Sahin Sakir oğlu Bəkirli 1982-ci il noyabrın 21-də Gürcüstan Respublikası Dmanisi rayonu, (Başkeçid) Qəmərli kəndində ziyalı ailəsində dünyaya göz açıb. 2000-ci ildə orta məktəbi bitirib. Həmin ildə İdman Akademiyasina qəbul olub. İkinci ali təhsilini Bakı Dövlət Univerisitetində alb, tarix fakültəsini bitirib. Evlidir, bir qızı, bir oğlu var. Bədii yaradıcılıqla məşğul olmağı çox sevir.
Əziz oxucular. Sizə Şahin Bəkirlinin üç şeririni təqdim edirik.
Şahin BƏKİRLİ
NƏDƏNDİ
Nədəndi, nədəndi, görəsən belə?
Könlüm yazlı səhər həsrətindədi.
Gəl, tez gəl, başına dolanım, ey yaz,
Qəlbim bir intihar həsrətindədi..
İnciməsin məndən o kövrək payız,
Bəzən oluram tənha, bəzən yalqız,
Qış xəyalı taledən küskün bir qız,
Tələsik ilk bahar həsrətindədi.
Bilmirəm, niyə xoşbəxtəm baharda?
Bəlkə,məndə canlanıram torpaqda.
At çapmağa könlüm o göy yaylaqda,
Yaz vaxtı bir kəhər həsrətindədi..
Ey bahar, sən ömrün yanan məşəli.
Şahinəm, mən bir torpaq mənşəli,
Sənə bədii bir təbiət nəşəli,
Gəl, gəl, ömrüm bahar həsrətindədi.
20 mart 2023-cü il
YAĞIR GÖYDƏN
Ruhum dedi: bir bax,təbiət dönüb,
İnanmadım, gördüm, qar yağır göydən.
Qarsız öyrəşmişdik bozlu bir qışa,
Qış yaza bələnib nur yağır göydən.
Nə bir bulud axır, nə şimşək çaxır,
Qış ərşə qalxıb bizə göydən baxır.
Kimi şaxtaya kəc kimi sərt baxır,
Sevən könüllərə hür yağır göydən.
Kim deyir bu şəhərə yaraşmır qar?
Güman ki, eşqində bir dayazlıq var.
İki çılğın eşq çəkirsə intizar,
Həsrətin gözündə var yağır göydən.
Şahin, gah boran,gah da qar gələ,
Vəfalı dostlardan bir xəbər gələ,
Yığışasan qurud, yayma xəngələ,
Bax onda ağappaq dür yağır göydən.
10 yanvar 2023-cü il
VERDİM MƏN
Olub-keçənlər yaman sıxır, yaman,
Elə bil ömrümü yola verdim mən.
Bilmədim,vaxtı özümə dost bildim,
Sən demə dövrümü yelə verdim mən.
İnciməsin məndən aman arzular,
Bəndə salıb məni yaman arzular.
İnad etdi çılğın, güman arzular,
Təsəlli günümü selə verdim mən.
Hərdən vurnuxuram,bilmirəm niyə?
Kimlə didəşim, kimdən küsüm deyə.
Suçsuz keçib zamanım söyə-söyə,
Beləcə, ilimi külə verdim mən.
Mənim öz dünyam var, ayrı dünyada,
Tamam ayrı,tamam qeyri dünyada.
Bu dərviş ömrümü əyri dünyada
Nə az, nə çox, qırxca ilə verdim mən.
Sevdim dostu, sevdim hey sədaqəti,
Sevmədim nə kini, nə də nifrəti.
Şahinəm, candakı ilk məhəbbəti,
Bir qaragünnü gülə verdim mən.
28 mart 2023-cü il
Bütün xəbərlər Facebook səhifəmizdə