“Söz söz olunca” – şair-publisist Tahir Talıblıdan möhtəşəm yenilik YENİ NƏŞR

Tanınmış şair – publisist , əməkdar jurnalist Tahir Talıblının yeni “Söz söz olunca” kitabı işıq üzü görüb. Kitabın redaktoru tanınmış yazıçı Soylu Atalıdır. Kitabın birinci bölümündə şeirlər, ikinci bölümündə isə, illərdir Azərbaycan radiosunda sevə-sevə dinlədiyimiz “Bulaq” verilişinin bir neçə sayının mətnləri yer alıb.

SİA xəbər verir ki, kitabın redaktoru Soylu Atalının bildirdiyinə görə, Tahir Talıblının əsrarəngiz şeirləri eyni zamanda, özünə xas üstünlükləri olan, həmçinin həyat anlamı ilə yüklü şeirlərdir.

Eləcə də bütün dövrlərimizin həvəslə dinlənildiyi “Bulaq” mətnləri xalq ruhunun, milliliyin incilərini, elmi qavramlarını sağlayan, cəlb edən düzəydədir. “Bununla bağlı Tahir müəllimi qutlayıram, uğurlar diləyirəm. Bu kitabın araya gəlməsində bizim də qatqımız olduğu üçün soydaşlarımızla sayğılarımızı paylaşmaqdan sevinc duyuruq”, deyə Soylu Atalı qeyd edib.

Tahir Talıblının bu günə kimi “Sevgi harayı”, “Yazılmamış şerlər”, “Yollara çıxmışam”, “Bizi yurd saxlar” , “Bu tale dediyin”, “Qurdu qəmgin quşu qərib ” şeir kitabları işıq üzü görüb.

Əməkdar jurnalist Tahir Talıblının şah əsərlərindən biri də dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevə həsr etdiyi kitabıdır. Daha dəqiq desək, 1997-ci ildə nəşr edilmiş “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti ” kitabında Əziz Əliyevin böyük təşkilatçı, görkəmli dövlət xadimi olması ilə yanaşı, həm də qayğıkeşliyi və s. mühüm cəhətləri barədə fikirlər yer almaqdadır. Tahir Talıblıya ünvanlanmış məqalələrin də kitabda yer alması kitaba xüsusi çəki verir. Onun “Əziz Əliyev, dövrü, həyatı, şəxsiyyəti” kitabı barəsində məqalə yazmış Əsgər Zamanovun fikirlərinə nəzər saldıqda böyük bir zəhmətin şahidi oluruq: “Müəllif bu kitabı yazmaq üçün Bakının, Mahaçkalanın arxivlərində axtarışlar aparmış, xeyli sənədlərə baxmış, istifadə etmiş, Əziz Əliyevlə təmasda olmuş müxtəlif peşə adamları və qohumları ilə görüşmüş və sanballı bir əsəri ərsəyə gətirmişdir”.

Tahir müəllimin “Vaxt vaxtında gəlir…” kitabı da öz möhtəşəmliyi ilə seçilir. Bu kitab sanki illər əvvəl indiki zamanımızdan bəhs edir və qədəm qoyduğumuz Türk Əsrinin mesajlarını hələ o zamandan verir.

Xatırladaq ki, Tahir Talıblı sayca 9-cu olan “Söz söz olunca ” kitabını oxuculara fevral ayında 75 illik yubileyi ərəfəsində etməyi planlaşdırıb.

Qeyd edək ki, Tahir Talıblı əslən tarixi Qərbi Azərbaycanımızın Cəlaloğlu rayonunun Loru mahalında anadan olub. O, eyni zamanda, ssenari müəllifi, film üzərində işləyən, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə