Daxili İşlər Nazirliyinin Hərbi İnstitutunda kursantların andiçmə mərasimi keçirilib
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda kursantların hərbi andiçmə mərasimi olub. Nazirliyin mətbaut xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni ifa edilib.
Daxili qoşunların komandanının müavini general-mayor İnqilab Muradov yeni tədris ilinin başlanması münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb.
Qeyd olunub ki, Daxili Qoşunların döyüş yolu, tarixi əməliyyatlarda iştirakı, şəxsi heyətin xüsusi qəhrəmanlıqları və Vətənin müdafiəsində verdikləri töhfələr dövlətimizin tarixində şərəfli səhifələrdən biridir.
Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov çıxış edərək müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin bundan sonra da yüksək səviyyədə yerinə yetiriləcəyini vurğulayıb.
Sonra kursantlar Vətənə sədaqət andı içiblər.
Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə