Rüstəmxanlım mənim - (şairin 77 yaşına)

2023-ün 20 mayında Azərbaycanın Xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının ad günü – şad günüdür. Həmin gün şairimiz 77 yaşa qədəm qoyur. Və mən - 80 yaşlı bir qoca, bir ədəbiyyatsevər 77 yaşlı şairi – məmləkətin başına pərvanə kimi dolanan, o elcanlını, o yurdqanlını, o şöhrətli-şanlını ürəkdən alqışlayır, ona cansağlığı, daha barlı-bəhərli yaradıcılıq uğurları arzulayır, kiçik bir şerimi o böyük şairin – 60 illik duz-çörək dostumun, 60 illik ÖZ-QƏLƏM qardaşımın ad gününə bağışlayıram və ərmağan edirəm.

MUSA XANBABAZADƏ

Poeziyada şir-pələngsən,
Prozada bir nəhəngsən.
Publisistikada cəngsən,
Sabir Rüstəmxanlım mənim.

“Azərbaycan irticası” –
Bir millətin yurd acısı.
“Bütövlük” – qəzəb qamçısı,
Sabir Rüstəmxanlım mənim.

“Vətənsiz”- mühacir dərdi,
“Cavad xan”ın bir el mərdi.
Əhməd Ağaoğlun nərdi,
Sabir Rüstəmxanlım mənim.

“Astar” – ömrün min gizlini,
“Didərginlər” – ruh əzgini.
Zənginlərin ən zəngini -
Sabir Rüstəmxanlım mənim.

“Ömür kitabı” qatardır,
“Şair və Şər” bahadırdır.
“Göy türklər”lə bəxtiyardır
Sabir Rüstəmxanlım mənim.

Bərparçıdır “Qan yaddaşı”,
Bizə gərəkməz yad daşı.
“Göy Tanrı” – türklər savaşı,
Sabir Rüstəmxanlım mənim.

“Atamın ruhu” itməzdir,
“Orxonla görüş” bitməzdir.
“Gəncə qapısı” yenməzdir,
Sabir Rüstəmxanlım mənim.

Kövrəltdi səni Mərziyə,
Ruhuna yazdın mərsiyə.
Ahın qalxdı yeddi göyə,
Sabir Rüstəmxanlım mənim.

Təbriz yaralı bir ərdi,
Ruhu səninçin mələrdi,
Dilində Təbriz göyərdi,
Sabir Rüstəmxanlım mənim.

Elə Təbriz deyə-deyə
Tutulmusan xoş sevgiyə.
Sığmayırsan yerə-göyə,
Sabir Rüstəmxanlım mənim.

Təşnə idin azadlığa,
Əlin yetmirdi şadlığa.
Qəzəbliydin bərbadlığa,
Sabir Rüstəmxanlım mənim.

Məsləklər tutulmuşdu rəngə,
Qorxuluydu hər tin, döngə.
Axır ki, atıldın cəngə,
Sabir Rüstəmxanlım mənim.

Öz dilinə pərvanəsən,
Öz elinə divanəsən.
Könül açan təranəsən,
Sabir Rüstəmxanlım mənim.

Öz elində keşikçisən,
Dünyagörmüş əkinçisən.
Çağdaş ruhlu bir dinçisən,
Sabir Rüstəmxanlım mənim.

Gündüz, Cəmil – iki qalan,
Nərgiz, Aydan – iki qaplan.
Nəvələrin ağaran dan,
Sabir Rüstəmxanlım mənim.

Xalq elçisi deputatsan,
Qırılmaz polad qanadsan,
Qamçı götürməz Qıratsan,
Sabir Rüstəmxanlım mənim.

Səbr-dözümdə fil azmanlım,
Seçilmişim, adlı-sanlım,
Türk qanlım, islam imanlım,
Sabir Rüstəmxanlım mənim.

Ucalardan da ucasan,
Cavanlaşan nur qocasan,
Bir mürşidsifət xocasan,
Sabir Rüstəmxanlım mənim.

10.05.2023

Bütün xəbərlər Facebook səhifəmizdə