Məlum olduğu kimi, 2024-ci ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Cənab Prezidentin öz təbirincə desək, artıq xalqımızın və ölkəmizin həyatında yeni dövr başlayıb. Ölkəmizin suverenliyi tam bərpa olunub. İndi hamımız böyük Zəfərin sevinci ilə yaşayırıq. Təbiiki, qazanılan qələbənin kökü Ulu Öndərin başladığı ordu quruculuğundan irəli gəlir. Dahi rəhbərin ata vəsiyyəti onun layiqli davamçısı, artıq tarixə Qarabağ Fatehi kimi düşən Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yerinə yetirildi. 30 illik düşmən işğalına cəmi 44 gün ərzində son qoyuldu. Məhz cənab Prezidentin yüksək sərkərdəlik, bacarığı, uzaqgörən rəhbərlik siyasəti sayəsində xalqımız qalib xalq kimi dünya ictimayətinə təqdim olundu. Təbii ki, öz xalqına böyük Zəfərin təntənəsini yaşadan cənab İlham Əliyevin Əbədi Lider olmağına tam mənəvi haqqı var.

İndi icazənizlə respublikamızda əlamətdar hadisə olan növbədənkənar prezident seçkilərinə həsr etdiyim “Səs verək” adlı şerimi Sizə təqdim edirəm:

İşıqlı sabaha ümid bağlayan,
Sevinci ümman tək coşub-çağlayan,
Xalqa qanad verən, yadı dağlayan
Yaradan əllərə səs verək bu gün!

Dəyişib donunu hər kənd, hər şəhər,
Hərkəs əməyilə qazanır zəfər.
Doğub talelərə qızıl bir səhər,
O nurlu səhərə səs verək bu gün!

Uğurdur rəhbərin hər bir əməli,
Çünki Öndər qoymuş möhkəm təməli.
Fərəhlə, sevinclə sıxsın əl-əli,
Uğurlu illərə səs verək bu gün!

İndidən görürük öz yolumuzu,
Doğru yolumuzu, düz yolumuzu.
Çırmayaq bir daha öz qolumuzu,
Qayğıkeş rəhbərə səs verək bu gün!

Açır könüllərdə min arzu-dilək,
Xalqını sevənə xalq olmuş dəstək.
Durur qarşımızda xoşbəxt gələcək,
Firavan illərə səs verək bu gün!

Aprel döyüşündə çalınan zəfər
Böyük qələbədən verdi xoş xəbər.
Xalqım son döyüşə oldu səfərbər,
Tarixi zəfərə səs verək bu gün!

İlk gündən güvənib haqq-ədalətə,
Rəhbər tək borcunu verir millətə.
Döndərib ölkəni lider dövlətə,
Bax, belə liderə səsə verək bu gün!

Dəmir yumruğunu qaldıran zaman
Qarabağ Fatehi oldu Komandan
Vətənə bağlıyıq ürəkdən, candan
Sülh adlı dəyərə səs verək bu gün!

Şəhid qanı ilə yoğrulub torpaq,
Azad nəfəs alır indi Qarabağ.
Ali Baş Komandan arxamızda dağ-
Qalib sərkərdəyə səs verək bu gün!

Yeni nəfəs verdi, o, el-obama,
Çatdı sayəsində xalq arzu-kama.
Cənab Prezidentə, Cənab İlhama,
O müdrik rəhbərə səs verək bu gün!

Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
yazıçı-ekoloq

LƏNKƏRAN-2024

Bütün xəbərlər Facebook səhifəmizdə