27 sentyabr: iki il öncə-tarixin bu günü UNUDULMAYAN TARİX

Dünyada bir sevgi var: bütün sevgilərin əzəlidir, tamamilə fərqli, azalmayan, səngiməyən, bitməyən, tükənməyəndir. O, milyonlarla azərbaycanlının ürəyində doğulub, o, ürəklərdə Naxçıvan, Qarabağ, Bakı, Gəncə, Xankəndi, Şuşa, Laçın, Füzuli, Goranboy, Tərtər, Xocalı, Ağdərə, Ağdam və digər yurd yerlərimizə, ata-baba ocaqlarımıza sevgimizlə bütövləşib Vətən sevgisini yaradır. Bəli, bu sevginin adı Vətəndir, ona sevdalılar isə bu yurdların yurddaşlarıdır. Bu sevdalılar Vətənin dar gününün sahibi olurlarsa, Vətən onların şad gününə çevrilir. Azərbaycan adlı Vətənin sevdalıları da onun hər qarış torpağı uğrunda canlarından keçməyə hazır olan oğul və qızlarıdır. Onlar üçün Vətən ürək döyüntüsüdür. O, döyünürsə, həyat vardır... İki il öncə 27 sentyabrda döyünən milyonlarla ürək kimi. Vətən üçün döyünüb, Vətən üçün susan minlərlə ürək kimi...

30 ilin sevdalıları

Biz Vətənin əbədi sevdalılarıyıq. Vətənimizdən qoparılan yurd yerlərimizin isə 30 illik qara sevdalılarıydıq. Biz Sovet imperiyasının 70 illik əsarətinin zəncirlərindən qoparkən yurd yerlərimiz də köksümüzdən qoparılmışlardıq. Azərbaycana gözdağı olsun deyə, o zamankı dövlət rəhbərlərimizin satqın əlləri ilə ermənilərə hədiyyə olunan cənnətməkan bölgələrimizin həsrətliləriydik. 70 il varı, dövləti talanıb, 1988-1990-cı illərin işğalçılıq siyasətinin qarşısına çıxmağa silahı-sursatı olmayanlar, aciz, çarəsiz sovet əsirləri idik. Hələ 1990-cı ildə 70 illik yuxudan oyanıb, itirdiyimiz illərə heyifsilənənlər idik. Oğulları başqa dövlətin fəhlə batalyonlarında əsgəri xidmət keçən, “böyük vətənimizin” müharibəsində 20 mindən artıq itki verən və qələbəni öz neftimizlə onlara qazandıranlar idik. Buna görəmi torpaqsız erməninin qarşısında torpaq həsrəti çəkəcəkdik? Buna görəmi torpağımızın ətrini çadır şəhərciklərində, sığınacaqlarda, köçkün həyatı yaşadığımız hər yerdə axtarıb, o ətirdən yana burnumuzun ucu göynəyənlərə çevriləcəkdik? Buna görəmi yurd həsrəti ilə qovrulub, ona qovuşmamış digər şəhərlərimizin, kəndlərimizin qəbiristanlıqlarında baş daşlarına çevriləcəkdik?..

Azərbaycan 30 il öncəki Azərbaycan deyil

Nə gözləyirdi düşmən? Arxasına sığındıqlarının hesabına torpaqlarımızın əbədi sahibi olmağımı? Nə əcəb yaxşı ataların yaxşı oğullarının da olduğunu heç düşünməmişdilər? Yox, çox gözəl düşünmüşdülər. Lakin bu dəfə yenə də həmişəki kimi arxalarındakına arxalandlar. 30 il əvvəl ümummilli ­liderimizin Naxçıvandan Azərbaycanı idarə etməsinin, müstəqilliyin əldə edilməsindən xeyli sonra məhz onun cəhdi ilə müstəqillik aktının qəbul olunmasını, SSRİ-nin tərkibində qalmaq üçün referendumun Naxçıvanda boykot edilməsini, blokadaya saldıqları Naxçıvanın minlərlə sakininin xilaskarının məhz onun olmasını yoxsa unutmuşdular? Bir-birinin ardınca onlara satılan torpaqların davamına ulu öndər tərəfindən son qoyulmasını necə, xatırlayırdılarmı? Bəs yaxşı ataların yaxşı oğullarının bir gün başlarına od ələməsini necə, düşünmürdülərmi? Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin 1990-cı illərdə yox dərəcəsində olan, ulu öndərimizin təməlini qoyduğu Milli Ordumuzu möhkəmləndirib, gücləndirib, məsələnin dəfələrlə sülh yolu ilə həll edilməsi təklifindən sonra bu ordunu onların fəlakətinə çevirəcəyini necə, düşünmürdülərmi?

Biz öz torpağımızda döyüşürdük

Azərbaycan xalqı tarixən qonşuları ilə münasibətləri sülh şəraitində, tolerant şəkildə qurub. Kim deyə, kim sübut edə bilər ki, Azərbaycan dövləti nə vaxtsa kiminsə bir qarış torpağına göz dikib, kiminsə hansısa bir sərvətində tamahı olub? Bunu heç kim deyə bilməz. Əzəli torpaqları, zəngin sərvətləri olan bu xalq tarixin bütün dönəmlərində gözütoxluluğun, əsilzadəliyin rəmzi olub. Lakin əzəli torpaqlarının, öz halal haqqının da sahibi olub. Qanındakı çoşqu, igidlik, mərdlik cəsarəti, yenilməzliyi olub. 1990-cı ildə dağıdılan, sərvəti iki qərinəlik dövrdə mənimsənilən, özünü müdafiə etmək üçün heç nəyi olmayan, bu səbəbdən torpaqları əlindən zorla alınan, soyqırımlara məruz qalan bir xalq kökündəki mənəvi dəyərlərinə qayıdacaqdı bir gün. Özünü toplayacaq, itirdiklərini axtaracaqdı. Amma yenə də öz torpaqlarında, yad torpaqlara bir addım da atmadan. İki il öncə tarixin bu günü də Azərbaycanın Milli Ordusu öz torpağımızda, öz ərazimizdə döyüşürdü, itirilmiş torpaqlarını işğaldan azad etmək üçün döyüşürdü. Çünki artıq məqam yetişmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?!...”

Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı

Xalqımızın özü qədər də dəyərli deyimləri vardır. Onlardan biri: “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”. Həqiqətən də, Vətəni, torpağı olan insan, torpağın şirinliyini, Vətəninin müqəddəsliyini duyan millət söyləyər bu kəlamı. Bizim xalqda belə bir adət var ki, gəncliyində harada yaşasa da, hansı bölgələri, ölkələri gəzsə də, elə ki, ahıl yaşa gəldi, yurdundan bir addım da kənara getməz. Nə üçün? Çünki dünyasını öz yurdunda, öz Vətənində dəyişib, öz torpağına gömülmək üçün. Bu mənada, həyatı boyu başqasının hesabına “torpaq sahibi” olan “qonşumuz” nə qədər yazıqdır. Torpağı olmayan torpaq sevgisinin nə olduğunu necə bilər axı? Əslində, fərqində olsalar, çox böyük bədbəxtlikdir özgə torpaqda dünyaya gətirib, böyütdükləri övladlarını özgə torpaqda da itirmək.

Zəngin tarixə, milli kökə malik qədim bir xalqın övladı olan ölkə rəhbərimizin Azərbaycançılıq məfkurəsindən, dəyərlərindən irəli gələn sözlərinə diqqət edək: “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.

Hər yerdə dalğalanan bayraqlar...

İki il öncə, müharibənin başlandığı gündən etibarən ölkəmizin hər yerində küçələr boyu dalğalanan bayraqlarımızın fonunda gənclərimizin könüllü şəkildə müraciət edərək cəbhəyə getmək istəkləri, onların təntənəli yola salınması, xalqın öz rəhbəri ətrafında sıx birləşməsi, böyük əhval-ruhiyyə, arxa cəbhədə insanların birlik nümayiş etdirməsi, nəticə etibarilə, bu xalqın əzminə, bir də torpaq sevdalısı olduğuna dəlalət edir. Çünki biz öz əzəli torpaqlarımızı işğaldan azad etmək amalındaydıq. Nənələrimizin ağlamaqdan nurunu itirmiş gözlərini qaytarmaq üçün. Babalarımızın o torpaqlarda sancılı qalmış belə, kürəyə yenidən əl atıb torpağın ətrini ciyərlərinə çəkə-çəkə əkib-becərmələri üçün. O torpaqlarda gözünü dünyaya açıb, lakin vaxtilə üzərində ilk qədəmini ata bilməyən, uğrunda döyüşə yollanan igidlərimizin o yurdları qarış-qarış gəzməsi üçün... Bir də həmin torpaqlardan ötrü canını qurban verən, gözü, ruhu qələbəni gözləyən şəhid övladlarımız üçün...

Biz torpaqlarımıza üçrəngli bayrağımızı sancdıq

2020-ci il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”.

Bəli, 27 sentyabrdan başlanan 44 günlük İkinci Vətən Müharibəsi zamanı neçə-neçə bayraqlar sancdıq doğma yurd yerlərimizin köksünə. Aldıq onları düşmənin qanlı əllərindən, sildik torpağımızın göz yaşlarını. Şəhid qanı axıtdıq, sağlamlığımızı, qolumuzu, ayağımızı, başımızı qoyduq o torpaqlar yolunda, lakin Zəfər bizim oldu. Çünki Qarabağ bizim idi, bizim də olmalı idi.

Vətən mənəm... Vətən sənsən...Vətən bizik!

Vətən, torpaq, yurd sahibi olanlar bilirlər ki, bu sevgi tükənməzdir, insan böyüdükcə onunla böyüyür, onunla yaşlaşır, müdrikləşir. Və bir də bu sevgi paylaşdıqca artır, daha da çoxalır. Mən səninlə, sən onunla paylaşdıqca bu sevgi bizim olur, Vətənin hüdudlarından çıxır, dünyanın hər yerində yaşayan soydaşlarımızın Vətən sevgisinə qarışır. O zaman ürəyin əsir Vətən adı gələndə. Ona tuşlanan daş gözlərinə tuşlanır. Ona uzanan əl ömrünə uzanır. Qoy olsun, daş atılsın gözlərimizə, kor qalaq, amma Vətəndə olaq. Qoy uzansın o əllər ömrümüzə, şəhid olaq, amma Vətən torpağında uyuyaq.

İki il öncə də Azərbaycan xalqı Vətən sevgisi ilə qələbə adlı bir yolçuluğa çıxdı. “Yolun açıq, məramın mübarəkdir, Vətənim!”, dedik o günlər. “Sənin hər qarış torpağından ötrü can vermək şərəflidir” söylədik. Bu yol çox uzun, maneəli və keşməkeşli idi. Lakin sonunda qələbə adlı bir zirvə və o zirvədə Azərbaycan bayrağı o qədər aydın görünürdü ki... Gördük bayrağımızı o zirvədə. 27 sentyabr 2020-ci ildən başlanan və 44 gün davam edən şərəf, namus, hünər yolu bizi Zəfərə doğru apardı. Hər gün yeni bir qələbə ilə o günə yaxınlaşdıq. 30 ilin dərd-sərini çiyinlərimizdən atdıq, məcburi köçkünlərimizin, Birinci Vətən Müharibəsinin minlərlə şəhidinin, yurd həsrətindən dünyasını dəyişənlərin hər birinin qisasını aldıq. Düşmən birliyimizin, həmrəyliyimizin və gücümüzün şahidi oldu. Geri çəkildi və 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atdı. Lakin düşmən düşmənliyində qalır. Bəzən onların yeni təxribatları ilə qarşılaşırıq. Lakin düşmənin unutmayacağı məqamlar var. Prezident İlham Əliyev bir il öncə - İkinci Vətən Müharibəsində əldə olunan Zəfərin birinci ildönümü günü xalqa müraciətində bir daha işğalçı Ermənistana xəbərdarlıq edərək bildirib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə