“ŞƏHİD ƏBƏDİ QALIR” - HEYDƏR ƏLİYEV -100

Valeh Sefiyev

Öz müstəqilliyi və tərəqqisi üçün, öz şöhrətinin ən parlaq illəri üçün Azərbaycanın əbədi borclu olduğu Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin zəka və iradəsinin varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin şərəfinə.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

- Mən yenə də deyirəm, ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır.

(Müəllifin “YAZDIR, ŞƏHİD ANASI” poemasının davamı-son)

Bu yerdə, bu məqamda
Sözü var vicdanın da.
O şəhid balamızın
Xidmətləri yanında
Mənim şeir yazmağım,
Uğurlar qazanmağım –
Karım, kəramətlərim –
Sənətkar xidmətlərim
Bu yurdda, bu ocaqda
Qızıl qanımız hopan
Bu ulu, bu müqəddəs,
Bu qüdrətli torpaqda
Dolanıb dəyişsə də
Adamlar nəsil-nəsil
Ümmanda bir damla da
Şərafətində deyil.

Belə ahıl yaşımda :
Artıq köçümü çatıb
İşıqlı dünya ilə
Vidalaşan vaxtımda ;
Yığışıb, hazırlaşıb
Köhnə tanışlar ilə
Halallaşan vaxtımda
Nə yorğunam, nə üzgün,
Qalıq, boynumun yükü
Yoxdur bir başqa işim.
Mənim sənə bəxşişim,
Hədiyyəm, payım, bu gün
Əzəmət, vüqar dolu,
Təravət, bahar dolu,
Vur-tut beş-altı kəlmə
Sözdür, Şəhid Anası !

...44 günlük o döyüş
Bizim xalqımız üçün
Namus məsələsiydi,
Qeyrət məsələsiydi,
Şərəf məsələsiydi.
Döyüş meydanlarında
“Ya qələbə, ya ölüm!” –
Bizim bu şüarımız
Təmiz əqidələrin,
Vicdanların səsiydi,
Əjdadların səsiydi.

Kainat titrəyirdi –
Yer-Göy uğuldayırdı,
Gur-gur guruldayırdı –
Sabahın məramını
Göy Yerdən soruşurdu.
Bu müqəddəs davada
Sıravi əsgər kimi
Türkün hərb dahiləri,
Siyasət dahiləri
Atatürkün, Heydərin
Ruhu da vuruşurdu.

Şükürlər olsun qisas
Qalmadı qiyamətə,
Gücümüzə inandıq,
Güvəndik, arxalandıq
Biz qələbə qazandıq.
Düşməni təslim etdik ! –
Darmadağın elədik –
“Bacıları” qarışıq
Susdurduq, heç kim etdik.
Şükürlər olsun qisas
Qalmadı qiyamətə -
Çatdıq şana, şöhrətə.

...Sən mətanət, güc, qüdrət,
Ləyaqət aynasısan.
Sən Ölkə Ağbirçəyi,
Sən Vətən Anasısan.

“Şəhid əbədi qalır !” –
O, NƏCİB, NƏCABƏTLİ,
XEYİRXAH, NƏZAKƏTLİ
SEYİD XANIMI İLƏ
Ocağının başında
Bunu RƏHBƏR söylədi.
O, Ali Baş Komandan -
Bütöv Azərbaycanın
Əbədi Qəhramanı,
Fəxri, Şöhrəti, Şanı
O, Müzəffər söylədi.
Gözümüzün işığı
O, Münəvvər söylədi, -
Qüdrət, Hünər söylədi, -
Rəhbər müdrikcəsinə
Qətiyyət ilə dedi.
Şərəfli anamıza
Böyük ehtiram ilə,
Çox hörmət ilə dedi
Rəhbər açıq, sərt dedi,
Gəldi-gedər dünyanın
Düz gözünün içinə
Düz danışdı, mərd dedi
Rəhbər açıq, sərt dedi :
-Yaranışdan bu dünya
İnsanları sınamır.
Yaxşı-yaman axtarmır,
Doğma, ögey tanımır.
Eyni əzəmət ilə,
İzzət, hərarət ilə
Hamını qarşılayır.
Başı üstündə durub
Saat, saniyə sayır.
Vədə, vaxt çatan kimi
Hamını yola salır.
Dünya nə yüngülləşir,
Nə də səhmana düşür.
Gözü məhşər yolunda,
Əli qaşında qalır.
Hesab soruşmur bizdən.
Nə gəlir əlimizdən!? –
Bu, qədərin işidir,
Haqqın göstərişidir.
Köhnə dostu, tanışı
Xoşbəxtliklə yanaşı
Əcəl havada süzən
Bizi axtaran, gəzən
Alov dilli bir oxsa;
Xoşumuz gəlir-gəlmir? –
Gülüb-oynadıq, yoxsa
Ağladıq həzin-həzin
Yaradanın, sübhanın
Rəhm eləyən rəhmanın,
O gözə görünməzin
Hökmü, qərarı budur.
... İnsan hər dərdə dözür,
Hər ağrını unudur.
Ancaq şükür, min şükür:
Nəsillər yola salır,
ŞƏHİD ƏBƏDİ QALIR !

Şəhid əbədi qalır ! –
Şad- xuraman yaşayır,
Əbədi ömür sürür,
Əbədi xatırlanır ;
Sevilir, əzizlənir,
Diqqət, etibar görür.

Şəhid əbədi qalır ! –
Sabahlar, gələcəklər,
Nurlu, rövşən ürəklər
Ondan güc-qüvvət alır,
Ona hesabat verir.

Günəşdən də işıqlı
Həqiqətimiz üçün,
Ləyaqətimiz üçün
Vətən sevgisi ilə
Düz ölümün üstünə
Mərdi-mərdanə gedən,
Canını fəda edən
İgidlərin həyatı,
Əzmi, müqəddəratı...
Qaranlıq zamanlarda
Vəhşi biyabanlarda
Daş üstündə yazılmış,
Həkk olunmuş, qazılmış
Üzünü yosun örtən,
Toz basan, ovsun örtən
Köhnə hekayət deyil,
Nağıl, rəvayət deyil.
Öz parlaq adı ilə,
Qaynar həyatı ilə
Şəhid əbədi qalır !..

-Vəfa, etibar nədir?
-Düz söz, düz ilqar nədir?
-Vətən sevgisi ilə,
Haqqın ülgüsü ilə
Yaşamaq çətindirmi ?
-Hər döşünə döyən “dost”,
“Mənəm! mənəm!”- deyən “dost”
Yenilməz, mətindirmi?
-Azad vətənimizdə
Nəfsin qulu olmağa,
Yetimin malı ilə
Cibi dolu olmağa
Bu gün ehtiyac varmı?
-Doğru yolunu azan –
Özgəyə quyu qazan
Özü nicat taparmı ?
-Sən fədakar vicdanın
Tənə yağışlarından,
Leysan qarğışlarından
Qoruna bilirsənmi ?
-Qızğın hərb meydanında
Sən son bir damla qanın
Qəhrəman şöhrətini –
Gücünü, qüdrətini
Zorunu bilirsənmi ?..

...Şəhid əbədi qalır ! –
Bu sorğu-sual ilə,
Yüksək ideal ilə
Sabahı aydın görür –
Nə qan, nə qırğın görür.
Təfsilat, izah verir...
Vətən balalarından –
Vətənin topdağıtmaz
Rəşid qalalarından –
Vətən balalarından
O, imtahan götürür.

Şəhid əbədi qalır ! –
Vətənin xoş günləri
Hamımızdan daha çox
Ona sevinc bəxş edir,
Ona fərəh gətirir.

Bu yurdda, bu ocaqda,
Qızıl qanımız hopan
Bu qocaman torpaqda
Dəyişmir nırxı dünya ;
Fələyin çarxı dünya
Yenə işini görür –
Köhnə işini görür :
Nəsillər yola salır, -
Ancaq şükür, min şükür
Şəhid əbədi qalır !..

...Sözlərin aydın duru ;
Bütün həyatın boyu
Sinəndə bu qüruru,
Bu işığı, bu nuru
Alnıaçıq, fərəhlə
Gəzdir, ŞƏHİD ANASI !

Nahaq yerə, boş yerə
“Nüfuz”lara, “Güc”lərə
Güvənib, arxalanıb,
Onların məkr dolu
Riyakar vədlərinə
Bel bağlayıb, inanıb
Çox çapıldıq, talandıq...
Doğrandıq, baltalandıq...

Çox tənələr eşidib,
Soyuqlayıb, üşüdüb
Dişimizi sıxmışıq.
Haqq işimiz naminə -
Şərəfimiz naminə
Hər ağrıya, acıya
Qürurla sinə gərib,
Fədakarlıq göstərib
Qəvi, qəddar düşmənin
Axırına çıxmışıq.

Deyirsən: bu il bir az
Tez ötüb keçdi ayaz. –
Düzdür, şəhid anası

Günəş salama gəlir,
Torpaq da üzə gülür, -
Yazdır, ŞƏHİD ANASI!

Bütün xəbərlər Facebook səhifəmizdə