Vətən müharibəsində Azərbay-canın regionlarından yüzlərlə gənc ərazi bütövlüyümüz uğrunda canını qurban verib. Masallının Mahmudavar kəndinin Birinci Qarabağ müharibəsində on bir, İkinci müharibədə də böyük şücaətlə vuruşan iki şəhidi olub.
Yazarlarımız şəhidlərə həsr edilən şeir və poemalarında, oçerklərində onların ölməz ruhuna dərin ehtiramla yanaşır, igidliklərini layiqincə dəyərləndirirlər. Belə kitablardan biri də “Mahmudavarın mərd övladları” adı ilə “Elm və Təhsil” nəşriyyatında çap edilib. Nəşrin müəllifləri tanınmış jurnalist Həsənağa Əli Murtuza və müəllim-publisist İsa İbadovdur. Xatırladaq ki, 2002-ci ildə bu kitabın birinci nəşri buraxılmışdı. Yenilənmiş nəşrə atəşkəs dövrünün və Vətən müharibəsinin şəhidləri haqqında yazılar da daxil edilib.

Kitab Ali Baş Komandan cənab İlham Əliyevin “Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq” sözləri ilə başlayır. İş adamları, xeyriyyəçilər “Biz onların hamısını tanımasaq da, onların hamısına borcluyuq”, – deyə nəşrin işıq üzü görməsinə dəstək olublar.

Kitab Mahmudavarın keçmişi, bugünü, tanınmış insanları barədə elə bu kəndin yetirməsi olan tarixçi-etnoqraf, Əməkdar müəllim Musarza Mirzəyevin “Ulu çağlardan şəhidlərimizədək” araşdırma yazısı ilə başlayır. Sonrakı səhifələrdə şəhidlərə həsr olunmuş oçerk və esselər yer alıb. Kitabda çoxlu təsirli məqamlar var. Məsələn, əslən Mahmudavardan olan Bakı sakini 19 yaşlı Nail Məmmədov anasına şeirlə məktub yazıb:

Sinəmə dəysə də güllə yarası,

Tutulsa da gözlərimin qarası,

Deməsinlər qorxaq idi balası,

Aglama mənimçün, aglama, ana!

Cəbhədə igidliklə vuruşmuş, Füzulidən Şuşaya kimi döyüş yolu keçmiş şəhidlər – Nayıb Qasımova və Röyad Məmmədova həsr olunmuş oçerklərdə Azərbaycan gəncliyinin Vətənə sevgisi, düşmənə nifrəti təzahürünü tapır. Şərəfli ölümlərindən sonra orden və medallarla təltif edilmiş şəhidlər haqqındakı yazılar təkcə rekviyem xarakterli deyil, eyni zamanda, qürurla dolu duyğu və düşüncələr toplusudur.

Kitabın redaktoru AJB üzvü İbrahim Şükürov, rəyçisi isə Mahmudavar kənd ümumi orta məktəbinin ədəbiyyat müəllimi, AJB üzvü Elşad Nəsirovdur.

Bizcə, “Mahmudavarın mərd övladları” kitabı da ölməz şəhidlərimizə bir abidədir…

Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin baş redaktoru.

Bütün xəbərlər Facebook səhifəmizdə