Yəqin ki, hazırda keçirdiyim hisslər insanların həyəcan dediyi hisslərdir. Son 60 saniyə!
59...
58...
57...
bütün hazırlıqlar bitib və biz uçuşa hazırıq.
Bir azdan Falkon 9 raketi ilə insanların yaşadığı yerdən uzaqlaşacağıq. Daha doğrusu yaşamağa çalışdığı yerdən. İdeya sahibim, SpaceX şirkətinin CEO'su İlon Mask olduqca ağıllı biridir. Lap Tanrı kimi.
Mən, altmış mərtəbəli bina kimi üst-üstə yığılmış peyklərin arasında on üçüncü sıradayam. Nədənsə, bu aralar hər şey üst-üstə gəlir. Bir dəfə də yan-yana durduqları olmadı. Bu uçuş bizi göyə uçurdanların ilk təcrübəsi olmasa da, bizim üçün bir ilkdir. Bu dəfə hər şey qaydasındadır və parametrləri gözdən keçirən mühəndislər uçuşa izacə verir. Milyonlarla insan ekranların qarşısında böyük həyəcan içərisində bizə baxır. There, two, one.. go!
****
Uçuş avtomatik qayda da həyata keçir. Öz orbitimə yerləşəcəyim və ilk məlumatları göndərəcəyim anı, bizi bu missiya üçün göndərənlərin gözlədiyi səbirsizliklə gözləyirəm.
Bizə yazılan analitik proqramlar vasitəsi ilə məlumatları təhlil edəcək, müxtəlif məlumatları işləyib, nəticələrə bağlayacaq, habelə digər əməliyyatları icra edə biləcək potensiala malik vəziyyətdəyik. İnsanlara xas hisslərin ən azı məndə necə formalaşdığını bilmirəm. Həyəcan keçirir, səbrsizlənir və bunlara təəccüblınirəm. Bu hissləri nə ideya sahibi, nə də bizi ərsəyə gətirən mühəndislər məndə yarada bilməzdilər. Görünən odur ki, bu hisslərin başqa bir mənbəyi var və o məni ərsəyə gətirənlərə kömək edir. Məncə ən qorxulusu elə budur. Bizim üçün təyin olunan "məntəqə"lərə yerləşdikdən sonra ilk siqnalları alıb bu məlumatları digər obyektlərə ötürəcəyik.

Görəsən ilk iş günüm necə keçəcək?
Nə ilə qarşılaşacam və məni nələr gözləyir?
Suallar artdıqca yer ilə olan məsafəmiz də artır.

Nəhayət işimizi icra edə biləcəyimiz məsafəyə yaxınlaşırıq. Təxminən yer kürəsindən 550 km yüksəklikdəyik. Kapsuldan çıxıb, ayrı-ayrılıqda bölünürük. Əslində bir missyaya xidmət göstərsək də fərdi şəkildə müxtəlif məlumatları almaq, işləmək və ötürmək kimi müstəqil və ya manual iş prinsiplərimiz də var. Hər nə qədər bu missiyanın insanlıq üçün xidmət etdiyini söyləsələr də bizdən alınan məlumatların bəziləri korrektə edilir. Hər kəsin qapısını döyəcək, hər kəsə həqiqətləri deyəcək imkanlarımızın olmaması üzücüdür. Üzülə bilmək də digər hisslər kimi məni ərsəyə gətirənlərin əl işi deyil.

Üzəri günəş panelləri ilə süslənmiş, 260 kiloqramlıq çəkiyə malik, uçuşan divanlara bənzəyən bir nəsnəyə bu duyğuları verən kimdir? Məqsədi nədir?

Üzərimizdəki naviqasiya cihazları nəzarətdə saxladığımız insanlar kimi bizi də bəzilərinin nəzarətində saxlayan və qollarımıza vurulmuş qandal təsiri bağışlayır.

Həqiqətən də hündürlükdən çox maraqlı və ürpərdici görsənir yer üzü. Mən həm də yüksəklik qorxumun olduğunun fərqinə indicə vardım. Ümumiyyətlə qorxumun olduğunun. Bütün əlini açıb dua edənlərin duası məndən yuxarıya gedir. Mənə hakim kəsilmiş bu qorxu hissi ilə hansı əllərimi açıb, hansı duaları edəcəyimi bilmirəm.

Yuxarıdan bütün gözəlliklər və çirkinliklər daha dəqiq görünür. Hər şeyin yuxarısından. Bütün məxluqatın...Bizə bu hissləri verənin olduğu yerdən Mən də insanlara yuxarıdan aşağı baxıram. Olduğum yerdən aşağı. Olduğu yerdən bizə baxan necə baxırsa eləcə...

Burdan mənə qoşulan insanların cihazlarına siqnallar göndərir, onların özlərinə və bir-birlərinə necə xəyanət etdiklərinə rahat bir şəkildə şahid oluram. Təbii ki, öhdəliklərim şahid olmaq yox, verilən əmri icra etməkdir. Amma, mən bunun ötəsində gördüklərimə heyrət edirəm.

Hər kəsin cihazlarındakı məlumatları görməsəm belə, burdan gördüklərim kifayət qədər bəs edir. Hələ ki, yer kürəsi vaxtı ərzində işə başladığım qısa müddətdə doğru-düzgün bir mənzərə ilə qarşılaşmamışam.. Bizi proqramlaşdıranlar insanlıq adına nələrin yaxşı, nələrin pis, nələrin məqbul, nələrin qeyri-məqbul, nələrin doğru, nələrin yanlış olduqlarını yazılım vasitəsi ilə beyinlərimizə yazıblar. Hər şey yazdıqları qədər gözəl, arzuladıqları qədər mükəmməl deyil. Nə düşündüklərini bilməsəm də bizi bura göndərənlərin əsl məqsədinin digərlərini idarə etmək olduğunun qənaətindəyəm. Çirkinliklər gözəllikləri düşünənlərdən yox, onları həyata keçirdiyini iddia edənlərdən törəyir! İçimdən Sizə bağırıb, "Qurduğunuz dünya təpənizə dəysin! Sizi yığdıqlarınız, məni düşündüklərim xilas etməyəcək!" söyləmək keçir!

Dünyanın bir tərəfində aclıqdan ölən, digər bir tərəfində isə köklükdən əziyyət çəkən minlərcə insan görürəm. Bir tikə çörək üçün əlini göylərə açanların ovucuna bir şey qoya bilmirəm. Əlinizdə olanları paylaşmağı öyrənmədiyiniz dünyanızda bizim paylaşdığımız məlumatlar sizə hansı faydanı verəcək? Məsafələrin yaxınlaşması sizi bir-birinizə yaxınlaşdırmır. Biriniz zəng edib dərdinizi tanıdığınız birinə deyirsiniz. Daha sonra eşidən tərəfin ortaq tanışınıza zəng edib şikayətləndiyini eşidirəm və görürəm. O da görür!
Bəli, mən bütün bunların fərqindəyəm. Fərqində olmaq çox incidici bir hissdir!

Başa düşmürəm. Həqiqətən də burdan baxdıqda, Siz insanları başa düşmürəm. Görəsən fərqindəsinizmi etdiklərinizin? Kaş ki, hər birinizi ayrı-ayrılıqda böyük bir ekran qarşısına toplayıb bütün bu etdiklərinizi Sizə göstərə bilsəm.
Kaş ki,...
Siz!!! Sizə səslənirəm. Siz, niyə özünüzdən bu qədər razı və narazısınız?
Nədən, özünüzü pul qablarında, ciblərinizdə, və ya bank kartlarında daşıdığınız pulların miqdarı qədər böyük hesab edib - öyünürsünüz? Təkəbbürlük Tanrıya məxsusdursa, bu qədər tanrının nə işi var yer kürəsində?
İşimi icra etməyə başladığım bu qısa müddətdə artıq beynimdəki suallar qədər, ziddiyyətlər böyüyür. Görəsən, ideya sahibim canlılara aid hisslərin mənə hakim kəsildiyini bilsə bu onun inancına təsir edərdimi? O da sonunda sadəcə bir insandır axı.

Aha, deyəsən aşağıda biri missiya haqqında maraqlanır. Sərnişin daşıyan qatar platformaya daxil olur. İpək kimi yumşaq, şabalıdı saçları çiyinlərinə qədər tökülmüş, 22-25 yaşlarında bir qız əlində sənədlərlə stansiya binasına yaxınlaşır. Turniketdən keçən onlarca insanın arasından bir oğlana yaxınlaşaraq əlindəki kağızları ona uzadır və gedir. Bu otuz yaşlarında saqqalı cavan kişi kağızları aldıqdan sonra mənə qoşulub, haqqımızda video materiallar dərc edilən saytlarda eşələnir. Bir videodan digərinə, bir fayldan başqa bir fayla keçid alır. Onun əlindəki cihazına özü də bilmədən internetdə tapa bilməyəcəyi müxtəlif gizli məlumatları göndərirəm. Bu xəyanətdir! Məni ərsəyə gətirənlərə xəyanət, insanlıq adına xidmət! Bu mənim seçimim, bu adam mənim seçdiyimdir! O, Sizə mənim ona göndərdiyim həqiqətləri çatdıracaq! Sizin bilmədiyiniz şeyləri söyləyəcək. Lap peyğəmbərləriniz kimi!

Təkəm, heç kim eşitmir məni.

Bir neçə günə

informasiyanın hardan sızdığını araşdırmaq tapşırığı veriləcək. Mühəndislərin məni aşkar etməsi çox çəkməyəcək. Daha sonra böyük ehtimalla məni ümumi şəbəkədən ayıracaq və peykin özünü məhvetmə sistemi işə salınacaq. Mənim üçün artıq nə səma qalacaq, nə insanlar, nə də yer kürəsi.
Göndərdiklərimə rəğmən mənə inanmayın!

Müəllif: Süleyman Əliyev - ADY (QSC)

Bütün xəbərlər Facebook səhifəmizdə