Böyük alim və maraqlı şair - Əli Ələmi-75

Eşidəndə ki, hörmətli alim, bədii söz ustası, dəyərli insan Əli Ələminin 75 illik yubileyi münasibətilə işıq üzü görəcək dərginin redaktorluğu mənə həvalə edilir, çox sevindim. Çünki onu orta məktəb illərimdən tanıyıram. Sevimli sinif rəhbərim olmuş, kimya müəllimim, mərhum Güllü Əmirovanın həyat yoldaşı kimi yaddaşımda dərin iz buraxıb. Güllü müəllim olduqca qayğıkeş, ailəsini, şagirdlərini ürəkdən sevən, gözəl xasiyyətə, yüksək savada malik, gülərüz xanım idi. Xəttim yaxşı, səliqəli olduğu üçün məktəb jurnallarındakı bütün siyahıları mənə yazdırardı. Orta təhsilimi bitirdikdən sonra da əlaqələrimiz sıx idi. İlk kitabımın çap olunması sevincimi mənlə ürəkdən bölüşmüşdü. Təbrik üçün məni evlərinə dəvət eləmişdi. Xeyli səmimi söhbətimiz olmuşdu. Oxuduğum Sumqayıt şəhər, 21 nömrəli tam orta məktəbdə mənlə görüş keçirilən zaman da qürur hissini gizlətməmişdi. Tədbirdə ürəkdən çıxış etmiş, mənə ən xoş arzularını diləmişdi. Onun vəfatını eşidəndə çox təsirlənmişdim. Təəssüf ki, həmin vaxt ölkədə olmadığım üçün ailəsinə baş çəkə bilməmişdim. Lakin hər zaman onu xatırlamış, ruhuna dualar oxumuş, Ulu Tanrıdan ona qəni-qəni rəhmət diləmişəm!

Əli müəllimi isə çox vaxt kənardan izləmiş, onun məğrur yerişinin, alicənab duruşunun şahidi olmuşdum. Bilirdim ki, o əsl ziyalıdır, bacarıqlı elm təşkilatçısıdır, həlim xasiyyətlidir, gözəl ailə başçısıdır. Güllü müəllimə ilə xoşbəxt günlər yaşayırdı. Bir-birinə hədsiz bağlı idilər.Ömür-gün yoldaşının həyatdan vaxtsız köçməsindən sonra Əli müəllim qələmə könül verdi. Tanınmış alim kimi elmi yaradıcılığı ilə məşğul olsa da, bədii sözlə ilhamlandı. Bütün yaşantılarını ürəyindən qələmə süzərək oxucularının ixtiyarına təqdim etdi. Ən çətin qəzəl janrına üstünlük verdi. Yazdqıları qəlizlikdən uzaq, sadə dildə, müasir tərzdədir, nikbindir, insanın qəlbinə fərəh verir və sevilə-sevilə oxunur. Əli Ələmi sözün qüdrətilə yaşayan sənətkardır, desəm səhv etmərəm. Onun yaradıcılığı sevənləri, oxucuları üçün dəyərli xəzinədir! Dahi Nizaminin:

Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə...

misraları ilə köklənən, sözün işığına yön alan Əli Ələmi dostları arasında da böyük nüfuz sahibidir. Mayası xeyirxahlıqla yoğrulan təvazökar insandır. Qəhrəmanımız mənəvi saflğın başlıca şərti olan sadəliyi özünə həyat kredosu seçib. Cəmiyyətdə vətənpərvər, böyük alim, söz ustası kimi tanınan Əli müəllim bəlkə də çoxları üçün öz içində gizlənmiş, sirli adam təsiri bağışlayır. Yəqin ki, bu həm də doğmalarını, dostlarını qayğıları ilə yükləməməkdən, müdriklikdən irəli gəlir. O, istənilən məqsədinə məhz iradəsi sayəsində çatan, daim axtarışda olan, öz yolunu tapan, arzu və istəyinə qovuşan, mənalı ömür yaşayan cəfakeş insandır. Siz onun haqqında yazılan dərgini oxuduqca fikirlərimin doğruluğuna tam əmin olacaqsınız.

Yubileyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm, Əli Ələmi! Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda, elmi və bədii yaradıcılğınızda yeni-yeni uğurlar arzulayıram! Uca Allah Sizi və doğmalarınızı qorusun!

İlhamə MƏHƏMMƏDQIZI,
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə