Həmişə yenilik axtarışında olan sənətkar - (Portret cizgiləri)

Həyatda insanların çox az qismi yenilik axtarışında olurlar. Onlar heç vaxt gördüyü işlərdən tam razı qalmırlar və həmişə də çalışırlar daha yüksəkliklərə can atsınlar. Yeni işlər onları daha çox maraqlandırır. Belə insanlar həm də çox zəhmətkeş olurlar. Yorğulmaq nə olduğunu bilmirlər. Bax, belə insanlardan biri uzun illər tanıdığım Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvü Ağalar İdrisoğludur. Heç vaxt onun özündən razı olduğunu eşitməmişəm. Məşhur Oldos Hakslinin bu sözləri həmişə onun ali məqsədi olub: “Bundan 20 il sonra etdiklərinə görə deyil, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et”.

1950- ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu (Mehdiyev) Digah kənd səkkiz illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbi bitirib. 1967-ci ildə Masallı Rayon Texnika Birliyində dispetçer kimi əmək fəaliyyətinə başlayıb. 17 yaşlı gənc 70-80 sürücüyə və traktorçuya başçılıq edib. 1968-70-ci illərdə ordu sıralarında qitələrarası raket polkunda xidmət keçirib. Orada da öz bacarığına, təşkilatçılığına görə serjant olub və 40 nəfər əsgərə rəhbərlik edib. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvada Andrey Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib.

O, 16 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. 50 ilə yaxındır ki, peşəkar teatr sahəsində çalışır. 40-dan artıq tamaşada rollar oynayıb. 140-dan çox tamaşaya quruluş verib. 26 il ayrı-ayrı teatrların baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində böyük uğurla işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Sumqayıt Bölgə Şöbəsinin sədri olub.

Həmişə yeniliyə can atıb. Ədəbiyyat, jurnalistika və teatr aləmində çalışıb ki, heç kimə oxşamasın, özünün dəsti-xətti olsun. 1977-ci ildə Sumqayıtın tarixində ilk dəfə “Ümid” adlı Teatr-Studiya yaradıb. Burada üç yüz nəfərə yaxın incəsənət həvəskarına onun rəhbərliyi ilə peşəkar aktyorlar, rəssamlar, jurnalistlər, baletmeysterlər dərs deyib. Həmin Teatr-Studiya böyük uğurlar qazanıb, Mədəniyyət Nazirliyinin əmrilə Sumqayıt Gənclərinin Xalq Teatrı olub. Ağalar İdrisoğlu bu kollektivə rəhbərlik elədiyi on il müddətində 40-dan çox tamaşaya quruluş verib. Bu gün həmin Teatr-Studiyanın və Xalq Teatrının yetirmələrinin 50-dən çoxu aktyor, aktrisa, rəssam, yüzdən artığı isə başqa sahələrdə müəllim, həkim, mühəndis, jurnalist kimi çalışır.

1985-ci ildə dahi Üzeyir Hacıbəyovun Şuşa şəhərində keçirilən 100 illik yubileyinin ssenari müəllifi və quruluşçu rejissoru məhz Ağalar İdrisoğlu olub. O, 1991-ci ildə rəhbərlik etdiyi Sumqayıt Dövlət Dram Teatrının Musiqili-Dram Teatrı olmasına əsas təşəbbüskarlıq göstərib və məqsədinə çatıb. Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili tamaşasına1992-ci ilin aprel ayında çox orijinal bir quruluş verib.

Həmin vaxt onun sayəsində Maliyyə Nazirliyi tərəfindən teatra 80 ştat əlavə verilib. Amma ondan sonra bu teatra rəhbərlik edənlər, teatrı Musiqili-Dram Teatr kimi işlədə bilmədilərindən həmin ştatalar teatrdan alınıb.
Ağalar İdrisoğlu 1997-ci ildə Dağıstana gedib və orada Dağıstan-Azərbaycan Beynəlmiləl Teatr Truppasını yaradıb və bu kollektivə üç il rəhbərlik edib. 40-dan çox dağıstanlı sənətkarla tamaşalar, konsert-tamaşalar təşkil edib. Azərbaycan-Dağıstan dostluğu üçün böyük işlər görüb. O, Dağıstanda işlədiyi müddətdə 1950-ci ildə bağlanan Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yenidən bərpa olunmasına çalışıb. Teatrın bütün sənədlərini hazırlayıb və 1998-ci ildə Dağıstan azərbaycanlıları Seyid Qurbanov, Məhəmməd Qurbanov və Hüseynbala Hüseynovla birlikdə bu ideyanı reallaşdırıb və Dağıstan Azərbaycan Dövlət Dram Teatrı təzədən öz fəaliyyətinə başlayıb.

Ağalar İdrisoğlunun təşkilatçılığı və rəhbərliyi ilə Şabran rayonunda da “Şabran” Teatr-Studiyası yaranıb. İki ildən sonra bu Teatr-Studiya Mədəniyyət Nazirliyin əmrilə Xalq Teatrı olub.

Bir vaxtlar rəhbərlik etdiyi Ağdam Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Musiqili-Dram Teatrı Azərbaycan teatrları arasında ilk dəfə Qazaxıstanın Cambul, Çimkənt vilayətlərində, Vladiqafqazda, Gürcüstanın Tbilisi şəhərində, Marneuli, Bolnisi, Dumanisi rayonlarında, Qabal, Telavi bölgələrində və həmçinin Dağıstan Respublikasında qastrol səfərlərində olub, dostluq əlaqələrinin möhkəmlənməsində çox böyük işlər görüb.

Ağalar İdrisoğlu nasir, dramaturq, publisist, jurnalist kimi 6 romanın, 12 povestin, 16 pyesin, 20-dən çox teatrlaşdırılmış tamaşalar üçün ssenarinin, 150-dən artıq hekayənin, essenin, elegiyanın, pritçanın, 1500-dən çox məqalənin, müsahibənin, pulisist yazının, oçerkin, ressenziyanın, elmi, tarixi məqalənin müəllifidir. Onun indiyədək 20 kitabı çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə edib. Bu pyeslər Azərbaycan teatrlarında həm onun öz quruluşunda, həm də başqa rejissorların quruluşunda böyük uğurla tamaşaya qoyulub. Eləcə də müəllifi olduğu digər pyesləri ayrı-ayrı Dövlət Dram Teatrlarında yüksək səviyyədə səhnələşdirilib. Dünya dramaturgiyasının iyirmiyədək tanınmış simasının əsərlərinin tamaşası da bilavasitə onun adı ilə bağlıdır. O, bu müəlliflərdən bəzisinin pyeslərini dilimizə tərcümə edib və bəzisinin əsərlərinə isə rejissor kimi quruluş verib.

Ağalar İdrisoğlunun “İnan mənə” pyesi 1985-ci ildə Ümumittifaq gənc dramatruqların müsabiqəsində 48 pyesin içərsinidən qalib olub. 1986-cı ildə Moskvada “İskusstvo” nəşriyyatı tərəfindən hazırlanan “Məhəbbət və başqaları” adlı antalogiyasında çap olunub. “Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində ikinci dərəcəli mükafata layiq görülüb. (Birinci yer isə heç bir pyesə verilməyib.) Quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun “Yanmış evin nağılı” Birinci Qarabağ müharibəsinə həsr olunan ilk tamaşa kimi Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Tanınmış yazıçı-tərcüməçi, filologiya elmləri doktoru Zeydulla Ağayevin yazdığı “Haray”, Georgi Xuqayevin“Qocaların məhəbbəti” və “Varlı ev” əsərləri onun quruluşunda səhnələşdirilib və bu tamaşalar Mədəniyyət Nazirliyi tərəfindən xüsusi mükafatlarılıb. Hazırladığı ondan çox tamaşa da ayrı-ayrı qurumların mükafatı ilə təltif olunub.

1980-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Sumqayıt Gənclərinin Xalq Teatrının üzvlərinin oynadıqları Feyruz Məmmədovun “Bir bayraq altında” tamaşasının rejissoru olduğuna görə Ağalar İdrisoğlu “Qızıl” medala layiq görülüb. 2005-ci ildə isə o, ilin ən vətənpərvər yazıçısı, rejissoru və jurnalisti seçilib, “Avropa Mətbuu Evi”nin təsis etdiyi “Qızıl” medal alıb.

2013-cü ildə yazıçı kimi Prezident mükafatına, həmin ilin iyun ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.

