Rumıniyanın Baş naziri istefa verdi – Hakim koalisiya dağılır

Rumıniyanın Baş naziri Marçel Çolaku hökumət başçısı vəzifəsindən istefa verdiyini bəyan edib. O, rəhbərlik etdiyi Sosial-Demokrat Partiyasının (SDP) hakim koalisiyadan çıxacağını da açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Marçel Çolaku bu qərarı Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrindən sonra verdiyini bildirib. Onun sözlərinə görə, hakim koalisiyanın prezident seçkilərində öz namizədini irəli sürərək qalib gəlmək məqsədi həyata keçməyib. “Bir məqsəd yerinə yetirilməyibsə, deməli, koalisiya razılaşması tam şəkildə icra olunmayıb. Mən bu gün partiyama koalisiyadan çıxmağı təklif etdim. Əgər qəbul olunsa, dərhal prezidentə istefa ərizəmi təqdim edəcəyəm”, – deyə Baş nazir jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, mayın 4-də keçirilən prezident seçkilərinin ilk turunda milliyyətçi “Rumıniyanın Birləşməsi Alyansı” (AUR) partiyasının lideri Corce Simion 41 faiz səslə birinci yeri tutub. Buxarest meri Nikuşor Dan 21 faizlə ikinci, hakim koalisiyanın namizədi Krin Antonersku isə 20,1 faiz səslə üçüncü yeri tutub.

Seçkilərin ikinci turu mayın 18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə