Mənəvi yardımçı, mənəvi dəstəkçi

Görkəmli ingilis filosofu Frensis Bekon Şah İsmayıl Xətainin adını dünyanın ən nəhəng fatehləri, dövlət baniləri, qüdrətli ruha və yaraşıqlı görkəmə malik şəxsiyyətlərilə bir sırada çəkərək yazmışdırdı: “Avqust Gezar, Pit Vespasian, IV Eduard, Alkikand, Şah İsmayıl yüksək və qüdrətli ruha malik olmaqla yanaşı, zəmanələrinin ən yaraşıqlı adamları olmuşlar”. (Bax Frensis Bekon “Gözəllik haqqında” essesi)

Böyük alman mütəfəkkiri, məşhur iqtisadçı Karl Marks Şah İsmayil Xətaiyə sonsuz hörmət bəsləmiş, onun cahangirlik qüdrətinə və hərbi istedadına heyranlığını belə ifadə etmişdir: “Şah İsmayıl 14 illik hakimiyyəti dövründə 14 ölkə fəth etmişdir”. Əlbəttə, Karl Marks 14 ölkə deyərkən bu heç də başqa ölkələrin, başqa torpaqların işğalı anlamına gəlməməlidir. Bu 14 əyalət (Ərdəbil, Şirvan, Qarabağ, Naxçıvan, Mərəş, Diyarbəkir, Bağdad (1508), Xorasan (1510), Herat, Mərv, Bəlx...) Səfəvilərdən zorla qoparılmış Azərbaycan – Səfəvi torpaqları idi. Bu, parçalanmış və zəif düşmüş Azərbaycan əyalətlərini vahid dövlətdə birləşdirmək cəhdi ilə yanaşı, həm də siyasi cəhətdən müsbət tarixi hadisə idi. Səfəvilər adı ilə məşhur olan bu dövlətin siyasi mərkəzi Təbriz idi, əsgərləri Qızılbaşlar adlanırdı, dövlət dili Azərbaycan – türk dili idi. Və Şah İsmayıl Xətai dövründə Azərbaycanın sahəsi iki milyon səkkiz yüz min kvadratkilometr olub. İndi nə qədərdir? Səhv etmirəmsə 87,6 min kvadratkilometr. Bu, millətin dünyamiqyaslı bir faciəsidir. Ölkə ərazimizin sahəsi 32 dəfə kiçilib. Kim kiçildib? Əlbəttə, ağ və qırmızı imperiya və onun daşnak nökərləri! Rus çarlığı öncə Gülüstan (1813), sonra Türkmənçay (1828) bağlaqmaları ilə sonuclanan vuruşmalarda Azərbaycanı iki yerə parçalayıb, Arazın bu tayını özü götürüb, o tayını verib İrana. Elə bu tayın özünü də qırmızı imperiya parçalayıb – Zəngəzuru, Göyçəni, Altunkəndi, İrəvanı atıb erməninin ağzına, Borçalı vilayətini, Mesxeti diyarını, Axalkalaki basalağını atıb Gürcüstanın ağzına. Dərbəndi atıb RSFSR-in əjdaha ağzına. (Bax Xəlil Rza Ulutürk “Lefortovo zindanında”, “Çinar- Çap”, Bakı 2006, səh.72)

Tariximizin və ədəbiyyatımızın bu inkarolunmaz şəxsiyyətini hələ sağlığında şairlər və aşıqlar, rəssamlar və xəttatlar sevmiş, adına şeirlər qoşmuş, dastanlar bağlamış, divanının üzünü incə-nəstəliq xəttilə köçürmüşlər. Bu nəcib ədəbi ənənə qırılmamış və gəlib bugünümüzə də çatmışdır. Azərbaycan və habelə dünya xalqlarının söz və sənət xadimləri bu müdrik dövlət başçısını, bu incəruhlu şairin, bu alovlu vətənpərvərin mübarizə və savaşlarda keçən həyatına zaman-zaman baş vurmuş, parlaq bədii obrazını yaratmağa rəy göstərmişlər.

Azərbaycan yazıçılarından Fərman Kərimzadə “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, Əlisa Nicat “Qızılbaşlar”, Əzizə Cəfərzadə “Bakı 1501” romanlarında Şah İsmayıl Xətainin mübarizələrlə dolu həyatını geniş lövhələrdə inikas etdirmiş, bu fikir, söz və savaş qəhrəmanının bədii obrazını bütün parametrlərilə epikləşdirmiş və nəticədə bədii çəkisi və sanbalı yüksək bədii örnəklər meydana qoymuşlar.

Bu baxımdan bizim dramaturgiyamız bədii nəsrimizlə müqayisədə çox-çox geri qalır və burada bir vakuum, bir boşluq görünür. İstedadlı yazıçı-publisist, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu 1993-2009-cu illərdə yazdığı “Şah İsmayıl Xətai” iki hissəli tarixi faciəsini yazmaqla bu boşluğu doldurdu. İlk olaraq Şah İsmayıl Xətai obrazını həm Azərbaycan dramaturgiyasının, həm də Azərbaycan teatr səhnəsinin şahlıq taxtına qaldırdı. Bu tarixi faciə respublikanın bir sıra teatrlarında (Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili – Dram Teatrında, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında) uğurla tamaşaya qoyulmuş və coşqun ümumxalq məhəbbət və rəğbətini qazanmışdır. Məhz bu baxımdan da tamaşa “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.

Ağalar İdrisoğlunun “Şah İsmayıl Xətai” pyesi ( “Şah İsmayıl Xətai” adı ilə 2021-ci ildə çapdan çıxan pyeslər toplusunun I cildi və ora daxil edilən altı digər pyesləri də) dram janrının ənənəvi kanonlarına əsaslanmır, yəni burada nə pərdələr var, nə şəkillər var, nə də məclislər. Dramın süjet xətti və hadisələr epizodlarda oxuculara (tamaşaçılara) çatdırılır. Bu, dramaturgiyamızın tarixində bir yenilik, bir novatorluqdur.

XXV epizodun hər birində Şah İsmayıl Xətai dövrünün, Şah İsmayıl Xətai şəxsiyyətinin ən mühüm hadisə və mərhələləri, ən önəmli anları önə çəkilir, Şah İsmayıl Xətainin ictimai-siyasi, ədəbi-bədii fəaliyyəti qabardılır. XXV epizodun hamısı bu və ya digər dərəcədə Şah İsmayıl Xətai ilə bağlıdır, Şah Xətainin böyüklük və ucalığının, əzəmət və qüdrətinin təsdiqinə xidmət edir və bu epizodlarda oxucu (tamaşaçı) Şah İsmayıl Xətaini müxtəlif yönlərdə, müxtəlif situasuyalarda görür. Və Şah İsmayıl, hər hansı vəziyyətdə olursa-olsun, oxucunun (tamaşaçının) sevimlisi-istəklisidir, əzizi-doğmasıdır, dostu-munisidir. Oxucu (tamaşaçı) ovqatına-ruhuna ruh-ovqat qatır, əxlaq-mənəviyyatını paklaşdırır - saflaşdırır, hamını, hər kəsi doğruluq-dürüstlüyə çəkir Şah İsmayıl Xətai hər hansı bir məqamda, hər hansı bir yoxuş və ya enişdə, hər hansı bir çöküş və ya yüksəlişdə!

Ağalar İdrisoğlunun bədii təqdimatında Şah İsmayıl Xətai hər şeydən əvvəl bir dövlət xadimidir, Azərbaycan dövlətinin yaradıcısı- banisidir, ustası-bənnasıdır. Müdrik və ağıllı şahın yürütdüyü siyasət qısa zaman kəsiyində ölkəni ayağa qaldırdı və ölkə tərəqqi-yüksəlişin bütün sferalarında boy göstərdi: dağıdılmış yollar, uçurulmuş məscid-mədrəsələr belini dikəltdi, bağçılıq, taxılçılıq, ipəkçilik, zərgərlik, zərbaftlıq, heyvandarlıq... misli görünməmiş inkişaf tapdı, Azərbaycanın şəhərləri: Təbriz, Şamaxı, Bakı, Ərdəbil, Gəncə... öz iqtisadi-sosial-mədəni yüksəlişi etibarilə Qərbi Avropa şəhərlərindən heç də geridə qalmırdılar. Xətainin qurucusu olduğu Səfəvilərdə Azərbaycan dili həm danışıq, həm dövlət, həm də ordu dili idi – orduda komandalar Azərbaycan dilində verilirdi, şairlər bu dildə yazıb- yaradırdılar. Və Azərbaycan – Səfəvi dövləti Azərbaycan və İran hüdudlarını aşaraq çox böyük bir coğrafiyanı əhatə edir. Şeirlərinin birində Xətai dövlətinin cahanşümulluğunu iftixar hissilə belə tərənnümə çəkir:

Getdikcə tükənir ərəbin kuhi-məskəni,
Bağdad içində hər necə kim türkman qopar.

Xətai pərvanə olub dolanırdı Təbrizin başına. İmkan vermirdi ki, nadürüst gözlər kəc baxsınlar torpağına-daşına. Amansız idi dövləti sarsıtmağa çabalar göstərən hər hansı yurd oğluna, hər hansı yadelli ortağına, əcnəbi qoduğuna od qoyurdu dövləti içdən sarsıdanlara. Allah bəndələrini çığırdanlara. Zülm-işgəncələrlə vətəndaşları bağırdanlara. Naləsinə, qəsəminə yanmır, inanmırdı Ana Yasanın müqəddəsliyini pozanlara. Halal yolundan, haqq qapısından azanlara. Vətən sevgisini, yurd birliyini, ölkənin daxili siyasətini rüşvət ehtirasına, rüşvət hərisliyinə qurban verənlərə. Özgələrin ağzı ilə hökumətinə, xalqına hürənlərə. Yazıçı-dramaturq Ağalar idrisoğlu pyesin XX epizodunda Şah İsmayıl və Dərviş Nəsir obrazlarının dialoqunda oxucuları (tamaşaçıları) belə bir Vətən xaini, yurd satqını ilə tanış edir. O, Səfəvilər dövlətinin qazısı Məhəmməd Kaşidir. Qazı Məhəmməd Kaşi Bağdad sarayı ilə, bu sarayın tanınmışlarından olan Barik bəy Pərnak ilə işbirliyi qurur, yəni ondan çoxlu rüşvət alır, Səfəvilərin dövlət sirlərini Bağdaddakılara satır. Bu xəyanətkar addım Şah İsmayıl Xətaini dərindən sarsıdır. Şah eşitmir Qazı Məhəmməd Kaşinin yalvarışlarını. Qəzəb və nifrət dolu sözlərini yağdırır bu üzü yox xainin üzsüz üzünə: “Budur mənim sarayıma yol tapan zəhərli ilan. Əqidəni, dini qanunları, ədaləti, insanların taleyini tapşırdığım adam gör nə işlə məşğuldur? Bu adam hələ utanmadan dindən, Allahdan möizələr də oxuyur. Hədislər deyib camaatı inandırmağa çalışır ki, insan təmiz-pak olmalı, başqasından rüşvət almamalı, heç kimin haqqını tapdalamamalıdır. Vətəni sevməli, onu qorumalıdır. Deməli, bu vaxta qədər bunun dedikləri yalanmış. O, elə özü ən böyük rüşvətxor və satqınmış. Mən isə bunu başa düşə bilməmişəm. Bu adamı sarayda həmişə başda oturtmuşam. Çoxlu məsələni onunla məsləhətləşmişəm. O isə alicənablığımdan istifadə eləyib.

Dövlətimizin, Vətənimizin sirlərini düşmənlərimizə göndərib. Bu adam başa düşməyib ki, Vətən iman əsəridi. Vətənin sirrini düşmənlərə verən isə imamsız, vicdansız adamdır”. (XX epizod, səh. 431). Şah İsmayıl Xətai Qazi Məhəmməd Kaşiyə cəzavermədə nə tərəddüd göstərir, nə də güzəştə gedir. Əksinə, əmr edir ki, yığın o pulları dağarcığa, asın Məhəmmədin boynundan, hər ikisini birlikdə dara çəkdirin: “Asılsın! Heyif ki, ondan böyük cəza yoxdur. Yığın o pulları dağarcığa, onu da boynundan asın. Aldığı rüşvətlə bir yerdə asılsın. Biz rüşvəti də dara çəkməliyik! Əgər rüşvət saraya da yol tapırsa, saray adamları da rüşvət alırsa, hökmdarçün bundan böyük, dəhşətli faciə yoxdur. Hökmdar sarayı rüşvətdən qoruya bilməsə, rüşvət alanları bax, belə cəzalandırmasa, vay o hökmdarın və millətin halına. Çünki xalqın hökmdara inamı itəcək və gec-tez onun sarayı dağılacaq, millət zəlil gündə yaşayacaq.” (XX epizod, səh.431). Qızılbaş bəylərindən Xan Məhəmməd Ustaclı qızılların asılmasına etiraz edəndə, qızılların dövlət xəzinəsinə verilməsi təklifini dilinə gətirəndə Şah İsmayıl Xətainin kəskin və amiranə səsi ətrafdakıların sevincinə səbəb olur: “Yox, rəiyyətin alın təri ilə qazandığından yığılan vergilərə, tövcülərə, o halal deyirsiz ki, rüşvət qarışsın! Yox, heç vaxt! Həmin dinarlarla biz varlı yox, ləkəli olarıq. Aparın bu qoca rüşvətxoru, Vətən xainini asın! Qoy onun bu hərəkəti başqalarına da görk olsun! (X epizod, səh.432)

Sevindirir oxucunu (tamaşaçını) Şah İsmayıl Xətainin rüşvətxora amansızlığı, rüşvətxoru dara çəkdirməsi. Şah İsmayıl Xətainin atdığı bu addım oxucunu belə bir fikrin doğruluğuna inandırır ki, rüşvətə, rüşvətxorluğa o hökmdar ( o prezident, o kral) amansız mübarizə aparar ki, o özü doğru – dürüst olsun, imanlı-inamlı olsun, rüşvət havasına köklənməsin, rüşvətin tərəqqi-yüksəlişə əngəl olduğunu dərk etsin. Dərk etsin ki, rüşvət, xüsusən dövlət idarələrində baş alıb gedən rüşvət xalqda hökmdara inamı sarsıdır, dövlətin sütunlarını laxladır, xalq və dövlət arasında çatlar-uçurumlar yaradır, dövlətin müdafiə qüdrətini zəiflədir, dövləti xımır-xımır içəridən sökdürür...

Şah İsmayılın bu ibrətamiz addımını alqışlaya-alqışlaya, rüşvətxorlara lənətlər yağdıra-yağdıra oxucunun xoşladığı bir şairin misralarını öz-özünə pıçıldadığı necə də yerinə düşür:

Rüşvətxorların olmaz yaxşısı-pisi.
Qaraldıb içlərini rüşvətin hisi.
Bu zatlarda zərrəcə olmayır axı
nə vətən aşiqliyi, nə yurdsevərlik hissi.

Şah İsmayıl Xətai üçün bütün sevgi və məhəbbətlərin ən ucası, ən müqəddəsidir Vətən sevgisi, yurd məhəbbəti. O, yalnız bu sevgidən alır can taxtına tükənməyən güc-qüvvəti. Bu sevgidən qaynaqlanır Böyük Şahın dağlar boyda əzəməti. Aman vermir bu sevgidə xəyanətkar kişilərə o Böyük Şah – Türk elinin, ruhunun səcdəgahı o gilləgah! Qəzəblidir – nifrətlidir vətənini dar ayaqda qoyub qaçan dönüklərə- ürəyində yurd odunu- atəşini yandırmayan sönüklərə. Şah İsmayıl Xətai belələrini nə bağışlayır, belələrinə nə də mərhəmət göstərir. Budur, Qızılbaş bəyi Xan Məhəmməd Ustaclı Şah İsmayıla xəbər çatdırır ki, Sultan Səlimə qarşı Şahqulu üsyanında Qızılbaşlardan bir neçəsi şəhid olmaqdan qorxub geri qaçıblar. Qeyzlənir, əsəbiləşir Şah İsmayıl Xətai bu bəd xəbərə və dərhal ağır cəza verir fərarilərə: “Asılsınlar!... Qoy başqalarına da görk olsun. Daha heç kim balaca bir çətinlik olanda torpaqları qoyub qaçmasın. Torpaq ana qədər müqəddəsdir. Onu qoyub qaçanı bağışlamaq olmaz. Çünki belə adamlar dar gündə analarını, bacılarını, arvadlarını, uşaqlarını da qoyub qaçarlar... Əslində mən fərman verməliydim ki, onları aparıb, qorxub qaçdıqları, düşmənlərimizə peşkəş etdikləri torpaqlarımızda diri-diri basdırsınlar” (XX epizod, səh. 430-431)
Dramaturq əsər boyu belə bir fikri də qabardır ki, Səfəvilər dövlətində başda Şah olmaqla yuxarıdan aşağıya hamı, hər kəs Ana Yasaya hörmətlə yanaşır, Ana Yasanı Quran ayəsitək müqəddəs bilir, Yasadan bir addım belə kənara ayaq basmır. Bu dövlətdə qanun Şahdır, Şah Qanun deyil. Səfəvilərdə qanun yalnız Qızılbaş savaşçılarına, aşağı təbəqəlilərə yox, habelə Səfəvi əyanlarına da – Şah İsmayılın şahlıq mərtəbəsinə çatmasında müstəsna xidmətlər göstərən, “əmirlər əmiri Hüseyn bəy Lələyə də, İsmayılın atası Şeyx Heydərin siğə qardaşı Qorçubaşı Dədə bəy Xülafəyə də şamil edilir və onların hər ikisi vəzifələrindən uzaqlaşdırılır: “Hörmətli Hüseyn bəy! Əvvəllər hər sözü deməmiş, yüz dəfə ölçərdin. İndi ölçüb-biçməmiş danışırsan. Qazı Məhəmmədin fikirlərini tərəziyə qoymamış söz deyirsən. Ona görə də səni əmirlər əmiri vəzifəsindən azad eləyirəm. Yəqin artıq yorulubsan. Yenə də Hüseyn bəysən, yenə də lələmsən. Bu gündən isə vəkilimsən”. (XX episod, səh. 432)” Dədə bəy! Sənin sədaqətinə sözüm yoxdur. Amma qocalmısan, ya nədirsə vəzifənə barmaqarası baxırsan... Təkcə hökmdar yatanda onun keşiyini çəkmək azdı. Qorçubaşının hər yerdən, hər şeydən xəbəri olmalıdır. Əgər xəbəri olmazsa, düşmənlər həmin ölkəni dağıdarlar. Səni də Qorçubaşı vəzifəsindən azad eləyirəm.Yenə də atamın siğə qardaşı, silahdaşı, mənim yolumda min cür cəfalara sinə gərən sərkərdə, ağsaqqalım kimi həmişə hörmətini saxlayacam”. (XX epizod, səh 433). Pyesin bir yerində Şah İsmayıl Xətai Qızılbaşlara, əyanlara, ziyalılara: şairlərə, aşıqlara, rəssamlara - bütün Səfəvilərə müraciətlə səslənir: “Ölkəni, torpaqlarımızı qoruyub saxlamaqçün ölkədə qanun şah olmasa, dövləti qoruyub saxlamaq, qüdrətli dövlət qurmaq olmaz”. (XX epizod, səh. 433-434)

Öz siyasi fəaliyyətində ayaqlamırdı Şah İsmayıl Xətai həm yazılmış qanunları, həm də tarixən yaranmış və sabitləşmiş müqəddəs adətləri. Hər ikisinə hörmətlə yanaşır, hər ikisinə ehtiramla baş əyirdi. Elə buna görə də O, müstəbid yox, ədalətli-insaflı, demokratik ruhlu bir Şah oldu – Ana Yasaya tapınan, qanunlar itaətkar adil-ədalətli bir Şah. Şah İsmayıl Xətai həm özü anlayırdı, həm də silahdaşlarına anladırdı ki, qanunun hakimiyyəti olmayan yerdə dövlət quruluşu da yoxdur, elə dövlətlərdə şah (hökmdar) müstəbidə, filosof sərvət hərisinə, ziyalılar dilənçiyə çevrilirlər, ölkə isə gündən-günə tənəzzülə, iflasa uğrayır. Şah İsmayıl Xətainin bu fikirlərinə adını-soyadını unutduğum bir şairin misraları, görün, necə də çiyin verir:

Qanunsuzluq ölkəni
elə çəkər iflasa,
Allah da aciz qalar
hətta onu xilasa.

Dövlət güclü-qüdrətli olsun deyə Şah İsmayıl Xətai yaradıcı ziyalılara xüsusi önəm verir, onların həyat və məişətinin qayğısına qalır, ustad sənətkarları və ardıcıllarını öz sarayına toplayır, onlardan səxavət və xeyirxahlığını əsirgəmir. Ölkə müharibə ilə üz-üzə gələndə Şah İsmayıl Xətai saz-söz-fırça ustadlarını döyüşlərə səfərbər etmir, ilahidən vergili bu ruh adamları düşmən əlinə keçməsinlər deyə onları xüsusi mağara və istehkamlarda gizlədir. Şah Xətaiyə görə, şairlər, aşıqlar, rəssamlar “xalqın, torpağın ruhunu yaşadanlardır, tarixi həqiqətləri gələcək nəsillərə ötürənlərdir”, bəşəriyyətin, millətin durna çıraqlarıdır: “Yurdun əsgəri, sərkərdəsi, hökmdarı döyüş meydanında ölə bilər. Bu, torpağını, millətini, qeyrətini qorumaq yolunda onun müqəddəs borcudur. Bu, qəhrəmanlıqdır. Sənətkar isə yaşamalı, xalqının, torpağının ruhunu yaşatmalı, yazmalıdır. Bu tarixi həqiqətləri gələcək nəsillərə çatdırmalıdır. Bu da bir növ qəhrəmanlıqdır. Sizin... (Sultan Məhəmməd, Sahib Təbrizli, Həbibi nəzərdə tutulur – M.X) işiniz əsgərin, sərkərdənin, hökmdarın işindən daha şərəfli, daha müqəddəsdir” (səh. XXIV epizod, səh.447).

Vətən məbəddir, səcdəgahdır, qiblləgahdır Şah İsmayıl Xətaiyə. Pərvanəsi – divanəsidir Şah İsmayıl Xətai o müqəddəs od-ocağın, qucağında dahilər, sərkərdələr böyüdən o ulu torpağın. Keşikçisidir, qarovulçusudur, yorulmadan ətrafında at cövlan elətdirəndir Şah İsmayıl Xətai Azərbaycanın - o başı bəlalar çəkmiş, köksü çalın-çarpaz dağlanmış o ağsaçlı Ananın. Yurd sevgisini, Vətən doğmalığını kiçik İsmayılın ruhuna İstar həbsxanasında anası Aləmşah bəyim və xidmətçiləri Səkinə nənə zərrə-zərrə, damcı-damcı hopdurmuşdular. Hordurmuşdular mahnı-nəğmələriylə, gəraylı-bayatılarıyla. Vətən bu mənəvi sərvətlərin gücüylə köçmüşdür İsmayılın canına-qanına, hissinə-həyəcanına. Köçmüşdür Vətən İsmayılın ruhuna, atəşinə-oduna dağları-daşlarıyla, mərd-mübariz vətəndaşlarıyla, ucsuz-bucaqsız çölləriylə, sonaları çığrışan gölləriylə. Vətən kök atırdı Xətainin içində ana dilinin şirin-şəkər sözləriylə, mərd-mərdanə kəlmələriylə, ozanların durnaboğaz sazlarıyla, xanəndə və musiqarların xoş avazlarıyla, türk tayfalarının bir-birindən musiqili-ahəngdar dilləriylə. Belə bir ilahi aləmdə böyüyürdü Xətai, böyüdükcə vətənləşirdi Xətai, bütünləşirdi Xətai, sərkərdələşirdi Xətai və anası Aləmşah bəyimə söz verirdi Xətai: “Ana ! Sənə söz verirəm. Mən böyüyəndə babalarımın, atam Şeyx Heydərin arzularını çin eləyib, bu müharibələrə son qoyacağam. Ağqoyunluları birləşdirəcəm” (II epizod, səh. 357).

Zaman keçdikcə Şah İsmayıl Xətai daha böyük amal uğrunda çarpışmağı qərarlaşdırır: “And olsun ulu babamız Oğuz xanın müqəddəs ruhuna, babamın, atamın, qardaşlarımın... sümüklərinin qarışdığı bu müqəddəs torpağa ki, ey Vətənim, güclə də olsa, döyüşə-döyüşə də olsa, səni yalnız irəliyə aparacam! Mən sənin itmiş adını, itmiş qüdrətini, əldən getmiş torpaqlarını özünə qaytaracam. And içirəm! Çünki Vətən iman əsəridir. Torpağı yadelli qəsbkarların əsarətində olan millətin imanı həmişə əsarətdə olar” (XI epizod, səh. 392). Məhz buna görə də Şah İsmayıl Sultan Səlimlə savaşa başlamazdan əvvəl saray rəssamı Sultan Məhəmmədə, el sənətkarı Səfər Təbrizliyə, saray şairi Həbibiyə keşiyində ayıq-sayıq dayandığı Vətəni, bu Vətənin doğma dilini, bir də Vətən vicdanını qorumağı vəsiyyət edir. Çünki bu üç müqəddəsdən biri olmayanda insan insanlığını, yurddaş vətəndaşlığını, heysiyyət və mənəviyyatını itirir, insan çevrilir qula-köləyə, nökərə - lakeyə: “Bu döyüş mənim bu vaxta qədər keçirdiyim döyüşlərinən ağırı olacaq. Mən bu döyüşdə şəhid də ola bilərəm. Ona görə də müdrik əcdadlarımızdan miras qalan üç müqəddəs şeyi sizə vəsiyyət eləyirəm: Ana dilimizi, Vicdanımızı, Vətənimizi. Onları göz bəbəyi kimi qorumalısınız. Bilin ki, öz ana dili, Vətəni olmayan xalq gec-tez vicdanını da itirib həmişəlik köləyə çevrilər. Bu sözləri yazıb gələcək nəsillərə çatdırmalısınız”. (XXIV epizod, səh. 448).
Şah İsmayılın gündən-günə artan nüfuzu, Səfəvi dövlətinin hərbi-siyasi baxımdan dayanmadan qüvvətlənməsi həm Osmanlı imperiyasını, həm də bu imperiya ilə işbirliyi quran erməni mafiyasını (pyesdə həmin mafiyanın təmsilçiləri` Katalikos və erməni keşişdir) rahatsız edir. Ermənilər Şah İsmayılı məğlubiyyətə uğratsınlar deyə bu çirkin işə Avropa ölkələrinin cəlbinə də səy göstərir və öz nümayəndələrini (keşişlərini) Avropa və habelə Şərq ölkələrinə göndərirlər: “Biz bu türkləri bir-birinin üstünə qaldırmasaq, burada-Qafqazda, Şərqdə bizə aman olmayacaq. Çünki Sultan Səlimlə Şah İsmayıl birləşsə, onlar çox güclü dövlət yarada bilər, onda da dünyaya ağalıq eləyə bilərlər. Ona görə də Avropa ölkələri məni (Katalikos özünə işarə edir – M.X) bu müqəddəs işə cəlb eləyiblər ki, nəyin bahasına olursa -olsun, Sultan Səlimlə Şah İsmayılın arasına düşmənçilik toxumu səpməliyəm. Onlar (Avropa ölkələri nəzərdə tutulur- M.X) bu işi göstərməkçün bizə çoxlu pul, qızıl veriblər... Türkdilli xalqlar bir-birinə nə qədər düşmən olsalar, biz də istədiyimizi eləyə bilərik”. (XXI epizod, səh.434). Ermənilərin kələkbazlığı, Sultan Səlimin qüdrətli islam yaratmaq, Yer üzündəki bütün türklərə hökmdarlıq hikkə-iddiası və habelə Sultan Səlimin özündən müştəbehliyi, əyyaşlığı, içki düşkünlüyü, nəhayət, iki qardaşın Çaldıranda bir-birini qana qəltan etməsiylə sonuclandı. Dörd ay davam edən bu müharibə (1514 may-avqust) Osmanlıların qələbəsilə başa çatdı. Osmanlılara üstünlük qazandıran onların Avropadan aldıqları odlu silahlardan (top, tüfəng) istifadə etmələri idi.

Dramaturq savaşöncəsi Şah İsmayılın fikir-düşüncələrini, arzu-istəklərini, müharibəyə münasibətini, hansı amala-məsləkə xidmətini onun öz dilindən səsləndirir: “Bu gün qardaş qanı töküləcək. İki türk qardaş bir-birinə silah qaldıracaq. Başqa millətlər də bizə baxıb güləcəklər. Tarixlər boyu bir-birilə qardaş olan türklər birləşməkdənsə, bir-birinə həmişə silah qaldırıblar. Başqa millətlərin felinə uyub... bir-birinin qanını töküblər. Sultan Səlim, Sultan Səlim! Sənə nə deyim, heç olmasa sən ulu babalarımızın səhvini təkrar etməyəydin. Bu Çaldıran döyüşünə görə gələcək nəsillərimiz nə səni, nə də məni bağışlayacaq. Axı niyə sən məni bu döyüşə girməyə məcbur elədin? Əgər biz iki qardaş, dost ölkə kimi dil tapıb bir olsaydıq, onda bütün ölkələr bizə baş əyərdi. Bizimlə hesablaşardılar... Mən sənə on üç məktub göndərib, həmişə səni dostluğa, qardaşlığa çağırmışam. Amma sən bizə düşmən olan, türkdilli xalqların birləşməyini istəməyən qonşu hökmdarların yalan vədlərinə, yağlı dillərinə inanıb, mənim məktublarıma həmişə söyüşlə cavab veribsən. Axı biz niyə beləyik? Biz, türkdilli xalqlar niyə birləşmək istəmirik? Hələ də bu sualın cavabını heç bir türk tapa bilmir... Görəsən, nə vaxtsa tapa biləcəklərmi? Görəsən, Oğuz babamızdan törəyənlər nə vaxtsa birləşəcəklərmi?! (XXII epizod, səh.440)

Şah İsmayılı düşündürən bu sual əsrlərdir yol gəlir, əsrlərdir Azərbaycan - türk aydınlarını düşündürüb və bu gün də düşündürür. Xalq şairi Nəbi Xəzrinin “Torpağa sancılan qılınc”, Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” və haqqında söz açdığım “Şah İsmayıl Xətai” dramlarının nüvəsi də elə o böyük amala, çox da uzaq olmayan Turan İttifaqının yaranmasına, yenidən tarix səhnəsində var oluşuna hesablanıb.

