Kamran o vaxt Liman şəhər 1 nömrəli orta məktəbində oxuyurdu. Məktəbdə keçirilən “Mən Vətəni sevirəm” mövzusunda inşa müsabiqəsinə xeyli yazı təqdim olunmuşdu. Münsiflər heyəti inşa yazılarını nəzərdən keçirəndə 11-ci sinif şagirdi Kamran Səmədovu müsabiqənin qalibi elan etdi. Bu inşa yazısı hamının ürəyindən xəbər verirdi. Yazıda deyilirdi: “Vətən sevgisi ana südü ilə ürəyimizə axır. Elə buna görə də göz açdığımız torpağa, doğulduğumuz məkana ana Vətən deyirik. Vətənin müqəddəsliyi də məhz ana südündən qaynaqlanır. Təsadüfi deyil ki, babalarımız canlarından keçiblər, amma Vətəndən, torpaqdan keçməyiblər. İndi bizim yaşadığımız torpaq qəhrəman babalarımızın - Ulu Babəkin, Cavanşirin, Koroğlunun, Şah İsmayıl Xətainin ... əmanətidir. Torpaqlarımız yağlı tikə kimi həmişə yadelli işğalçıların diqqətini cəlb edib. Zaman-zaman, nəsil-nəsil basqınlara məruz qalmışıq. Vətən torpağı tikə-tikə doğranılıb. İndi isə mənfur düşmənimiz olan erməni faşistləri baş qaldırıb Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağa sahib olmaq istəyirlər. Onlar dünyada super güclərə arxalanaraq illərdir ki, Qarabağı işğal altda saxlayırlar. Biz Xocalı qatillərindən qisasımızı almalıyıq. Vətən bu gün əmr etsə, hamımız onun əsgərləriyik. Artıq silaha sarsılmaq, son və qələbə döyüşünə başlamaq vaxtı çatıb”...

Həyəcanla oxuduğumuz və ürəklərimizi riqqətə gətirən bu sözləri ancaq Vətən sevgisiylə yaşayan, xalqının sevinc, kədərini bölüşən, ağrı-acılarını daşıyan, Vətən uğrunda ölümdən belə çəkinməyən, lazım gəldikdə şəhidlik zirvəsinə yüksələn bir gənc yaza bilərdi.

Vətən sevgisi çoxlarının dilindədir. Lakin 23 yaşlı Kamran Səmədov isə bu sevgini öz canı, qanı bahasına sübut etdi. Təsadüfi deyil ki, 2020-ci il sentyabrın 27-də başlanan II Vətən müharibəsinə könüllü qatılanlardan biri də məhz ailəsinin yeganə oğul övladı olan Kamran özü oldu.

Orta məktəbi müvəffəqiyyətlə bitirən Kamran Ceyhun oğlu Səmədov da başqa yaşıdları kimi Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yola düşdü. Xidmət etdiyi Qusar hərbi hissəsində qısa müddətdə özünü yüksək hərbi hazırlığa malik bir əsgər kimi göstərdi. Xüsusilə hissənin döyünən ürəyi olan kəşfiyyat bölümündə bilik və bacarığını ortaya qoydu. Təsadüfi deyildi ki, hərbi hissənin komandiri polkovnik –leytenant Xalid Məmmədovun imzası ilə Lənkəran rayonunun Liman (keçmiş Port-İliç) şəhərində yaşayan valideynlərinin ünvanına Kamran Səmədovun nümunəvi xidməti ilə bağlı təşəkkür məktubu göndərildi. Kəşfiyyat bölüyünün komandiri baş leytenant Əbülfəz Rəhimovun Xasiyyətnaməsində deyilir: “Səmədov Kamran Ceyhun oğlu, hissəmizdə öz nümunəvi xidməti ilə seçilir. Yüksək fiziki və döyüş hazırlığına malikdir. Kəşfiyyat işinin bütün sirlərinə yiyələnib. Mətin iradə, qətiyyət, qorxmazlıq, ən çətin anda vəziyyətdən çıxmaq üçün düzgün qərar qəbul etmək və sairə onun xarakterik xüsusiyyətlərindəndir...”
Hərbi xidmətdən tərxis olunduqdan sonra Lənkəran şəhərində ticarət mərkəzində işləyirdi Kamran. Müharibənin başlanması ilə əlaqədar Lənkərandan Vətənin çağırışına ilkin səs verənlər çox oldu. Təbii ki, onlardan biri də Kamran Ceyhun oğlu Səmədov idi. Ailəsinin tək oğul övladı olan Kamran öz adını könüllülər siyahısına yazdırdı. Onun cəbhəyə könüllü getmək istədiyindən nə atası Ceyhunun, nə də anası Könül xanımın xəbəri yox idi. Sentyabrın 30-da döyüşə gedəndə valideynləri ilə görüşdü. Atasının yol çəkən gözləri, anasının göz yaşları, bacısı Arzunun qardaşının boynuna sarılıb onu getməyə qoymaması Kamranı yolundan qaytara bilmədi.

... Lənkərandan könüllüləri aparan avtobus Ağcabədiyə tərəf sürət götürdü. Təlim-məşq meydançası Ağcabədidəki 704 saylı hərbi hissədə yerləşirdi. Əslində Kamranın burada təlim-məşqlərə qatılmağına ehtiyac yox idi. Peşəkar hərbçilərin yekdil fikri də bunu bir daha təsdiq etdi.

Kamran Səmədovun döyüş yolu Zəngilandan başladı. Bu yol Xudafərin körpüsündən, Cəbrayıldan, Qubadlıdan, Laçından keçdi. Cəbrayıl uğrunda gedən döyüşlərdə ağır yaralandı, beş qəlpə sol ayağından dəydi. Bu 2020-ci ilin oktyabr ayının 14-də baş versə də, hər gün evdəkilərlə danışmasına baxmayaraq onlara bu haqda demədi Kamran. Qanaxmanın qarşısını alandan sonra yenidən döyüşlərə qatılıb.

Qubadlı alınandan sonra qarşıda Laçın uğrunda ən çətin döyüş dururdu. Düşmənin əsas qüvvələri burada cəmləşmişdi. Kamranın tərkibində vuruşduğu hərbi hissə 300 əsgərlə Laçın dəhlizini götürməli və düşmənin köməyinə gələn qüvvələrin qarşısını almalı idi. Bu məqsədlə hər cür döyüş hazırlığı görülmüşdü. Ağır döyüş gedirdi. Taborun komandiri minomyotla vurulraq dünyasını dəyişdi. Yerinə ən layiqli namizəd kimi kəşfiyyat bölüyünün komandiri Kamran Səmədov məsləhət görüldü. Tabor onun komandirliyi ilə döyüşə qatıldı. Oktyabrın 30-da ölüm-dirim savaşı getdi. Döyüşçülərin çoxu şəhid oldu. Oktyabrın 31-də isə tabor komandiri Kamran Səmədov düşmən minomyotu ilə vuruldu. Başından zərbə alan komandir dünyasını dəyişdi. Köməyə əlavə qüvvə gələndə artıq taborda cəmi 14 nəfər sağ qalmışdı. Onlardan biri də Masallıdan Vüsal adlı döyüşçü idi. O, yana-yana belə dedi: -Şəhidlərin hamısını tapıb geriyə yolladıq. Lakin Kamranı tapa bilmirdik. 21 günlük uzun axtarışdan sonra onun meyidini Qubadlıda transformatorun yanında tapdıq. Elə oralarda onu öz əllərimlə dəfn etdim. Bu barədə onun ailəsinə məlumat verdim.
Laçın dəhlizinə qədər əsas postlar götürülmüş, düşmənin əsas mövqeləri məhv edilmmişdi. Əlavə qüvvənin köməyi ilə dəhliz artıq ordumuzun nəzarətində idi. Lakin Kamran Səmədov bunu sağlığında görmədi. Qələbə sevincini yaşamaq ona qismət olmadı. Düşmən mövqelərini bir-bir məhv edən komandir özü şəhidlik zirvəsində qərar tutdu. Xidmətləri Ali Baş Komandanlıq tərəfindən layiqincə dəyərləndirildi. Cəbrayılın, Qubadlının azad olunmasına görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edildi.

Kamran Səmədov Allaha bağlı idi. Məşhəd ziyarətində olmuşdu. Namaz qılar, oruc tuturdı.
Atası Ceyhun, anası Könül xanım övladları ilə qürur duysalar da, ürəklərindəki oğul itkisindən doğan nisgili də gizlədə bilmirlər. Deyirlər ki, “evimizdə bir boşluq var, bu boşğluğu ancaq Kamran doldura bilər”.

Respublikada 65 şəhid anasına “Qəhrəman ana” medalı verilib. Təltiflərin dördü Lənkəranın payına düşüb. Onların arasında şəhid Kamran Səmədovun anası Könül xanım Səmədova da var. Ali Baş Komandan şəxsən özü “Qəhrəman ana” medalını şəhid anasına təqdim edib. “Təşkilatçı” Xeyriyyə Cəmiyyətinin sədri Samirə Mirzəyeva isə Könül xanıma təşəkkür məktubu və diplom göndərib.

Döyüşü davam etdirdiyi günlərdə vaxt tapıb demək olar ki, hər gün bacısı Arzu ilə danışırdı. Ailədə hamı öz işlərini bir kənara qoyub onun zəngini gözləyirdi. Axırıncı zəngi oktyabrın 30-da gəldi. Həmişəki kimi bacısı Arzu ilə danşırdı. Ürəyinə dammışdı ki, bir azdan son döyüşə girəcək, özü də burada sağ qalmaq ehtimalı çox az idi.

Bacısı Arzu xanım qardaşı Kamranla son telefon danışığını belə xatırlayır: - İndi də onun səsi qulaqlarımdadır, - deyir - Həmişəki kimi bu səsdə bir məğrurluq duyurdum. Dedi ki, anamı, atamı sənə tapşırıram. Əslində qardaşım bizimlə halallaşırdı. Çünki o gün gözləmədiyim halda mənimlə xeyli danışdı. Hardan biləydik ki, bu, Kamranın sonuncu zəngi olacaq.

Liman şəhərində yaşadıqları evdə bir otaq muzey üçün ayrılıb. Burada Kamranın vaxtilə istifadə etdiyi əşyaları yer alıb. Onların arasında namaz qıldığı möhürü də var. Həmçinin şəhidin pal-paltarı, hərbi xidmətdən saxladığı əsgər forması, qeydlər apardığı dəftərlər, qələmlər nümayiş etdirilir. Divardan asılan ailə və dost-tanışları ilə çəkdirdikləri şəkillər, özünün müxtəlif portretləri ... diqqət çəkir. Və bir də stolun üstündə bacısının onunla son dəfə danışdığı telefonu durur. Hər dəfə bu telefon səslənəndə bilərdilər ki, danışan Kamrandır. İndi xeyli vaxtdır ki, bu telefon susub...

Əlizadə ƏSƏDOV,
“Azad Azərbaycan” qəzetinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə