Yatmamışdı, oyağıydı, güc yığırdı "qoca vulkan",
Bu vulkanın bir adı var, odlar yurdu Azərbaycan!
An yetişdi, əmr verdi Baş Sərkərdə, Baş Komandan...
Şir ürəkli, nər igidlər yumruq olsa əgər dedi,
Bizimkidir qalibiyyət, bizimkidir zəfər dedi!

* * *

Şanlı ordum, qayıdışın Qarabağa can gətirdi,
Qətiyyətin, rəşadətin bu həsrətə son gətirdi...
Səni bura 30 ildə yerdə qalan qan gətirdi,
İçindəki qisas hissin durma, göstər hünər dedi,
Bizimkidir qalibiyyət, bizimkidir zəfər dedi!

* * *

Yağı düşmən, bundan sonra sırğa elə qulağında,
Bil ki, özün yanacaqsan yandırdığın ocağında.
Diz çökərək təslim oldun ulu Türkün qabağında.
Türkün gücü, Türkün sözü Turan eldən xəbər dedi,
Bizimkidir qalibiyyət, bizimkidir zəfər dedi!

* * *

Bu millətin birliyinə bütün dünya heyran oldu,
Bu birliyin uğuruna neçə insan qurban oldu!
Yüksələrək şəhadətə tarix yazdı, dastan oldu,
Çünki yolum haqq yoludur, varam sona qədər dedi!
Bizimkidir qalibiyyət, bizimkidir zəfər dedi!

* * *

İgid əsgər, bu qələbən bayram qatdı bayramıma,
Sevinc dolu hər səhərim nur ələdi axşamıma!
Qazandığın zəfərlərin ilham verdi İlhamıma!
Dayanmaram, üstümüzə gəlsə bütün bəşər dedi,
Bizimkidir qalibiyyət, bizimkidir zəfər dedi!

Rüfət Axundlu

14.11.2020

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN
100 İLLİYİNƏ HƏSR EDİLİB

İlahinin bəxş etdiyi nur olmusan bu millətə,
Lazım olan bir məqamda sarılmısan bu millətə.
Bu milləti sevə-sevə vurulmusan bu millətə,
Əsl eşqin, məhəbbətin izahısan Ulu Öndər!

* * *

Tarix yazan, tarix olan şir əsgərin, nər əsgərin!
Düşməninə kabus kimi, dönməz, igid, ər əsgərin!
Gecə-gündüz ayıq-sayıq keşik çəkən hər əsgərin,
Öpüb, sonra tuşladığı silahısan Ulu Öndər!

* * *

Müzəffərdir, "dəmir yumruq" sahibidir əmanətin,
Bütün dünya gördü onun iradəsin, cəsarətin.
Çox uğurla davam edir uzaqgörən siyasətin,
Sən bu xalqın xoş anısan, rifahısan Ulu Öndər!

* * *

Anam deyib, vətənini oxşayan hər vətəndaşın,
Vətən dərdi, vətən yükü daşıyan hər vətəndaşın.
Dünyanın dörd tərəfində yaşayan hər vətəndaşın,
Dünənisən, bu günüsən, sabahısan Ulu Öndər!

Rüfət Axundlu.

AMALI ZƏFƏR OLANIM

Səsi dönən haqq səsinə.
Nursan "ODLAR ÖLKƏSİ"nə.
Yağı düşmən həmləsinə,
Sinəsi sipər olanım.

* * *

Dişə-diş, qana-qan dedin,
Köməkdir YARADAN dedin.
Öpüb bayrağı can dedin,
Canında hünər olanım.

* * *

Dik tutanda sən qəddini,
Bildi düşmən öz həddini.
Qorudun yurd sərhəddini,
Yurduna çəpər olanım.

* * *

İgidlik ruhun, canında,
Namus, qeyrət var qanında.
Zəfər, hünər meydanında,
Biri, on nəfər olanım.

* * *

Ər tək, şir tək yarandın sən!
Öz gücünə inandın sən!
"ÖLMƏZLİYİ" qazandın sən!
Amalı zəfər olanım.

Rüfət Axundlu.

04.08.2020

Tarixi Zəfər

İllər ötür Azərbaycan, şanlı tarix, o möhtəşəm zəfərindən,
Od ürəkli igidlərin qisas deyib yürüdüyü haqlı savaş səfərindən...

* * *

44 günə tarix yazan mərd oğul və mərd qızların yaşar olsun,
Zaman-zaman ürəklərdə bu zəfərin eşqi aşıb-daşar olsun!

* * *

Əli silah tətiyində, şirin candan keçənləri ehtiramla anmadayıq,
Ana Vətən, qanım sənə halal deyib: Şəhadəti seçənləri ehtiramla anmadayıq!

* * *

Azərbaycan, gör nə gözəl məğrur-məğrur dalğalanır bayrağımız!
30 ildə görülməmiş çiçək açır, gül bitirir torpağımız!

* * *

"Dəmir yumruq" ətrafında birləşərək, güc göstərən millətin var,
Bu millətin var olduqca, yaşadıqca sənin hər an qüdrətin var!

* * *

O millət ki, namusunu, qeyrətini qoruyaraq cihad etdi...
Yağı düşmən viran qoymuş torpaqları qarış-qarış azad etdi!

* * *

O millət ki, uğurunda bir ölərsə min doğular, min yaşadar,
Sənə əyri baxanları yox etməyə sinəsində kin yaşadar...

* * *

Sənə nankor çıxanlara havan, suyun haram olsun Azərbaycan!
Gecə-gündüz keşiyində duranlara salam olsun Azərbaycan!

Rüfət Axundlu

05.11.2021

Bütün xəbərlər Facebook səhifəmizdə