Dramaturq Ağalar İdrisoğlunun təqdimatında Şah İsmayıl mərhəmətli-şəfqətlidir. Qorxmaz – cürətlidir. Ədalətli-səxavətlidir. Türklərin xoşbəxtlik – səadəti yolunda çarpışandır. İstəyir ki, türklər özgə xalqların yanında gözüqıpıq – başıqapazlı olmasınlar, aydın səma altında qurub-yaratsınlar. Şah İsmayıl hakimiyyətə xalqının dəstəyilə gəlmişdir. Sultan Səlim Yavuz isə qəddar – qaniçəndir. Şan-şöhrət, hakimiyyət uğrunda hər şeydən keçəndir. Hakimiyyətə saray əyanlarının köməyilə yiyələnmişdir. Atasının və doğma qardaşlarının qatilidir. İstilaçıdır. Şah İsmayıla və Qızılbaşlara sonsuz nifrətlidir: “Biz meydana çıxmayınca onlar qorxularından döyüş meydanına ayaq basmağa cəsarət eləməyəcəklər. Cəlaləddin, Cavuş ordusundan qoy üç yüz uzaqvuran top götürüb, irəli qoşsun. Elə ki, əcəmilər göründü, onda sən əmr verərsən ki, bütün toplar eyni vaxtda atəş açsın. Mən üç yüz top atəşinin gurultusundan sonra əcəmilərin qaçmasına tamaşa eləmək istəyirəm. Orası pisdir ki, gözümüzə işıq düşür. Nə qədər əzab-əziyyətdən sonra axır ki, gəlib səni qarşımda görə bildim, Şeyx oğlu! Səni bu döyüşə məcbur edə bildim. Sən çox döyüşlərdən üzüağ çıxmısan. Amma bu dəfə ağlayacaqsan. Qaçıb sənin qoynuna sığınan miskin qardaşlarımın da, maymaq vəzirim Həmdəm paşanın da, aciz atamın da, yazıq Şeybaninin də... əvəzindən cəzasını alacaqsan. Ya səni əlimə keçirib dilini kəsdirəcəm, ya da babaların kimi məscidlərdə sufilik eləməyə məcbur olacaqsan... Daha heç bir ölkəni səninlə hesablaşmağa məcbur eləyə bilməyəcəksən”. (XXIII epizod, səh. 440-442)

“Şah İsmayıl Xətai” pyesi Şah İsmayılın səhnəyə əsəbi gəlişilə başlayır və son monoloqu ilə bitir. Şah İsmayıl Çaldıran döyüşünü türk xalqlarının tarixində bir qara ləkə adlandırır, bu savaşda həm özünü, həm də Sultan Səlimi günahkar sayır: “Beyinsiz xalq! Qır, qırıl! Qoyma başın yad qapazlardan xilas olsun. Qoyma səni dincliyə çıxarsınlar. Qoyma dilini, gücünü, səsini özünə qaytarsınlar... Bəs siz nə vaxt qəflət yuxusundan ayılacaqsınız? Nə vaxt ayağa qalxacaqsınız?! Nə vaxt birləşəcəksiniz, nə vaxt taleyinizi özünüz həll edəcəksiniz?! ... Sultan Səlim, çıx təkbətək döyüşək! Bu qədər igidləri boş yerə qırdırmayaq. Çünki günahsız tökülən bu türk kişilərinin qanını Allah heç vaxt nə sənə, nə də mənə bağışlamayacaq. Bu türk millətinin qarşısında bizim günahımız eynidir. Çünki biz hər ikimiz onun qarşısında günahkarıq, günahkarıq!... Sultan Səlim! Biz gərək səninlə tariximizin bu qanlı, bu şərəfsiz səhifəsini yazmayaydıq! Yazmayaydıq! (XXV epizod, səh.451-452). Bu, böyük hökmdarın sanki öz xalqı, milləti qarşısında etirafıdır. Təmizlənir, paklaşır Şah İsmayıl bu etirafda. Bu etirafda həm hökmdar Xətai, həm şair Xətai oxucunun gözündə böyüyür, ucalır, işıqlaşır, nurlaşır. Bu məqamda Xalq şairi Bəxtiyar Vahabzadənin aşağıdakı misralarını səsləndirmək, məcə, yerinə düşür:

Etiraf edənin hər sözü min-min
Səhər günəşinin ilkin nurudur.
Burda nə riya var, nə böhtan, nə kin,
Gözlər aydan arı, sudan durudur.
Etiraf – vicdanın nəğməsi, neyi,
Hər kəsin özündən öc almasıdır.
Qəlbin həm kiçilib, həm böyüməyi,
İnsanın alçalıb ucalmasıdır.

Oxucu (tamaşaçı) bir dəfə də olsun belə, dramda Sultan Səlimin dilindən etiraf eşitmir, onun öz yanlış addımlarını götür-qoy etdiyinin şahidi olmur. Çünki Şah İsmayılla müqayisədə Sultan Səlim çox kiçikdir, çox balacadır. O, Şah İsmayıl qədər öz xalqına-millətinə bağlı deyil, Şah İsmayıl qədər öz xalqının vurğunu, məcnunu, cünunu deyil. Kiçik adamlar etiraf etməyi bacarmazlar, öz-özlərindən öc almazlar. Xudbinlik və mənəmlikləri buna imkan vermir.
Dramaturq Ağalar İdrisoğlu qələmində Şah İsmayıl yalnız hökmdar yox, eyni zamanda, dərin məhəbbətlə sevən vəfalı-cəfalı aşiqdır, türk-fars dillərində qəzəllər, gəraylı, varsağı və qoşmalar yazan qüdrətli lirik şairdir, aşığı, şairi, rəssamı, onların yaradıcılığını yüksək dəyərləndirən xıridardır, sənət bilicisidir. Budur, Şah İsmauyılın toyudur. Toyda Təbriz camaatı ilə bərabər, el sənətkarları da (Sultan Məhəmməd, Səfər Təbrizli, Aşıq Qurbani) toydadır. Xoş günün şərəfinə saray rəssamı Sultan Məhəmməd və el sənətkarı Cəfər Təbrizli Şaha “Şeyx Səfi” adlı bir xalça hədiyyə edirlər. Gözəl sənət nümunəsi bu xalçanın müəlliflərini Şah İsmayıl yüksək qiymətləndirir – birincisinə “Sultan” ləqəbiylə bərabər qızıl yüyənli kəhər at, iki kənd bağışlayır, ikincisinə isə “Bəy” rütbəsi verir. Aşıq Qurbanini də sevindirir - ona yaşamaq üçün ev, məclislərə getməkçin at verir, həm də onu Aşıqlar aşığı elan edir. (XIX epizod, səh. 423,424). Bu epizodun Şah İsmayıl – Taclı Bəyim xətti lirik – emosionallığı, həzin-kövrək lirizmiylə seçilir. Bu xətt qidalandırır ruhu, cana yükləyir atəşi – odu. Burda Taclı Bəyimin şaha “Bəxtimin ulduzu. Mənim aydan gələn ömür-gün yoldaşım. Can sirdaşım” deməsi nə qədər səmimi, təbii, ürəyəyatandırsa, Şah İsmayılın da dilindən səslənən “Sən əsl şair kimi dedin bu sözləri, mənim Taclım. Bəxtimin günəşi” sözləri də bir o qədər riqqətləndiricidir.

Maraqla oxunur “Şah İsmayıl Xətai” dramının bütün epizodları. Bu epizodlarda tarixdən gələn səslər də yer alır. Şah İsmayılın şəxsi həyat lövhələri də canlanır. Dramaturqun yaradıcı bədii təfəkkürünün tapıntıları da dramatikləşir. Satqınlar, xəyanətkarlar, ermənilərin fahişə nənələri Anahidin törəmələri də dəridən -qabıqdan çıxırlar ki, türklər birləşməsinlər, didib- parçalasınlar bir-birini, Türkün söz-qılınc sütunlarının türklərin daha parlaq və xoşbəxt sabahlarına inam və ümidləri də dan ulduzu kimi sayrışır... bu epizodlarda:
Günün xoş keçər, miskin Xətai,
Gələn dövran əcəb dövran degilmi?!
(XXIV epizod, səh.449)
Bu, hökmdar İsmayılın türkləri sabaha haraylayan inam-ümid dolu səsidir.
Bu, şair Xətainin türkləri BİRLİYə, BÜTÖVLÜYə kökləyən poetik məramnaməsi, haqq nəfəsidir.

Dramatik əsərlər səhnədə (teatrda) yaşayır. Səhnə bu əsərlərə ikinci həyat, ikinci nəfəs verir. Səhnə əsərlərə həyat, nəfəs verdiyi kimi, əsərlər də tamaşaçılara yeni söz, yeni fikir, yeni düşüncə aşılayır, onların gözlərini açır, dünyagörüşlərini genişləndirir. Səhnə (teatr) habelə tamaşaçıların döyüş-savaş potensialını qat-qat artırır, onları neqativliklərlə, naqislik və eybəcərliklərlə barışmazlığa – protestoya səfərbər edir, onlarda milli qürur və iftixar duyğularına qol-qanad verir. Bu gün kimi aydın həqiqətləri rejissorlarımız, teatr xadimlərimiz nəzərə alıb, dramaturq Ağalar İdrisoğlunun “Şah İsmayıl Xətai” pyesinə yenidən səhnə həyatı verməyə səy göstərsələr, bu, heç şübhəsiz, mədəniyyətimizin inkişaf və yüksəlişində yeni uğurlu bir addım sayılacaq. Bu addım millət olaraq hamımızı sevindirəcək və bizlərə türk birliyinə, türk bütünlüyünə yola çıxmada qüdrətli mənəvi köməkçi və yardımçı olacaq.

Musa XANBABAZADƏ
filoloq - ədəbiyyatşünas

Bütün xəbərlər Facebook səhifəmizdə