barmağına üzük də taxmışıq.
- Nə olsun.
- O olsun ki, sən onunla evlənəcəksən. Sənin gələcək taleyini də Polis rəisi, atanın dostu Kərəm müəllim lazım olan kimi quracaq. Artıq sən üçüncü kursda oxuyanda səni polis sisteminə işə götürəcəyinə də söz verib.
- Mən, Polis Akademiyasında oxumaq istəmirəm. Atamın təkidilə ora girmişəm.
- Camaat Polis Akademiyasına qəbul olmaqçün ətək-ətək pul tökür. Kərəm müəllim səni ora pulsuz qəbul etdirib.
Test imtahanında da sualları sənin əvəzinə başqası yazıb. Artıq ikinci kursu bitirirsən. Bu vaxta qədər heç bir imtahana cavab verməsən də bütün qiymətlərin beşdir.
- Mən Zümrüdü sevmirəm!
- İndi imkanlı adamların uşaqlarının hansı sevib evlənir ki. İmkanlı adamlar var-dövlətini imkanlıların var- dövlətilə calamaq üçün uşaqlarını evləndirirlər. Sevgi ilə evlənənlərin beş-altı aydan sonra boşandığını çox görmüşük...
Həmin gün Cümşüdlə anası Zərnişan arasında böyük mübahisə oldu... Cümşüd acıq eləyib evdən getdi. Axşam Cümşüdün atası Dövlət evə gələndə Zərnişan oğlu Cümşüdlə olan söhbəti ona danışdı. Dövlər bundan çox əsəbiləşdi. Çünki bu gün Kərəm Nəsirli ilə söhbətləri olmuşdu və ona demişdi ki, “bir neçə günə onlara elçiliyə gedəcəkdilər”. Həm də Kərəm Nəsirli söz vermişdi ki, artıq Daxili İşlər naziri ilə danışıb. Bir neçə günə Dövləti, Bakının rayonlarından birinə Polis rəisi təyin edəcəkdilər...
Bu vaxt Cümşüd evə gəldi. O, yenə də Əfsanə ilə görüşmüşdü və oturub yaxşıca yeyib-içmişdilər. Artıq onun sərxoşluğu hiss olunurdu. Həm də içki içəndə “ağzına” yiyəlik eləyə bilmirdi...
- Gecə saat ikidi. Hardan gəlirsən bu vaxtı,- deyə əsəblərini colovlamaq istəyən Dövlət, oğlundan soruşdu.
- Gəzməkdən.
- Bu vaxt qədər gəzmək olar?
- Niyə olmur. Sən özün bəzən gecə saat dörddə-beşdə evə gəlirsən. Bəzən də heç gəlmirsən. Sənə nə mamaşa, nə də mən heç nə demirik...
- Sən nə dedin?
- Nə eşitdin, -deyə Cümşüd öz otağına keçmək istədi.
-Dayan görüm, -deyə Dövlət oğlunun yaxasından tutdu. Sənə demişəm ki, içki içmə? Çünki sən əlli qram içəndən sonra özünü idarə eləyə bilmirsən!
- Mən heç nə içməmişəm.
Dövlət, oğlunun yalan dediyindən çox əsəbiləşdi və ona möhkəm bir şillə vurdu. Cümşüd yerə yıxıldı. Dövlət təpiklə onu vurmağa başladı.
Zərnişan cəld ona yaxınlaşıb, yalvarışla dedi:
-Dövlət, yalvarıram vurma. Qələt elədi. Səni and verirəm cavan ananın ruhuna, vurma. Vurma...
O, var gücü ilə Dövlətin qarşısını kəsdi. Dövlət nə qədər əsəbi olsa da cavan yaşında haqq dünyasına qovuşan anasının adı çəkiləndə həmin dəqiqə sakitləşirdi.
O, Cümşüddən uzaqlaşıb, stolun üstündən siqaret götürüb, yandırdı. Cümşüd ayağa durdu. Əli ilə ağzının, burnunun qanını sildi. Əsəbi atasına, anasına baxdı.
-Lənət olsun sizlərə! Məni bir daha bu evdə görməyəcəksiz, -deyib evdən çıxdı.
Cümşüd səhəri günü də, birisi günü də evə gəlmədi. Zərnişan oğlunun harada olması ilə maraqlansa da, bütün qohumlardan onu soruşsa da heç kim ondan heç bir xəbər-ətər demədi. Hətta onun üçün aldıqları evə də getməmişdi. Çünki oradakı qonşulardan onu soruşmuşdu. Əfsanənin də harada yaşadığını bilmədiklərindən, onun da ünvanını tapa bilmədilər. Yüksək şəkərdən və əsəbdən Zərnişanın vəziyyəti çox pisləşdi. Beş gündən sonra onu xəstəxanaya qoydular. Həkimlər əllərindən gələni etsələr də onun vəziyyəti yaxşılaşmırdı.
... Cümşüdün evdən getməsindən bir həftə sonra Zərnişanın Sankt-Peterburqda yaşayan qardaşı Əşrəfdən ona zəng gəldi. Məlum oldu ki, Cümşüd Əfsanəni də götürüb, Sankt-Peterburqa gedib. Gedəndə özü ilə çoxlu pul da aparıb. Zərnişan başılovlu evə gəldi və evdə gizlətdikləri yüz mindən çox dolların və yüz minlərlə qiyməti olan zinyət əşyalarının, qızılların yerində olmadığını gördü... Özünü birtəhər toparlayıb, Dövlətə zəng vurdu. Pulların, zinyət və qızıl əşyalarının yerində olmadığını ərinə dedi. Dövlət, təcili evə gəldi. O, evə gələnə qədər Zərnişanın ürəyi getmişdi. Dövlət, Təcili Yradıma zəng vurdu. Təcili Yradım maşını gələnə qədər artıq Zərnişan keçinmişdi...
Dövlət, Zərnişanın üçünü, yeddisini verəndən sonra oğlu Cümşüdü və qaynı Əşrəfi axtarışa verdi. Çünki Əşrəf də qumarbaz olduğuna və onların evindən pul oğurlayıb qaçdığına görə Dövlət, neçə illər idi ki, onunla danışmırdı. Hətta harada yaşadığını da bilmirdi.
Cümşüdun dayısı ilə əlaqəsi vardı. Elə o, məsləhət bilmişdi ki, Əfsanəni də götürüb, Sankt-Peterburqa gəlsin. Özü ilə də çoxlu pul götürsün ki, Sankt-Peterburqda iş qursunlar və o, daha heç vaxt atasından asılı olmasın. Evdən getdiyi həmin gecənin səhəri anası evdə olmayanda Cümşüd evə gəlmişdi. Pulların, ziyət əşyalarının və qızılların saxlandığı yeri bilirdi. Atası Dövlət, divarın içində seyf düzəltdirmişdi və bütün var-dövlətinin də böyük hissəsini orada və bağ evində saxlayırdı. Divara da paltar şfaneri söykənmişdilər. Cümşüd evə girib, paltar asılan şvaneri qabağa çəkib, seyfi çox asanlıqla açdı. Çünki kodu bilirdi. Pulları, zinyət əşyalarını, qızılları götürdü. Şfaneri yenidən səliqə ilə əvvəlki yerinə çəkdi. Maşınına minib evdən çıxdı və Əfsanəyə zəng vurdu. Əfsanənin də bu işdən xəbəri vardı. O da evdən paltarlarını və şəxsiyyət vəsiqəsini, xarici pasportunu götürmüşdü. Onlar Cümşüdün bahalı maşınına minib, Azərbaycanın Dərbəndlə olan sərhəddinə gəldilər. Və sərhəddi keçib Dağıstana və oradan da Sankt-Peterburqa getdilər...
Əşrəf, bacısı oğlunun gəlişilə bağlı yaxşı bir şənlik düzəltdi. Əlbəttə ki, Cümşüdün puluna. Ora onun qumar dostları toplaşmışdı. Onlar elə həmin gecə Cümşüdü ələ aldılar və bilərəkdən ona çoxlu pul uduzdular. Onlar gedəndən sonra Əşrəf , Cümşüdün yaxşı qumar oynamağı ilə bağlı onun qoltuğuna “qarpız” verdi və onu da vurğuladı:
-Sən ki, belə yaxşı qumar oynayırsan, biz elə bu yolla çoxlu pul qazana bilərik. Neynirik hansısa bir müəssisə açıb, əziyyət çəkək. İşçi saxlayaq, vergi verək. Boş yerə başımızı ağrıdaq. Ruslar da qanunpərəstdir. Tez-tez gəlib yoxlayacaqlar və zəhləmizi tökəcəklər.
Cümşüd də dayısı ilə razılaşdı. Onlar elə səhəri gün Əşrəfin qumar dostları ilə yenidən görüşüb, qumar oynadılar. Qumarbazlar dünən uduzduqları pulları Cümşüddən uddular. Amma onu çox təriflədilər ki, “sən yaxşı qumarbazzsan. Biz səninlə birləşib, başqaları ilə də oynayıb, yaxşı pul qazana bilərik”.
-Çox yaxşı olar,- deyə Əşrəf, Cümşüdə danışmağa imkan verməyib bu sözləri də əlavə elədi:- Mənim bacım oğlu sözümdən çıxmaz.
Beləliklə, bir neçə günə Cümşüdün apardığı pullar, zinyət və qızıl əşyaları hamısı qumarda uduzuldu. Çünki Əşrəf də işi elə qurmuşdu ki, guya bacısı oğlu ilə birdi. Amma gizlincə qumar dostları ilə şərik idi. Belə ki, onlar udduğu pulların, zinyət əşyalarının, qızılların faizini gizlincə ona verirdilər. Cümşüd isə bunu bilmirdi. Artıq Cümşüd müflis olmuşdu. Hətta bahalı maşınını da dəyər-dəyməzinə satmışdı.
Hərdən də Bakı ilə əlaqə saxlayırdı. Ona anasının öldüyün demişdilər. Bir neçə gün anasına görə xiffət çəksə də başı qumara qarışdığından onu da yaddan çıxartmışdı. Cümşüdün hətta Əfsanə də yadına düşmürdü. Çünki hər gün qumardan sonra evə sərxoş vəziyyətdə gəlirdi. Əfsanə da artıq birinci uşağa hamilə olsa da, amma nigahları yox idi.
Bir gün Əşrəf, Cümşüdə belə bir xəbər verdi:
- Bakıdan mənə zəng vurmuşdular. Evinizdə yanğın olub. Atan Dövlət də sərxoş olduğuna görə evdə yanıb...
Əfsanə Cümşüdü məcbur elədi ki, Bakıya qayıtsınlar. Çünki Cümşüdün adına ayrıca ev vardı. Bağ evləri də onun adına idi. Atası da ölmüşdü. Tək uşaq olduğuna görə bütün var-dövləti də ona qalacaqdı. Deməli, daha ona heç kim mane ola bilməyəcəkdi...
Onlar Bakıya qayıdan kimi, Əfsanə Cümşüdü məcbur elədi ki, ZAKS-sa gedib, evlilik qeydiyyatına düşsünlər. Artıq onun qarnındakı uşağı yeddi aylıq idi.
Cümşüdü oxuduğu Polis Akademiyasından çıxartmışdılar. O, bir neçə yerə gedib, işə düzəlmək istəsə də ona iş vermirdilər. Çünki heç bir işi bacarmırdı. Əfsanədən gizlin bağ evini satıb, bizneslə məşğul olmaq istədi, amma bacarmadı. Əlində olan pulu da batırdı. Buna görə evlərində böyük dava düşdü. Əfsanə acıq eləyib atasıgilə getdi. Cümşüddən boşanmaq üçün ərizə verdi. Artıq Həmid dünyaya gəlmişdi. Uşaq olandan sonra Əfsanə öz formasını qoruyub saxlayırdı. O, Cümşüddən ayrılsa da onun yalvarışlarından sonra, onlar bir evdə yaşayırdılar. Çünki dörd otaqlı evləri şəhərin mərkəzində idi. Əfsanə bu evi əldən çıxarmaq istəmirdi. O, Cümşüdlə yenidən bir yerdə yaşamağa ona görə razılaşmışdı ki, Cümşüd, dörd otaqlı mənzili Əfsanənin adına keçirtsin. Beləliklə, Əfsanə dörd otaqlı mənzili də öz adına keçirtmişdi. Əfsanə, oğlu olandan sonra yaxın tanışlarıdan birinin köməkliyilə böyük bir Şirkətə işə düzəlmişdi. Şirkətin qoca prezidentinin Əfsanədən xoşu gəldiyinə görə onu özünə referetn götürmüşdü. Cəmi orta təhsil həcmində təhsili olan Əfsanənin əlində hüquq fakültəsinin diplomu vardı və artıq bu Şirkətə rəhbərlik edirdi. Cümşüdü də bura gətirib, işə düzəltmişdi. Amma o, işə gəlmirdi. Aylıq əmək haqqı alırdı. Çünki Əfsanə istəmirdi ki, burada onun “əlinə-ayağına” dolaşsın. Əfsanə ikinci uşağı Fəridi isə qoca prezidentdən “qazansa” da onu da Cümşüdün uşağı kimi qeydiyyata saldırmışdı...
Bəli. Yuxarıda dediyim kimi bu uşaqların necə böyüməsindən, məktəbə getməsindən nə Cümşüdün, nə də Əfsanənin xəbəri yox idi. Həmid beşinci sinifdə və Fərid isə üçüncü sinifdə oxuyurdu. Şirkətin prezidenti Əfsanənin adına bir bahalı bağ almışdı. Cümşüdlə Əfsanə yalnız telefonda əlaqə saxlayırdılar. Əfsanə Cümşüdün ona verdiyi və şəhərin mərkəsindəki evini xaricilərə beş yüz dollara kirayəyə vermişdi. Cümşüdə isə mikorayonda iki otaqlı bir mənzil almışdı. Cümşüd də bütün günü evdə olurdu. Hər gün yüz əlli, iki yüz qram arağını içib, telefonda tik-toka və başqa verilişlərə baxıb, beləcə həyatını sürüdü... Bir vaxtlar Cümşüdün ətrafından əl çəkməyən, onun pulu ilə keyf eləyən “dostları” da artıq ondan uzaqlaşmışdılar. Heç biri onu axtarmırdı.
Əfsanə isə bahalı bağ evində yaşayırdı. İmkan düşdükcə Şirkətin qoca prezidenti ilə də orada görüşürdü. Amma Əfsanə tez-tez onu da aldadırdı. Çünki xoşuna gələn cavan oğlanlarlada görüşürdü. Və Prezidentə də qoca olduğunu eyhamla və bəzən də ciddi formada deyirdi...
Beləliklə, nə Cümşüdün, nə də Əfsanənin uşaqlarından xəbəri yox idi. Heç uşaqları ilə maraqlanmırdılar da...
... Günlərin bir günü onların evinə belə bir teleqram gəldi. Şəhər Xalq məhkəməsindən idi. Onları məhkəməyə çağırırdılar. Uşaqları Həmid və Fərid bir valideyn kimi onlardan imtina etmək üçün məhkəməyə müraciət etmişdilər...
Bu teleqramı oxuyan Əfsanə çox əsəbiləşdi. Əvvəlcə istədi ki, teleqramı cırıb, zibil vedrəsinə atsın. Sonra səbrini basıb, əsəbi qoca Prezidentin yanına getdi. Məqsədi bu idi ki, həmin məhkəməni udsun və internat-məktəbin direktorunu, tərbiyəçi müəlliməsi Şükriyyəni də işdən çıxratdırsın. Əfsanə bunu hökmən edəcəkdi. Axı qoca Prezidentin sözü məmləkətin hər yerində keçirdi. Məhkəmə işi isə onunçün adi bir şey idi...
Deməli, Əfsanə qoca Prezidentin hesabına haqq-ədaləti heç etməyi bacaracaqdı. Axı doğrudan da haqq-ədalət, bu məmləkətdə yüksək rütbəli məmurlarçün çürük bir qozdur. Ona görə də Əfsanə kimilər hər şey eləyə bilərlər...
Sumqayıt şəhəri,
fevral- iyul 2024-cü il
Bütün xəbərlər Facebook səhifəmizdə