Ağalar İdrisoğlu 2012-ci ildə Qusar Dövlət Ləzgi Dram Teatrında Mirzə Fətəli Axundovun “Xırs quldurbasan” tamaşasına quruluş verib. Həmin tamaşa bu gün də teatrın repertuarındadır. Onun “Məhəkəmədən əvvəl məhkəmə” pyesi 1992-ci ildə tanınmış rejissor İldırım Cabbarın quruluşunda Mingəçevir Dövlət Dram Teatrında çox böyük uğurla tamaşaya qoyulub, uzun illər teatrın repertuarında olub. 2019-cu ildə Mingəçevir Dövlət Dram Teatrında tanınmış şair-yazıçı, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” povesti əsasında Ağalar İdrisoğlu eyni adlı tamaşaya çox böyük uğurla quruluş verib. Həmin tamaşa 2020-ci il fevral ayının 17 və 18-ində Bakıda, Milli Akademik Dram Teatrının səhnəsində müvəffəqiyyətlə göstərilib, bir neçə televiziya kanalı tərəfindən lentə alıb, haqqında xeyli ressenziya yazılıb. Eləcə də tamaşa ilə bağlı “Caninin etirafı” adlı kitab çap olunub. Bu, Azərbaycan teatr tarixində ayrıca bir tamaşa haqqında ilk nəşrdir. Nobel mükafatı laureatı Reynhar Kiplinqin “Mauqli” əsəri əsasında Əməkdar artist Nicat Kazımovla birlikdə səhnləşşdirdiyi “Mauqlinin Yeni il sərgüzəştləri” adlı əsəri onun tərəfindən 2019-cu ilin dekabr ayında Mingəçevir Dövlət Dram Teatrında çox peşəkar səviyyədə hazırlanıb, məktəblilərin ən çox sevdiyi tamaşa sayılıb. Həmin ildə Ağalar İdrisoğlu Mingəçevir şəhərinin yaranması gününə həsr edilən möhtəşəm tədbirədə ssenari hazırlayıb və teatrlaşdırılmış tamaşanın müəllifi, rejissoru və aparıcısı olub.

Əlavə edək ki, onun yazdığı “İnan mənə” pyesi əsasında Qazax Dövlət Dram Teatrının (quruluşçu rejissor, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli) hazırladığı tamaşa çox böyük uğurla qarşılanıb və 2023-cü ilin sentyabr ayının 25-də Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində yüksək peşəkarlıqla nümayiş olunub. Bu tamaşa Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

Ağalar İdrisoğlu 1977-ci ildən 1997-ci ilə kimi Sumqayıtda keçirilən bütün teatrlaşdırılmış tamaşaların, dövlət tədbirlərinin də ssenari müəllifi və quruluşu rejissoru olub. O, həmişə dövlətimizə və dövlətçilimizə ürəkdən xidmət edib. Yeni Azərbaycan Partiyasının inkişafında bir yazıçı, jurnalist, teatr xadimi kimi səy göstərib. Ulu Öndər Heydər Əliyevə həsr olunan “Xilsakar”, ölkə başçımız İlham Əliyevə həsr edlən“Qarabağın xilaskarı”adlı çox maraqlı hekayələrin müəllifidir. Birinci vitse-Prezident Mehriban xanım Əliyeva haqqında bir neçə esse və məqalə yazıb.

O, hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və “Azad Azərbaycan” qəzetinin redaktoru vəzifələrində uğurla işləyir. Onun publisist, portret yazıları, məqalələri, ressenziyaları, hekayələri, pritçaları, esseləri, elegiyaları, pamfletləri dövri mətbuatda mütəmadi işıqlanır, altı kitabı isə çapa hazırdır.

Dahi Uilyam Şekspir deyir ki, “Bəziləri anadan böyük doğulur, bəziləri böyüklüyü fəth edir, bəzilərinə isə böyüklük bəxş olunur”. Ağalar İdrisoğlu isə öz yaradıcı zəhmətilə böyüklüyü fəth edənlərdəndir.

İlhamə MƏHƏMMƏDQIZI,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Oktyabr, 2023-cü il

P. S. Azərbaycan ədəbiyyatında, incəsənətində, jurnalistikasında yetərincə xidmətləri olan Ağalar İdrisoğlunun təəssüf ki, mənzili yoxdur. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, bu problemi hələ də həll olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə